BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən tədbirlərdə ayrıca heyətlə fəal iştirak edən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik mediaya açıqlamasında Azərbaycanın COP29 iqlim sammitini yüksək səviyyədə təşkil etdiyini vurğulayıb:
– Azərbaycan dünyanın iqlim və ekoloji dəyişikliklərlə mübarizə sahəsində ən nüfuzlu tədbiri sayılan Tərəflər Konfransı COP29-a ev sahibliyi edərək və təşkilatçılığı uğurla həyata keçirərək, böyük nailiyyətə imza atdı. Konfrans günlərində Azərbaycan yüksək təşkilatçılıq bacarığını, insan kapitalını və müasir texnoloji potensialını bir daha nümayiş etdirdi. Qeyd etmək istərdim ki, COP29-da 4 min 500-dən çox gəncin könüllü kimi iştirak etməsi də beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verdi.
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzlu mövqeyi onu son illərdə yüksəksəviyyəli konfranslar və beynəlxalq tədbirlər üçün əsas məkanlardan birinə çevirib.
Bakının bu mötəbər tədbirə uğurla ev sahibliyi etməsi İslam ölkələrinin bilik və təcrübəsinin daha da zənginləşməsinə öz töhfəsini verəcək. Bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya COP29 konfransının uğurla keçməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Bakı dünyanın daha təhlükəsiz, təşkilatlanmış və inkişaf etmiş paytaxtlarından biri kimi iqlim fəaliyyəti sahəsində aparıcı beynəlxalq iştirakçıları bir araya gətirən belə qlobal tədbirə evsahibliyi etməyə layiq olduğunu bir daha sübut etdi.
ICESCO-nun Baş direktoru rəhbərlik etdiyi heyətin COP29-da fəal və yüksək səviyyədə iştirakından söz açaraq bildirib:
– Mavi Zonada bizim xüsusi pavilyonumuz qurulmuşdu. Bilirsiniz ki, Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfləri, eləcə də dövlətlərin rəsmi nümayəndə heyətləri, təsdiq olunmuş nəzarətçi statusunda olan nümayəndə heyətləri üçün nəzərdə tutulmuşdu. ICESCO da bu statusu 2023-cü ilin dekabrında alıb. Pavilyonumuzda 50-yə yaxın tədbir keçirildi, iqlim dəyişikliklərinin torpağa, mədəniyyətə və başqa sahələrə təsirləri müzakirə olundu. Bu tədbirlərdə ətraf mühitin qorunması və iqlim dəyişiklikləri üzrə ekspertlər yüksək səviyyədə iştirak etdilər.
ICESCO konfrans çərçivəsində bir sıra təşəbbüs və mühüm strategiya irəli sürdü. Bunlardan biri “Yaşıl innovatorlar ictimai birliyi” təşəbbüsüdür. Əsas hədəf iqlim davamlılığı sahəsində ən yaxşı təcrübələrin qeydə alınması və stimullaşdırılması üçün iqlim fəaliyyətlərinin sürətləndirilməsidir.
Su resurslarının davamlılığı sahəsində əməkdaşlıq üzrə ICESCO-nun yeni platformasının təsis edilməsi, müasir təcrübələrin kənd təsərrüfatına inteqrasiyası və davamlı inkişaf üzrə təşkilatın strategiyasının elan edilməsi, İslam dünyasında təhsilin yaşıllaşdırılması üçün ICESCO Çərçivəsinin fəaliyyətə başlaması, eləcə də təşkilatın pavilyonunda Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunması tədbirləri çərçivəsində hazırlanmış “Şuşa: Azərbaycanın incisi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasiminin keçirilməsi mühüm hadisələrdən oldu.
Konfrans çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə də nail oldum. Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
XQ