BMT-nin iqlim dəyişikliyi ilə bağlı ən mötəbər beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi başda ermənipərəst kollektiv Qərb olmaqla, bədxahların ölkəmizə qarşı informasiya kampaniyası davam etməkdədir. Xaricdəki erməni lobbisinin, diasporunun müxtəlif ölkələrə və beynəlxalq təşkilatlara müraciət etdikləri, COP29-da iştirakdan çəkindirmək məzmununda məktub göndərdikləri barədə yazmışdıq.
Artıq fiaskoya uğramış qarayaxma kampaniyasının önündə gedənlərin sırasında “Politico” nəşri də vardı. Həqiqətə və obyektiv media prinsiplərinə çəpəki baxan bu qəzet BMT-nin iqlim sammiti ərəfəsində yazırdı ki, Bakı dünyanın hər tərəfindən gələcək on minlərlə qonağı qəbul etmək iqtidarında deyil. Guya, Bakıda o miqdarda qonağı yerləşdirmək üçün kifayət qədər hotel və mehmanxana yoxdur. Yalan və böhtandan yoğrulmuş həmin məqalənin müəllifinin dezinformasiyanı Azərbaycan paytaxtında olmadan uydurduğu gün kimi aydın idi.
Nəşrin başqa bir ağ yalanı isə bu idi ki, Bakıda belə genişmiqyaslı beynəlxalq tədbirin – çoxsaylı konfrans və seminarların keçirilməsi üçün zəruri məkan azdır. Belə məqamlarda müdriklərimiz haqlı olaraq yalançının ünvanına yeddimərtəbəli “epitetlər” yağdırırlar. Bakıda son illərdə inşa edilmiş müasir biznes mərkəzlərində, konfrans zallarında, dünya standartlarına cavab verən beynəlxalq forum və seminarlar keçirilib.
“Politico”nun Azərbaycanın ünvanına yağdırdığı uydurma ittihamlardan biri də COP29-a bir neçə gün qalmış Donald Trampın prezident seçiləcəyi təqdirdə Vaşinqtonun Bakıya rəsmi nümayəndə heyətini göndərməyəcəyi barədə xəstə təxəyyülün məhsulu olan versiyası idi. Bunun səbəbi kimi Trampın iqlim dəyişikliyi mövzusuna laqeyd yanaşması göstərilirdi.
Artıq COP-un Bakının ev sahibliyi etdiyi 29-cu Sammiti uğurla başa çatır. “Politico”nun xəbərdarlıqlarına, ismarıclarına baxmayaraq, beynəlxalq tədbirə gözləniləndən daha çox – 76 min qonaq gəldi. Onlar rahat otellərdə yerləşdirildi, yaradılmış şəraitdən isə hamısı məmnun qaldı. Bunu təkcə yerli media deyil, dünyanın nüfuzlu telekanalları, xəbər agentlikləri də vurğuladılar.
* * *
“Jurnalistikanın və medianın Avropa standartlarının belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir. Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssas yanaşır və narahatdır. Bu, başadüşüləndir! Bəs, Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?”. Bu iqtibas ermənipərəst Qərbin Azərbaycana qarşı dezinformasiya şəbəkəsində “qabaqcıl mövqeyi”ni əldən buraxmaq istəməyən həmin “Politico”nun qərəzli məqaləsinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhindəndir. Bu barədə “X” sosial səhifəsində paylaşım edən Prezidentin köməkçisi qəzetin məqaləsində faktların yoxlanışının olmaması, onun spekulyasiya və şayiələrlə dolu olduğunu vurğulayır.
Bircə bu fakt yazını tamamilə təkzib edir: “2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi isə hamıya məlumdur”.
Şərhdə daha sonra deyilir ki, Azərbaycan bundan sonra da mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. H.Hacıyev haqlı olaraq “Politico”nun Azərbaycandan üzr istəməsi və bu saxta məqaləni geri çəkməsi tələbini irəli sürüb.
Bəli, uydurduqları yalanlar, feyk-xəbərlərlə erməni dəyirmanına su tökən “Politico”ya layiq olduğu yeri göstərməyin məqamı yetişib.
İ.HƏSƏNQALA
XQ