Ermənistanın COP29-a gəlməməsinin səbəbi törətdiyi ekoloji cinayətlərdir
Hayastan 30 il ərzində işğal altında saxladığı torpaqlarımıza nəinki divan tutub, eyni zamanda, mənbəyini öz ərazisindən götürən və Azərbaycana gələn çayları da daim çirkləndirib. Məlumdur ki, ölkəmizin yerüstü su ehtiyatlarının, təxminən, 70 faizi qonşu ölkələrdə formalaşan transsərhəd su axınları hesabınadır. Bu təbii su mənbələrinin Ermənistan tərəfindən çirkləndirildiyi danılmaz faktdır. Azərbaycanın şirin su ehtiyatları əsasən Kür və Araz çaylarının hesabına ödənilir. Bu çaylar mənbəyini Türkiyədən götürür, sonra Gürcüstan və Ermənistan ərazilərindən keçərək Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür. Qonşu ölkələrin ərazilərində çay suları sənaye və məişət tullantıları ilə çirklənir. On illərlə davam edən bu proses nəticəsində Kür və Araz çaylarının sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən, Meğri, Qaçaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Arazın qolu olan Oxçuçaya axıdılır. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olub.
Konkret olaraq, transsərhəd çay sayılan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Bakı bununla bağlı dəfələrlə “həyəcan təbili” çalıb. Amma Ermənistan hələ də Transsərhəd su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb. 1992-ci ildə qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı suların ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.
* * *
Oxucuların diqqətinə çatdıraq ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29-dakı çıxışında Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə fəaliyyəti barədə danışmışdı. Səfirin bu təşəbbüsü barədə məlumatın yayılmasından dərhal sonra, “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi bu sahədə rəsmi səviyyədə təmasları bəyənmədiyini açıqlayıb və Azərbaycanla əməkdaşlıq ehtimalını təkzib edib. Hayların baş diplomatiya idarəsi açıqlamasında sərhədyanı su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlığın olmadığını bildirib. Məlumatda o da vurğulanır ki, Ermənistan beynəlxalq hüquqa, o cümlədən, ekoloji konvensiyalara uyğun olaraq öz öhdəliklərini “vicdanla və konstruktiv şəkildə yerinə yetirən” tərəfdaşlarla su ehtiyatlarının idarə edilməsində fəal əməkdaşlıq edir: “Bu ölkələr arasında Gürcüstan, İran və Türkiyə də var idi”. Dördüncü qonşusunun– Azərbaycanın adını çəkməyən İrəvanın nədən ehtiyat etdiyinin səbəbi məlumdur. Ermənistan bu gün də çaylarımızı çirkləndirməkdə davam edir.
İntəhası, “su ehtiyatlarının idarə edilməsi məsələlərinə konstruktiv yanaşmaya sadiq qalacağına” əmin edən Ermənistan XİN-in yaydığı məlumatın sonuncu cümləsi bu sahədə qarşılıqlı təmasların mövcudluğunun etirafına işarədir: “Bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub”. Maraqlıdır ki, səfir Mark Libbinin bir müddət bundan əvvəl Ermənistan və Azərbaycan mütəxəssislərinin transsərhəd çayların ehtiyatlarının idarə olunmasının kompleks sxeminin yaradılması üzərində birgə fəaliyyət göstərdiyi barədə danışmışdı.
* * *
“Ermənistan uzun illər ərzində bizim çaylarımızı, su mənbələrimizi öz ərazisində çirkləndirməklə yanaşı, həm də onlardan özünün şübhəli məqsədləri üçün istifadə edib”. Bu barədə bizimlə fikirlərini bölüşən Qərbi Kaspi Unuversitetinin professoru, politoloq Fikrət Sadıxova görə, keçən ilin yazında azərbaycanlı ekofəalların Laçın yolunda keçirdikləri etiraz aksiyası ermənilərin məhz Qarabağda ərtaf mühitə vurduqları zərər, törətdikləri ekosidlə bağlı idi: “İndi Bakı həbsxanasında məhkəmənin hökmünü gözləyən zəngin erməni Ruben Vardanyanın, eləcə də digərlərinin Qarabağdakı fəaliyyəti birbaşa ərtaf mühitə, yerin təkinə, axar sulara qarşı yönəlmişdi. Bəli, onlar bizim torpağımızda təxribatçı fəaliyyətlə məşğul idilər. Xankəndidəki separatçı rejimin, o cümlədən, Ermənistan hakimiyyətinin su mənbələrimizin, təbii su tutarlarımızın çirkləndirilməsində “xidmətləri” böyükdür. Rəsmi Bakı bu problemi beynəlxalq təşkilatların tribunalarından səsləndirib. Onlar da reallığı, məsələnin mahiyyətini yaxşı anlayırlar. Əgər indi İrəvan hansısa əməkdaşlıqdan yayınmaq istəyirsə, bu, onun öz işidir. Heç Azərbaycanın da Ermənistanla bu istiqamətdə birgə fəaliyyət göstərmək niyyəti yoxdur. Bunu ermənilər kimi ABŞ-nin Azərbaycandakı səfiri də bilməlidir ki, tərəflər arasında ortaq məxrəc axtarışlarının, təşəbbüslərin və yumşaq mövqe sərgiləməyin heç bir mənası yoxdur. Belə bir mövqe ilə sülh müqaviləsini imzalamağa tələsməyən Ermənistanla Azərbaycanın birgə fəaliyyət perspektivini yaratmaq qeyri-mümkündür”.
Ermənistan bir müddət öncə Azərbaycanın Naxçıvanla həmsərhəd ərazisində– Arazdəyən kəndində ağır metallurgiya zavodu inşa etmək istəyirdi. Bu isə 1991-ci ildə qəbul olunmuş “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın kobud şəkildə pozulması demək idi. Konvensiyanın tələblərinə uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalı, tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən bölgəyə yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməli idi. Ancaq qarşı tərəf belə bir razılığa ehtiyac duymamışdı. Rəsmi Bakının bu məsələyə çox şərt şəkildə etirazından sonra inşaat işləri dayandırıldı.
Mövzu ilə bağlı “XQ”yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu bildirib ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi çıxışında, əslində, məhz qarşılqılı təmasları nəzərdə tutub: “O deməyib ki, su ehtiyatlarının birgə idarə olunması mövzusunda iki ölkənin rəsmiləri danışıqlar aparırlar. Səfir nəzərə çatdırıb ki, rəsmi Vaşinqton bu təmasları dəstəkləyir. Məsələnin maraqlı tərəfi odur ki, Ermənistan XİN tərəfdaşı olduğu ölkənin səfirinin açıqlamasını dərhal təkzib etməyə tələsib. Bu, onunla izah oluna bilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddət ərzində bütün bölgənin ekologiyasına böyük zərər vurub. Elə indinin özündə də Ermənistan Araz çayını çirkləndirir və rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatlar qarşısında dəfələrlə qaldırıb. Ermənistanda bir çox müəssisələr və mədənlər çirkli sularını və tullantılarını Araz çayına axıdırlar. Məhz ona görə bu problem də iki ölkə arasında müzakirə predmeti olmalıdır. Rəsmi İrəvan yaxşı bilir ki, ətraf mühitin çirklənməsində onun məsuliyyət payı var. Bu səbəbdən rəsmi danışıqlardan yayınmağa çalışır”.
2024-cü ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev bu problem barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel müzakirədəki çıxışında bildirib: “Bizim üçün real təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir”.
Ayaqları ilə torpağımızı murdarlayan, nəfəsləri ilə havamızı zəhərləyən, çirkabları ilə suyumuzu korlayan hayların bu cinayətlərə görə də cavab verəcəkləri gün uzaqda deyil.
İmran BƏDİRXANLI
XQ