Cəmiyyət ümumi evi – Təbiəti qorumalıdır

post-img

Bu, zamanın əmridir, insanın isə əzmi olmalıdır

İtaliyanın Baş naziri Ciorcia Meloni COP29-un Liderlər Sammitində maraqlı açıqlamalar verdi.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) böyük nümayəndə heyəti ilə iştirak edən ölkələrdən biri də İtaliyadır.

Sessiyaya İtaliya Nazirlər Şurasının sədri (Baş nazir) Ciorcia Meloninin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Qeyd edək ki, Avropanın cənubunda yerləşən bu ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşı, həmçinin strateji tərəfdaşıdır. İki ölkə arasında fəal siyasi dialoq mövcuddur. Siyasi-iqtisadi əlaqələri tənzimləyən və onu daha üstün səviyyəyə qaldıran müqavilə-hüquq bazası tez-tez həyata keçirilən yüksək səviyyəli səfərlər zamanı imzalanmış sənədlərlə daha da zənginləşir.

İtaliyaya Azərbaycandan sonuncu yüksək səviyyəli səfər 2024-cü il sentyabrın 4-6-da həyata keçirilib. Həmin günlərdə Prezident İlham Əliyev Apennin yarımadası dövlətində işgüzar səfərdə olub. Dövlətimizin başçısı səfər zamanı “Eni S.P.A”, həmçinin “Ansaldo Energia” şirkətlərinin baş icraçı direktorları ilə görüşüb, Romada İtaliya Prezidenti ilə birgə işçi naharı edib, Baş nazir Ciorcia Meloni ilə müzakirələr aparıb. Bundan sonra Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Prezident daha sonra Milan şəhərinə gedib, Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Həmin forumda cənab İlham Əliyevin səsləndirdiyi fikirlər İtaliya–Azərbaycan münasibətlərinin hansı səviyyədə olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Prezident bildirib ki, həm italiyalı həmkarı, həm də Baş nazir C.Meloni ilə görüşlər və müzakirələr zamanı biz bir daha ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq etdik: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya üçüncü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir. Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da əməkdaşlığımızın vacib hissəsidir”.

İtaliya–Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayan dövlətimizin başçısı İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu çərçivədə, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Qeyd etmək lazımdır ki, İtaliya–Azərbaycan əlaqələri enerji və ticarətlə məhdudlaşmır. İki ölkə humanitar məsələlər sahəsində də fəal işləyir. Bakıda İtaliya–Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin parlaq nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.

İtaliya Baş nazirinin COP29-da iştirakı və noyabrın 13-də Liderlər Sammitindəki çıxışı ilə bağlı yazımızı ikitərəfli münasibətlərimizin əhəmiyyətinin vurğulanması ilə başlamağımız təsadüfi deyil. Bu, onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən 3200 kilometr uzaqda yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.

Baş nazirin Liderlər Sammitindəki çıxışı isə İtaliya Respublikasının beynəlxalq birliyin məsuliyyətli üzvü olduğunun əyani göstəricisidir. Avropa İttifaqının və NATO-nun yarandığı gündən üzvü, iqtisadiyyatının böyüklüyünə görə, avrozonanın üçüncü dövləti, “Böyük yeddilik” (G-7) qrupuna daxil olan İtaliya iqlim dəyişikliyi ilə mübarizə məsələsinə də öz töhfəsini verir. İtaliya bəşəriyyəti təhdid edən bu ən mühüm bəla ilə mübarizədə, necə deyərlər, öz yaxasını kənara çəkən bəzi böyük dövlətlərdən fərqli davranış nümayiş etdirir.

Çıxışı zamanı Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirən və konfransın təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edən İtaliyanın Baş naziri deyib ki, sammit qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində məhdudlaşdırmaq səylərinə daha da təkan verməyə çağırışdır.

Onun sözlərinə görə, ötən il Dubayda keçirilən COP28 zamanı qarşıya 2030-cu ilə qədər dünyanın bərpaolunan enerji istehsal etmək qabiliyyətini üç dəfə, enerji səmərəliliyinin artırılması üzrə qlobal sürəti isə iki dəfə artırmaq kimi iddialı məqsədlər qoyulub: “Bu məqsədlərə çatmaq üçün istixana qazları emissiyalarının azaldılmasından başlayaraq hər kəsin əməkdaşlığı və adekvat maliyyə dəstəyini tələb olunur. COP29 zamanı biz yeni iqlim maliyyəsi hədəfini qəbul etməyə çalışacağıq. Kompromis əldə etmək üçün məsuliyyətlərin bölüşdürülməsi, inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr və iqtisadiyyatlar arasında fikir ayrılıqlarının aradan qaldırılması tələb olunur”.

Baş nazir ölkəsinin öz üzərinə düşəni davam etmək niyyətində olduğunu diqqətə çatdırıb: “İtaliya Afrika İqlim Fonduna 4 milyard avrodan çox vəsait ayırır. Biz Yaşıl İqlim Fondu və iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssaslıqla yanaşan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondu kimi təşəbbüsləri dəstəkləməyə, eyni zamanda, çoxtərəfli inkişaf banklarının cəlb olunmasını təşviq etməyə çalışacağıq. Lakin dekarbonizasiyanın istehsal və sosial sistemlərimizin davamlılığını nəzərə alması eyni dərəcədə prioritetdir. Təbiəti insanla qorumalıyıq. Bu məsələdə çox ideoloji və praqmatik olmayan yanaşma bizi uğura aparan yoldan çıxarmaq riski daşıyır. Texnoloji neytrallıq düzgün yanaşmadır, çünki hazırda qalıq yanacaq təchizatına vahid alternativ yoxdur. Realist qlobal dünyagörüşünə malik olmalıyıq. 2030-cu ilədək dünya əhalisi 8,5 milyarda çatacaq və növbəti onillikdə qlobal ÜDM iki dəfə artacaq. Bu, süni intellektin inkişafına artan tələbatı nəzərə alaraq enerji istehlakını artıracaq”.

C.Meloni bildirib ki, keçid prosesini gücləndirmək üçün balanslaşdırılmış enerji qarışığına ehtiyac var: “Bütün mövcud texnologiyalardan istifadə etməliyik. Təkcə bərpaolunan mənbələr deyil, həm də qaz, bioyanacaq, hidrogen, CO2-nin tutulması və gələcəkdə təmiz, təhlükəsiz və hüdudsuz enerji istehsal edə bilən nüvə sintezi. İtaliya nüvə birləşməsində ön sıralardadır. G7-yə sədrliyimiz çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşkilatçılığı ilə Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasını təşkil etdik”.

Baş nazir sammit iştirakçılarını Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlıq imkanlarını artırmaq üçün yeni enerji diplomatiyası üzərində çalışmağa səsləyib. Deyib ki, bizim talelərimiz bir-birinə bağlıdır və enerji əlaqələrindən böyük imkanlar əldə edə bilərik. Bu səbəbdən iqlim–enerji əlaqəsi Afrika üçün bizim “Mattei Planı”mızın, İtaliyanın həyata keçirdiyi həmyaşıdlararası əməkdaşlıq strategiyasının sütunlarından biridir: “Hər bir COP kimi, COP29-un da uğurlu və ya uğursuz olacağını müəyyən etmək bizdən asılıdır. Bilirik ki, göstərdiyimiz səylərin nəticələrindən şəxsən faydalanmaya bilərik. Amma vacib olan bu deyil. Mən anayam və bir ana olaraq heç nə mənə qızıma və onun nəslinə daha yaxşı yerdə yaşamağa imkan verəcək siyasətlərlə çalışmaqdan daha çox məmnunluq vermir”.

Xanım Meloninin çıxışı ilə bir daha sübut edildi ki, İtaliya beynəlxalq birliyin məsuliyyətli üzvüdür. Eyni zamanda, Romanın iqlim dəyişmələri ilə mübarizə sahəsində aydın gündəliyə malik olduğu öz təsdiqini tapdı. Bu gün İtaliya hökumətinin başçısı açıq şəkildə bəyan edir ki, kompromis əldə etmək üçün məsuliyyətlərin bölüşdürülməsi, inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr və iqtisadiyyatlar arasında fikir ayrılıqlarının aradan qaldırılması tələb olunur.

Bundan əlavə, İtaliyanın Afrika İqlim Fonduna böyük məbləğdə vəsait ayırması da təqdirəlayiq addım kimi qiymətləndirilməlidir. Romanın bu addımı digər inkişaf etmiş, ekologiyanın və ətraf mühitin çirklənməsində “fəallıq göstərən” ölkələrə çağırış olmalıdır. Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, böyük dövlətləri təmsil edən liderlər hələlik oxşar məzmunda açıqlama verməyiblər.

Baş nazirin çıxışı həm də realist olması ilə diqqəti cəlb edir. Xanım Meloni bildirir ki, növbəti onillikdə qlobal ÜDM iki dəfə artacaq. Bu isə süni intellektin inkişafına artan tələbatı nəzərə alaraq enerji istehlakını çoxaldacaq. Bu, bizi neft ölkəsi adlandıraraq, əsasız tənqid edənlərə də bir cavab sayıla bilər. Beləliklə, dünyanın inkişaf etmiş və ətraf mühit məsələlərinə xüsusi həssaslıqla yanaşan ölkəsinin baş naziri də qalıq yanacaq təchizatı üçün vahid alternativ olmadığını etiraf edir.

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasının aparılmasına baxmayaraq, COP29-un uğurla davam etdiyini xüsusi vurğulamaq lazımdır. Onun sözlərinə görə, Liderlər Sammitində İtaliya Baş naziri çox mühüm fikirlər səsləndirdi: “Ümumiyyətlə, xanım Meloninin Bakıya təşrif buyurması mühüm hadisədir. Çünki İtaliya Azərbaycana dost, strateji tərəfdaş ölkələrdən biridir. İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

İtaliyanın Afrika İqlim Fonduna 4 milyard avrodan çox vəsait ayırması rəsmi Romanın iqlim dəyişmələri ilə mübarizə məsələsinə böyük önəm verdiyinin göstəricisidir. Eyni zamanda, C.Meloninin Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən məmnun olduğunu bildirməsi Azərbaycan və İtaliya arasında inam və etibarın daha da möhkəmlənməsi üçün çox yaxşı addımdır: “Mühüm məsələlərdən biri də bundan ibarətdir ki, ayrı-ayrı güc mərkəzləri, böyük dövlətlər ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və məsuliyyətin bölüşdürülməsi barədə çıxış etsələr də, biz praktikada ətraf mühitə ən çox onların ziyan vurduqlarını görürük. Paris iqlim sazişi ilə bağlı ümumi öhdəliklər və məsuliyyət formalaşanda biz ayrı-ayrı şəxslərin, xüsusilə Fransa liderinin bunu böyük nəticə kimi qəbul etdiklərini görürdük. Amma Fransa tərəfi COP29-da iştirakdan imtina etməklə əsl simalarını ortaya qoydular”.

Səxavət HƏMİD
XQ



Siyasət