Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının fəxri üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli fəxri üzvlük sertifikatını COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Prezident Umaru Sisoku Embaloya təqdim edib.
COP29-un iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə mühüm addımlardan olduğunu vurğulayan baş redaktor qeyd edib ki, konfransın Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerjidən istifadə, enerji səmərəliliyi, iqlim dəyişmələrinə qarşı mübarizədə ciddi geosiyasi aktora çevrilməsindən xəbər verir.
Bildirilib ki, “Azərbaycanım” beynəlxalq jurnalı 20 ilə yaxındır maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün böyük səylər göstərir. “Azərbaycanım” jurnalı diaspor təşkilatları, yerli və beynəlxalq qurumlar, Azərbaycanın dostları olan nüfuzlu şəxslər, ictimai-siyasi xadimlər ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində çoxşaxəli, səmərəli işlər görüb. Bunun nəticəsidir ki, “Azərbaycanım” jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də müxtəlif ölkələrdə geniş oxucu auditoriyası qazanıb.
Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo “Azərbaycanım” beynəlxalq jurnalında dərc olunan materialları maraqla izlədiyini bildirib, fəxri üzv seçilməsinə görə jurnalın redaksiya şurasının üzvlərinə təşəkkür edib.
Ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdüyünü xatırladan Umaru Sisoku Embalo COP29-un uğurla keçirilməsinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkür etdiyini vurğulayıb.
Görüşdə Qvineya-Bisaunun aparıcı media qurumları ilə “Azərbaycanım” jurnalı arasında informasiya mübadiləsi sahəsində əlaqələrin genişləndirilməsinin və bu əməkdaşlığın ölkələrimizin tanıdılmasında önəmi barədə fikir mübadiləsi aparılıb.