II Qaregin üçün ən yaxşı dua

post-img

Yaxud ermənilərin baş katolikosunun COP29-a hesablanmış oyunbazlığı

Deyəsən, bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın baş naziri Nikol Paşinyanla barışmaq üçün yaxşı fürsət tapıb. Ancaq erməni kahinin canfəşanlığında barışın deyil, başqa məqamın mövcudluğu ehtimalını da nəzərə almalıyıq. Fürsətin nədən ibarət olduğunu vurğulayacaq, sonda isə II Qareginin əsas məqsədi ilə bağlı düşüncələrimizi bölüşəcəyik.

Hələlik isə onu deyək ki, rəsmi İrəvanla kilsə arasında ziddiyyətlər özünü Nikol hakimiyyətə gələn ilk gündən göstərməyə başlayıb. “İslahatçı demokrat” Paşinyan çox çalışıb ki, kilsəyə əl gəzdirsin. Lakin bunu bacarmayıb. Əksinə, dini idarə ölkə müxalifəti ilə müştərək şəkildə iqtidar əleyhinə tənqidi çıxışlar səsləndirib, açıq təsir bağışlamasa da, subliminal şəkildə Nikolu və tərəfdarlarını satqınlıqda və xainlikdə qınayıb. Nəticədə Ermənistanda dövlətlə ali ruhanilik arasında uçurum yaranıb. Yəni, haqqında söz açdığımız əvvəlki ziddiyyət uçuruma çevrilib. Bu ilin yayında Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın siyasi “oyununun”, onun paytaxta doğru təşkil etdiyi yürüşün nəticəsində isə uçurumun bir qədər də dərinləşdiyini deyə bilərik.

Heç şübhəsiz, Qalstanyanın başlatdığı avantüra uğur qazansaydı, ön plana II Qaregin çıxacaqdı. Lakin Qaregin hiyləgərlik edib, necə deyərlər, özünü yandırmadı, kölgədə qalmaqla, bir növ, reputasiyasını qorudu. Reputasiyadan söz düşmüşkən, bildirək ki, Paşinyanın tərəfdarı olan ictimai fəallar, jurnalistlər və blogerlər II Qaregini gözdən salmaq üçün kampaniya aparmış və iddia etmişdilər ki, katolikos uşaqbazdır, kilsədə azyaşlılara qarşı cinsi pozğunluqla məşğuldur və sair.

Nəzərə alaq ki, bir müddət əvvəl bu sayaq iyrənc məsələlərin Ermənistanın siyasi-ictimai gündəmini, tamamilə, zəbt etməyə doğru getdiyi diqqətdən yayınmırdı. Lakin Paşinyançılar biabırçı mövzunu dərinləşdirmədilər. Həm də ona görə ki, II Qaregin başda olmaqla, erməni kilsəsinin, eyni zamanda, ona siyasi sərmayə yatırmış ölkə müxalifətinin “Qalstanyan kartı” effekt vermədi, uğursuzluqla üzləşdi.

***

Bəli, Paşinyanla barışmaq istəyən II Qaregin Ermənistan hakimiyyətinin Azərbaycanda saxlanılan hərbi cinayətkarların azadlığa buraxılmaları ilə bağlı başlatdığı kampaniyaya dəstək vermək qərarına gəlib və bu məqsədlə noyabrın 10-da dua edəcəyini açıqlayıb. Kahin, həmçinin, hamını duaya dəvət çağırışının əksini tapdığı mətni də yayıb.

Bu barədə əvvəlcə onu bildirək ki, rəsmi İrəvanın Bakıda keçiriləcək COP29-a hesablanmış kampaniyasında konkret məqsəd var. Əlbəttə, Nikola və komandasına Ermənistanda hərbi əsir kimi qiymətləndirilən şəxslərin, habelə Qarabağdakı keçmiş separatçı rejimin siyasi məhbus olaraq qələmə verilən rəhbərlərinin azadlığa çıxmaları qətiyyən sərfəli deyil.

Digər tərəfdən, Paşinyan iqtidarının təmsilçiləri Azərbaycanla təzyiq dilində danışmağın faydasızlığını yaxşı anlayırlar. Yəni, gözəl dərk edirlər ki, start verdikləri kampaniya, ümumən, kampaniyabazlıq dildə ifadə edilən məqsədə, yəni kimlərinsə həbsdən azad olunmasına gətirib çıxarmayacaq, əksinə, rəsmi Bakı mövqeyində daha qəti dayanacaq. Ancaq onlar şakərlərindən qalmırlar.

Axı gerçək məqsəd, tamamilə, başqadır. Nəinki Ermənistan hakimiyyəti, eləcə də onun xaricdəki havadarları Azərbaycanı dünyaya mənfi yöndə təqdim etməkdən başqa heç nə düşünmürlər. Bakı həbsxanalarındakı müharibə canilərinin və digər cinayətkarların azadlığı ilə bağlı oyun da yalnız bu “məramdan” qaynaqlanır.

II Qaregin dünya xalqlarını da Azərbaycandakı “erməni əsirlərin” azad edilməsinə dəstək verməyə çağırıb: “Əminik ki, Ümumdünya Kilsələr Şurasının təşəbbüsü xristian icmalarını, diplomatik nümayəndəlikləri, medianı və müvafiq beynəlxalq təşkilatları birləşdirəcək. Ümid edirik ki, bu mənəvi səylər diqqəti davam edən humanitar böhrana cəlb edəcək, onun həqiqətə və ədalətə əsaslanan sülh yolu ilə həllinə kömək göstərəcək”.

***

Bu yerdə erməni kilsəsini sülh və ədalət anlayışı barədə bir neçə cəhəti diqqətə çatdırmağı zəruri sayırıq. Məlum olduğu kimi, tarixin bütün dövrlərində erməni kilsəsi avantürizmin və terrorun ilhamverici qüvvəsi rolunda çıxış edib. Qurum ən qatı cinayətlərin hazırlanmasında və reallaşdırılmasında ideoloji mərkəz rolunu oynayıb. Erməni kilsəsinin hesabında minlərlə günahsız, dinc Azərbaycan və Anadolu türkünün axıdılmış qanı, görünməmiş vandallıqlar, qərətlər və soyğunçuluq əməlləri var. Heç şübhəsiz, II Qaregin Paşinyan iqtidarının tərəfdarlarının onunla bağlı dilə gətirdikləri iyrəncilikləri həyata keçirən biri olmaqla yanaşı, həm də tarixi sələflərinin başlatdıqları çirkin, anti-bəşəri yolun ardıcılıdır. Özünü din xadimi adlandıran bu şəxsin müharibə çağırışları səsləndirməsi, xalqlar arasında nifaq toxumları səpməsi hər kəsin yaxşı xatirindədir. Ona görə də hazırda erməni kilsəsinin humanizm zəngulələrinə baş vurması, yumşaq desək, ikrah doğurur. Yaxşı olar ki, II Qaregin gedib Tanrıdan öz günahlarının bağışlanması üçün dua etsin. Belə mənfi imicə malik, din adına rüsvayçılıq olan şəxsin başqası üçün moizə oxumasına heç bir ehtiyac yoxdur.

***

Onu da bildirək ki, II Qareginin çağırışına cavab olaraq Ümumdünya Kilsələr Şurası (WCC) bütün xoşməramlı insanları sülhə, qaçqınlara dəstək üçün Azərbaycanda keçiriləcək COP29 Qlobal İqlim Sammiti ərəfəsində, yəni noyabrın 10-da “məhbusların” azad edilməsi ilə bağlı duaya qoşulmağa dəvət edib. Bu dini qurum hələ bir qədər də “irəli gedərək” bildirib ki, COP29 23 erməni məhbusu, eləcə də “Azərbaycan həbsxanalarında saxlanılan azərbaycanlı siyasi məhbusları və jurnalistləri azad etməyə çağırmaq üçün unikal imkandır”. Göründüyü kimi, WCC “miqyası” daha geniş götürür, xaricdəki ermənipərəstlərin ənənəvi anti-Azərbaycan tezislərini də işə salınır. Bir sözlə, dini idarə həyasızlıqla məşğuldur.

Bəli, əminliklə demək olar ki, COP29 dünyanın ermənipərəstlərinin anti-Azərbaycan təbliğat aparmaq, 44 günlük müharibə ilə miskin duruma düşmüş, lokal xarakterli antiterror tərbirləri ilə məhvə düçar olmuş erməni avantürizminin yenidən “çiçəklənməsi” baxımından yaxşı fürsət yaradıb. Daha doğrusu, nüfuzlu toplantını fürsət olaraq dəyərləndirənlər var. Belələrinin öz təfəkkürlərinin mücərrəd guşələrində bəslədikləri hər cür riyakarlıqları, murdarlıqları üzə çıxardıqları da gün kimi aydındır. Din xadimi pərdəsi altında gizlənmiş murdarlardan biri də Böyük Kilikiya evinin katolikosu I Aramdır. O da II Qareginin çağırışına qoşularaq, dini icmaları, beynəlxalq təşkilatları və xoşməramlı olduğu bildirilən insanları noyabrın 10-dakı duaya qoşulmağa çağırıb.

***

Sonda haqqında söz açacağımızı bildirdiyimiz məqama keçid alaq. Əvvəldə vurğuladıq ki, II Qaregin Ermənistan hakimiyyətinin Azərbaycanda saxlanılan erməni cinayətkarlarının, müharibə cəlladlarının azadlığa çıxmaları ilə bağlı başlatdığı kampaniyaya qoşulmaqla, Nikol Paşinyan iqtidarı ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır. Ermənistan hakimiyyətinin anti-kilsə kursundakı bəzi nüansları da diqqətə çatdırdıq.

İndi isə deyək ki, II Qaregin həm də ən pis erməni olmaq yarışında birinciliyə can atır. Onun “dua təşəbbüsü” özünü erməni maraqlarının qorunmasında daha üstün mövqeyə malikliyini göstərmək üçün bir vasitədir. Başqa sözlə ifadə etsək, katolikos çalışır ki, rəsmi İrəvandan təsirli mexanizmə sahibliyini, guya, nüfuz sahibi olduğunu sübuta yetirsin. Paşinyan hakimiyyəti kimi, II Qaregin üçün də Bakı həbsxalarındakı cinayətkarların düşdükləri durum, bu şəxslərin taleləri, heç bir halda, maraqlı deyil.

Sonda onu da qeyd edək ki, Ermənistan dairələrinin, ölkəyə bağlı digər qüvvələrin COP29 xüsusunda başlatdıqları anti-Azərbaycan kampaniyasının hansısa effektinin olmayacağı birmənalıdır. Çünki ölkəmiz prinsiplərində qəti və ardıcıldır. İndiki durumda istər rəsmi İrəvanın, istərsə də II Qaregin başda olmaqla, erməni kilsəsinin yalnız bir yolu var – indiyədək etdikləri bütün yaramazlıqlara görə Azərbaycandan üzr istəmək. Hesab edirik ki, onlar üçün ən yaxşı dua məhz budur.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət