Deputat: Gürcüstanda seçkilər bütün beynəlxalq standartlara uyğun keçirilib

post-img

Gürcüstanda seçkilər bütün beynəlxalq qaydalara və standartlara uyğun keçirilib. Müşahidə etdiyimiz məntəqələrdə heç bir insident baş verməyib. Bu, gürcü xalqının seçimidir, o, öz gələcəyini seçib və biz ona uğurlar arzulayırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin müşahidə missiyasının rəhbəri Arzu Nağıyev söyləyib.

O qeyd edib ki, Milli Məclisin 8 nəfərdən ibarət müşahidə missiyası paytaxt Tbilisidə və Rustavi şəhərində seçki məntəqələrində olub. Bu məntəqələrdə seçicilərlə, oradakı müxtəlif partiyalarından, qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərlə də görüşlər keçirilib, müvafiq söhbətlər aparılıb.

“Olduğumuz məntəqələrdə heç bir ciddi qanun pozuntusuna rast gəlmədik. Seçkilərə hazırlıq və səsvermə beynəlxalq standartlara cavab verirdi. Səsvermədə fəallıq müşahidə olunurdu. Müxalifət nümayəndələrindən də heç bir irad və ya təklif olmayıb”, – deyə A.Nağıyev vurğulayıb.

O bildirib ki, bu seçkilərdə mühüm məqamlardan biri də Gürcüstanda ilk dəfə proporsional seçkilərdə elektron vasitələrdən istifadə edilməsidir. Hər bir seçici elektron bülleteni qutuya daxil edirdi, yəni, paralel olaraq onlar qutudakı bülletenlərin və seçicilərin sayını görə bilirdilər. Seçim gürcü xalqının özünündür, gələcək həyatını qurmaq üçün öz iradəsini göstərdi.

“Gürcüstan Azərbaycan üçün strateji əhəmiyyət daşıyan qonşu, dost dövlətdir. Gürcü xalqı Konstitusiyada da qeyd olunduğu kimi, Avrointeqrasiya istiqamətində addımlar atır. Güclü Gürcüstan bizim üçün də vacibdir. Biz gürcü xalqına əmin-amanlıq və sülh və sabitlik arzulayırıq”, - deyə müşahidə missiyasının rəhbəri diqqətə çatdırıb.

Qeyd edək ki, Milli Məclisin deputatları Rustavidə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

 

Siyasət