Vətən müharibəsinin xronikası: 24 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri cəbhənin müəyyənləşdirilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə sarsıdıcı zərbələr vurulub. Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

• Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. Dövlətimizin başçısı müsahibədə – “Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir” sualına cavabında bildirib: “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan–Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər”.

Ali Baş Komandan müsahibədə Ermənistanın bü müharibəyə başlaması ilə ərazi işğalı ilə bərabər, işğalçının dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən Azərbaycanın strateji enerji infrastrukturunu – tamamlanmaqda olan Trans-Adriatik boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək istədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev daha sonra deyib: “Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə, bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”.

• Düşmənin məhv edilən çoxsaylı döyüş texnikalarının videogörüntüləri təqdim olunub.

• Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatını məhv edib. Bölmələrimiz Cəbrayıl rayonu istiqamətində “BZEZ” zərbə pilotsuz uçuş aparatını aşkarlayaraq xüsusi texniki vasitələrlə yerə endiriblər.

• Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirirlər.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin üç tankını, iki sığınacağını və dörd dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

• Laçın və Qubadlı istiqamətlərində Azərbaycan Ordusunun hücumlarına qarşı müqavimət göstərə bilməyən və döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus və Qafan rayonları ərazisindən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü atəşə tutub. Ordumuz əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirib. Ermənilərin könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad olunub. Peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alır.

• Ermənistanın siyasi-hərbi rəhbərliyi uşaqları da Qarabağda gedən hərbi əməliyyatlara cəlb edir.

İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə elə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12–13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunur.

Bütün bunlar onu göstərir ki, ermənilər Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə edirlər. Bununla da döyüş meydanında heç bir qanun tanımayan düşmənin çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı sənədlərini və normalarını pozması sübuta yetirilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın hərbi xidmətə çağırılmış orta yaşlılarla və qocalarla görüşünü əks etdirən videogörüntülərdə də onun orta yaşlı, qoca əsgərlər qarşısındakı “ürəyinizdə qələbə ilə gedin” şüarını səsləndirməsi hərbi qulluq üçün yararlı olmayan bu şəxslərin cəbhəyə yola salındığını göstərir.

• Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində ümumilikdə 65 mülki şəxs həlak olub. Onların 18-i qadın, 10-u uşaqdır. Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həyatını itirib, 138 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat verib.

• ANAMA cəbhəyanı ərazilərdə 175 partlamamış hərbi sursat və iki dron aşkarlayıb.

• Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə “Smerç” raketləri atıb.

XQ



Siyasət