Ümummilli lider Heydər Əliyevə Koqalımda abidə ucaldılıb

post-img

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Koqalım şəhərində ümummilli lider Heydər Əliyevə abidə ucaldılıb.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1980-ci illərin əvvəlində o vaxt hələ qəsəbə olan, indi isə şəhərə çevrilən Koqalımın və ümumilikdə ölkənin neft sənayesinin inkişafına mühüm töhfə verib. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində idi və onun tapşırığına əsasən, qəsəbənin, həmçinin Sibirin neft hasilatçısı rayonlarının yol infrastrukturunun inkişafı üçün, o cümlədən Azərbaycandan podratçı təşkilatlar cəlb olunmuşdu. Bu şəhərin “Bakı” küçəsi Azərbaycan xalqının Koqalımın formalaşmasına verdiyi töhfəni xatırladır.

Abidənin müəllifi Aydın Zeynalov deyib ki, iş il yarıma yaxın davam edib. “Biz Heydər Əliyevin görkəmli şəxsiyyətini, onun təkcə bu şəhərin deyil, bütün Sovet İttifaqının inkişafındakı rolunu təsvir etməyi qarşımıza vəzifə qoymuşduq. Nəticədə diametri 15 metr və hündürlüyü 4 metr olan kifayət qədər möhtəşəm kompleks yaradılıb. İş prosesində Heydər Əliyevin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri diqqətlə tədqiq edilib. Onun çöhrəsində xəfif təbəssüm təsvir olunub. Mənə elə gəlirdi ki, Heydər Əliyev təkcə güclü, iradəli şəxsiyyət deyil, həm də çox mehriban, istiqanlı, gülərüz insandır. Mən bu keyfiyyətləri Ulu öndərin obrazında çatdırmağa çalışdım,”- deyə o vurğulayıb.

Xatırladaq ki, Koqalım şəhərində Ümummilli liderin gələcək abidəsinin yerindəki rəmzi daş 2023-cü ildə qoyulub. Həmin vaxt şəhərin rəhbəri Nikolay Palçikov özünün “Telegram” kanalında abidənin Heydər Əliyevin 100 illik yubileyi şərəfinə ucaldılacağını qeyd edib: “Azərbaycanlılar neft-qaz sənayesinin (Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində - red.) inkişafına mühüm töhfələr veriblər. Bu görkəmli insanlara ehtiramımı ifadə edərək, bu gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi münasibətilə gələcək abidənin yerinə rəmzi daş qoyuldu”.

XQ

Son xəbərlər