Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib

post-img

Oktyabrın 21-də Azərbaycan Respublikasının Banqladeş Xalq Respublikasına yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Məhəmməd Şahabuddinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, paytaxt Dəkkə şəhərində keçirilən rəsmi təqdimetmə mərasimindən sonra səfiri qəbul edən Prezident M.Şahabuddin təyinatı münasibətilə onu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Banqladeşin dövlət başçısına çatdırıb. Salamlara görə minnətdarlığını bildirən Banqladeş Prezidenti öz növbəsində onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Banqladeş arasında çoxtərəfli formatlarda səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Dəkkəyə səfəri zamanı səfir E.Hüseynli Nobel sülh mükafatı laureatı və hazırda ölkənin Baş naziri səlahiyyətlərini icra edən Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri Məhəmməd Yunus və Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi Nazirliyinin müşaviri (nazir vəzifəsini icra edən) Sayeda Rizvana Hasan ilə görüşüb, Xarici İşlər Nazirliyində bir neçə görüş keçirib.

Görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticarət, turizm, hava bağlantısı, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, münasibətlərin inkişafı üçün mübadilə və təmasların intensivləşdirilməsi razılaşdırılıb.

Həmsöhbətlərə Azərbaycanın COP29 Sədrliyinin fəaliyyət gündəliyi və qlobal təşəbbüsləri, inkişaf etməkdə olan kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələrə dəstək üzrə fəaliyyəti, COP29 öncəsi Bakıda təşkil edilmiş əhəmiyyətli tədbirlər və onların nəticələri barədə məlumat verilib. Ölkəmizin təşəbbüskarı olduğu COP29 naminə Birgə Atəşkəs Çağırışına Qoşulmama Hərəkatı çərçivəsində Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.

Məhəmməd Yunus bu ilin martında XI Qlobal Bakı Forumunda iştirak məqsədilə, habelə əvvəlki illərdə ölkəmizə etdiyi səfərləri məmnunluqla xatırladığını bildirib. O, Azərbaycan Prezidentinin dəvəti əsasında Banqladeşin müvəqqəti hökumətinin rəhbəri kimi noyabrın 12-13-də Bakıda İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə qatılacağını diqqətə çatdırıb.







Siyasət