Ərdoğan “3+3” platformasının XİN başçıları ilə görüşüb

post-img

Türkiyə “3+3” regional əməkdaşlıq platformasına böyük əhəmiyyət verir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirləri Ceyhun Bayramov (Azərbaycan), Sergey Lavrov (Rusiya Federasiyası), Abbas Araqçı (İran) və Ararat Mirzoyan (Ermənistan) ilə görüşündə deyib. Məlumatı “Anadolu” verib. 

Türkiyə prezidentinin XİN rəhbərləri ilə görüşündə Cənubi Qafqazda davamlı sülh prosesinin təmin edilməsi, regional və qlobal məsələlər müzakirə edilib. Dövlət başçısı qeyd edib ki, “3+3” formatı regional problemlərin dialoq yolu ilə həllinə baxış əsasında yaradılıb. Türkiyə lideri “Cənubi Qafqazın simasının davamlı sülhə doğru dəyişməsindən” məmnunluğunu ifadə edib.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsinə yönəlmiş səylərə hərtərəfli dəstək verməyə davam edəcək. Onun sözlərinə görə, regionda baş verən hadisələrlə əlaqədar ölkələr arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə ehtiyac var. Dövlət başçısı qeyd edib ki, “3+3” platformasının institusional struktura çevrilməsi dialoq mexanizmini daha da səmərəli edəcək.

Prezident Ərdoğan Yaxın Şərqdəki vəziyyətə toxunaraq deyib ki, İsrail münaqişəni bölgəyə yaymaq məqsədi ilə təxribatlar törədir. O xəbərdarlıq edib ki, “atəşkəs olmadan keçən hər gün regional müharibəni yaxınlaşdırır”. Prezident BMT-nin İsrailə silah embarqosunun Təl-Əvivi dayandırmaq üçün təsirli addım olacağını vurğulayıb. O, Türkiyənin bütün məkanlarda buna nail olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun və Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

P.ƏMİRCANOV
XQ

Siyasət