Balası atasından betərdir. Söhbət Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryandan gedir. Türklər demişkən, “küçük” Köçəryan parlamentin “Ermənistan” fraksiyasının deputatıdır və ağzına gələni danışmağı ilə tanınır. Əlbəttə, L.Köçəryanın nə danışdığına diqqət yetirməmək də olardı. Ancaq məsələ bundadır ki, o, Ermənistandakı revanşist kəsimin təmsilçisidir və dilə gətirdikləri sülh mühitinin formalaşmasına yönələn cəhdləri təhdiddir. Ümumən, atası R.Köçəryan kimi, Levonun da fikirlərində sülhdən əsər-əlamət yoxdur.
Beləliklə, L.Köçəryan deyib: “İnsanlarımızda yanlış təəssürat yaranıb ki, Paşinyanın (baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) müəyyən güzəştlərindən, burada bir az, orada bir az torpaq verilməsindən sonra, nəhayət sülh gələcək, səma mavi və aydın olacaq və biz bölgədə dinc yaşayacağıq. İstəyirəm soydaşlarımız başa düşsünlər: bu ola bilməz, tamam yalandır. Azərbaycanın və Türkiyənin bizi rahat buraxacağına ümid bəsləməyin mənası yoxdur. Onların hakimiyyət orqanlarımızın timsalında, demək olar ki, bütün tələblərini yerinə yetirən nümayəndəsi var. Onların məqsədi Ermənistanı bir dövlət kimi sıradan çıxarmaqdır və dayanmayacaqlar”.
Göründüyü kimi, L.Köçəryan ən ağlasığmaz məsələlərdən dəm vurur. Əlbəttə, istəyi həm də Paşinyan iqtidarına qarşı kəskin antipatiya formalaşdırmaqdır. Eyni zamanda, nəzərə alaq ki, ata Köçəryanın hazırda vəziyyəti xoşagəlməzdir. Bala Köçəryan çalışır ki, sərsəm açıqlamalarla ölkə hakimiyyətinə qarşı formalaşdıracağı antipatiya yekunda atasını həbs olunmaqdan qurtarsın. Bu, öz yerində.
Nəzərə alaq ki, L.Köçəryan tipik erməni xislətindəki pislikləri üzə çıxarır. Ənənəvi Azərbaycan və türk düşmənçiliyini körükləməyə çalışır. Amma əbəs yerə belə edir. Çünki erməni cəmiyyəti onsuz da xəstədir. Erməni insanında elə təsəvvür yoxdur ki, Paşinyanın güzəştlərindən sonra Azərbaycan Ermənistandan əl çəkəcək. Yəni sıravi ermənilərin bir çoxu da Levon düşüncəsindədir. Nikolun iqtidarı məhz həmin düşüncənin məhsulu kimi meydandadır.
L.Köçəryanın üzərində dayandığı daha bir məqam var. O deyir ki, Azərbaycan və Türkiyə Paşinyan hakimiyyətini dəstəkləmək üçün çox şey etməyə hazırdır. “Lazım gələrsə, 2021-ci il seçkilərindən əvvəl olduğu kimi, reytinqinə yaxşı təsir edəcəyini anlayaraq, məhbusları geri qaytaracaqlar. Lazım gələrsə, “sülh” adlı kağıza imza atacaqlar ki, əslində, məsələnin sülhlə heç bir əlaqəsi olmayacaq. Lazım gələrsə, sərhəddə kiçik insidentlər, bir növ, mini-müharibələr törədəcəklər ki, Nikol Paşinyan “50 min insanın həyatını xilas etmək üçün addım atdığını” desin. Yəni, ümid yoxdur ki, bu yolla getməklə, daim nədənsə imtina etməklə, belə qonşulara sahib olmaqla, bir gün sülhə nail olacağıq”, – deyə “küçük” Köçəryan vurğulayıb.
Əslində, L.Köçəryan heç də yenilik etmir. O baxımdan ki, Paşinyanın, guya, Azərbaycanın və Türkiyənin agenti olmasına dair sərsəmləmələr indinin məhsulu deyil. Sadəcə, yuxarıda da dediyimiz kimi, Robertin oğlu, belə demək mümkünsə, barıtı lap çox eləyir. Onun məqsədini diqqətə çatdırdıq. Daha böyük məqsəd isə Azərbaycan və Ermənistan arasında sülhə maneçilik törətməkdir. Axı əvvəldə də vurğuladıq ki, L.Köçəryan fikirləri ilə Ermənistandakı revanşist və şovinist kəsimin obrazı rolunda çıxış etməkdədir. Ümumiləşdirmə apararaq əlavə edək ki, bu obraz sülh yolundakı istənilən müsbət meyili beşiyindəcə boğmaq niyyətindədir. Ermənistanda isə levonların, robertlərin sayı həddən artıq çoxdur və onların ölkə parlamentində oturmaları, müxtəlif vəzifə tutmaları, hansısa ictimai statusa malik olmaları ciddi problemdir. Həm də ona görə ciddi problemdir ki, bu cür yaramaz xarakter sahibləri hazırda hər şeydən danışır və heç bir çıxış yolu göstərmir və hansısa səmərəli təklif irəli sürmürlər.
Sonda onu deyək ki, Ermənistandakı hazırkı vəziyyətə diqqət yetirərkən, yada qorxaq itlə bağlı bir durum düşür. Qorxaq it sahibinin zənciri boynunda dayanmadan başqa itlərə hürür. Əmindir ki, sahibi onu buraxmayacaq, digər itlər də sahibi yanında olduğuna görə ona yaxınlaşmayacaqlar. Qərb Ermənistanı 44 günlük müharibədən əvvəl sərbəst buraxdı və bu, nə ilə nəticələndi, bütün dünyaya məlumdur. Hazırda isə levonlar, robertlər, sarkisyanlar zəncirdən qırılmış sahibsiz itlərə bənzəyirlər. İşləri-peşələri hürmək, ulamaqdır. Ən pisi isə budur ki, sahibli itlər də onlara qoşulub ulayırlar. İtin ulamağı isə heç yaxşı əlamət deyil.
Ə.RÜSTƏMOV
XQ