44 günlük Qarabağ savaşında son dərəcə peşəkar və sürətli əməliyyatı icra edən Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində Zəngilan işğaldan azad olundu. Silahlı Qüvvələrimizin taktikası, əməliyyat şəraitini tam düzgün qiymətləndirməsi və yüksək döyüş qabiliyyəti qədim yurd yerimiz Zəngilanı bizə qaytardı. Sarsıdıcı zərbə altında döyüş meydanında rüsvayçı məğlubiyyətə uğrayan düşmənin kirli ayaqları halal torpağımızdan təmizləndi, uzunmüddətli işğala son verildi. Zəngilanın işğaldan azad olunması mühum əhəmiyyət kəsb edirdi. Çünki bu parlaq qələbədən sonra Azərbaycan-İran sərhədi tam bərpa olundu.
Amma işğaldan sonra Zəngilanı görmək nə qədər sevincli olsa belə, gördüklərimiz son dərəcə kədərli və dəhşətli oldu. Zəngilan şəhəri, qəsəbə və kəndləri tamamilə dağıdılaraq Yer üzündən silinib. Düşmənin amansız qəsbkarlığı nəticəsində hətta Zəngilanın təbiətinə belə divan tutulub, sərvətləri istismara məruz qalaraq talan edilib.
Müharibədən dərhal sonra ölkəmiz Zəngilanı yenidən qurur, böyük layihələri uğurla həyata keçirir.
Ali Baş Komandanın rəhbərliyi altında sürətlə azad olunan Zəngilan Prezident İlham Əliyevin rəhbərliyi ilə elə həmin sürətlə inkişafa qədəm qoyub. Qısa zaman içində yenidən qurulan Zəngilanda bərpa-quruculuq işləri intensiv olaraq davam edir. Ölkə başçısının müntəzəm səfərləri və görülən işlərlə yerindəcə tanışlığı Zəngilanın yeni həyata qayıtması ilə nəticələndi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən “Ağıllı kənd” layihəsinin təməlinin qoyulmasından qısa müddət sonra Ağalı dünyanın ən müasir yaşayış məskəninə çevrildi. Uzun müddət yurd yerindən ayrı düşmüş həmvətənlərimiz indi doğma evində təhlükəsiz həyat yaşayırlar.
Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur ki, bu da inkişafa töhfələr verir. İftixarla qeyd etmək yerinə düşər ki, Böyük Qayıdış layihəsinə uyğun olaraq Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Görülən işlər fərəh doğurur. Bu da, dövlətimizin qüdrətindən xəbər verir.
Bu gün Zəngilanın yenidən qurulması istiqamətində fəal, ardıcıl işlər gedir. Qeyd olunduği kimi, şəhərin Baş planı artıq təsdiq edilib, bir neçə yaşayış layihəsi icra edilməkdədir. Bu da əminlik yaradır ki, qısa zamanda Zəngilan şəhəri sakinlərinə qucaq açacaq. Zəngilanın yenidən qurulması prosesində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
İşğal dövründə milli-mədəni abidələrimizin erməniləşdirilməsinə cəhd edən düşmən buna nail ola bilmədikdə, tariximizi xislətinə məxsus bir eybəcərliklə Yer üzündən silməyə cəhd edib. Zəngilan şəhər məscidi də məhz düşmən vandalizminə məruz qalıb. Heydər Əliyev Fondu Zəngilan məscidinin bərpa olunmasını üzərinə götürüb, rayonun dirçəldilməsi prosesində fəal əməkdaşlıq edir.
Uzun müddət yad adamlar tərəfindən qəsd olunan Zəngilan bu gün doğma insanlarının əhatəsində inkişaf edir, abadlaşır və yeni görkəm alır. İşğaldan qurtulan Zəngilanda bütövlüyümüzün, milli birliyimizin, azadlığımızın təsdiqi olan Azərbaycan bayrağı dalğalanır. Zəngilanlılar isə əzəli torpaqlarında Prezident İlham Əliyevin lideri olduğu bir ölkədə sabit, təhlükəsiz həyat yaşayırlar. Bütün xalqımız kimi zəngilanlılar da əmindirlər ki, Qarabağı işğaldan azad etməklə tarixləşərək dünyanı heyran edən Prezident İlham Əliyevin qətiyyəti ilə tarixi torpağımıza, Qərbi Azərbaycana da qayıdacaq, Zəngəzur dəhlizindən Naxçıvana keçəcəyik. Buna heç kimin şübhəsi olmasın. Azərbaycan xalqı öz lideri ilə bu növbəti tarixi nailiyyətə imza atacaq və bir gün müqəddəs bayrağımız Qərbi Azərbaycanda da dalğalanacaq. Qarabağda və Şərqi Zəngəzurda dalğalandığı kimi…
Azadlığın mübarək, Zəngilan, gözün aydın, Vətən!
Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsinin
sədr müavini