Gürcü politoloq: Qərb Gürcüstan hökumətini özünə tabe etdirmək istəyir

post-img

Qərb Gürcüstan hökumətini birmənalı şəkildə özünə tabe etdirmək istəyir. Bu isə hərbi sistemə oxşayır. Hərbi xidmətdə komandirin dediyi hər tapşırığı əsgər qeyd-şərtsiz yerinə yetirməlidir. Biz isə nə hərbi xidmətdə, nə də əsgər deyilik. Gürcüstan suveren ölkədir və öz suverenliyini qoruyub saxlamalıdır. Biz gürcü xalqı olaraq bu suverenliyi əldə etmək üçün çox qan tökmüşük. Xalqın qanı bahasına başa gələn müstəqilliyi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində siyasi elmlər doktoru, siyasi şərhçi Malxaz Qulaşvili deyib.

“Vaxtilə olan müharibələr bütün sahələrdə Gürcüstanın inkişafına ziyan vurub. İstər demokratiya, insan hüquqları, istərsə də iqtisadi və sosial sahələrdə bu zərəri görmüşük. İndi Qərb istəyir ki, biz heç nə olmamış kimi davranaq və onların əmrlərinə tabe olaq. Xeyr, bu, belə ola bilməz və olmayacaq da. Qərb siyasəti doğru aparlmalıdır. Əgər onlar düşünsələr ki, Gürcüstan ilə hesablaşmaq və məsləhətləşmək lazımdır, bu zaman doğru yolu seçmiş olacaqlar. Yox, əgər hesablaşmasalar və düşünsələr ki, Gürcüstan qeyd-şərtsiz onların dediyini etməlidir, bu zaman onlarda heç nə alınmayacaq. Gürcüstan artıq on illər əvvəlki ölkə deyil. Əgər əvvəl ölkə ya Kremldən, ya da ABŞ-dan idarə edilirsə, indi bu, belə deyil. Gürcüstan müstəqil siyasət aparır. Azərbaycanın yürütdüyü siyasət bizə nümunədir. Biz hər zaman arzulamışıq ki, eyni siyasi xətt bizdə də həyata keçirilsin. İndi həmin zaman yetişib. Biz də Azərbaycan kimi, öz suveren siyasətimizi həyata keçiririk və bunu biz son damla qanımıza qədər müdafiə edəcəyik. Çünki gürcü xalqı güclü, müstəqil və suveren dövlətdə yaşamağa layiqdir”, – deyə M.Qulaşvili vurğulayıb.

Onun sözlərinə görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası çox düzgün siyasət aparır. Çünki, hazırki partiya ölkədə Ukraynada olduğu kimi müharibə olmasını, şəhərlərin, infrastrukturun, iqtisadiyyatın dağılmasını istəmir, ən başlıcası isə əhaliyə ziyan gəlməsini istəmir. İnsanların ac qalmasını, pis vəziyyətə yaşamasını istəmir. Buna görə də xalq hakim partiyanı dəstəkləyir.

O bildirib ki, “Gürcü Arzusu” partiyası Gürcüstanın milli maraqlarını çox ciddi şəkildə qoruyur və kənardan müdaxiləyə imkan vermir. Hazırkı hökumətin “Ailə dəyərləri və azyaşlıları qorumaqla” bağlı, eləcə də LGBT –nin təbliğatını qadağan edəcək qanunları qəbul etməsi gürcü xalqının dəstəyinə və rəğbətinə səbəb olub. “Ailə müqəddəsliyi” günündə Gürcüstanda keçirilən yürüşdə biz bu dəstəyin şahidi olduq. Bir milyondan çox insan küçələrə axışıb öz dəstəyini göstərdi. “Gürcü Arzusu” bunlarla yanaşı Abxaziya və Cənubi Osetiyanı dinc yolla geri qaytarmağı qarşısına əsas məqsəd qoyub. Hazırda ölkə iqtisadiyyatının və insanların rifahının yaxşılaşdırılması, əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması, ölkəyə investisiyaların cəlb olunması istiqamətində işlər görülür. Aparılan düzgün siyasət nəticəsində Gürcüstan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb. Bu isə enerji, turizm və digər sahələrdə investisiyaların doğru istiqamətdə təşviqi nəticəsində baş verir. Xalq da bunu çox yaxşı başa düşür.

Gürcüstanın kimin dost, kimin düşmən olduğunu artıq özü seçdiyini vurğulayan politoloq deyib: “Bizim maraqlarımıza uyğun olan və olmayan təklifləri özümüz qiymətləndirəcəyik. Son zamanlar Gürcüstan-Rusiya münasibətlərin yaxşılaşmasının şahidi oluruq. Burada Gürcüstanın öz maraqlarını qoruya bilməsi əsas şərtdir. Rusiya da bunu görüb və artıq yanaşmasını da bizə görə dəyişib, daha ədalətli davranmağa başlayıb. Bu da təbii ki, bizə əvvəlkindən daha xoşdur. Hökumət də bizə nə lazımdır çox gözəl başa düşür. Gürcüstanın güclənməsini istəməyən Qərb ölkələri isə seçkidən sonra iğtişaşlar yaratmağa cəhd edəcəklər, amma heç nəyə nail ola bilməyəcəklər”.

“Qərbin bir məqsədi var, hakimiyyətə gəlib ölkəni qan gölünə döndərmək. Avropa ölkələrinin qətnamələri də buna sübutdur. Onlar gürcü xalqının İ.Stalinə görə üzr istəməsini tələb edirlər. Belə olan halda, almanlar A.Hitlerə, italyanlar Mussoliniyə, portuqaliyalılar Salazara, ispanlar Frankoya görə üzr istəməlidir?! Bu nə məntiqdir?!”, - deyə siyasi şərhçi qeyd edib.

M.Quliaşvili, həmçinin deyib: “Gürcü xalqı və hökuməti haqq yolundadır. Müstəqilliyin bərpasından keçən 33 ildə ilk dəfədir fəxr edirəm ki, müstəqil ölkənin vətəndaşıyam. Çünki hazırki hökumət çox güclü siyasət aparır və istər regional, istərsə də beynəlxalq münaqişələrə qarışmır. Sadəcə, Qafqazda sülh istəyən ölkələri investisiya yatırması üçün cəlb edir. Seçkilərdən sonra Qərb və ABŞ-ın Gürcüstana təzyiqlər göstərəcəyinə baxmayaraq, işlər öz axarına düşəcək. Sadəcə, doğru yol getmək lazımdır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət