Azərbaycan–Çin elmi əməkdaşlığı

post-img

Strateji inkişaf kursu kontekstində

II MƏQALƏ

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Elmi əməkdaşlığın çoxşaxəliliyi

Müasir dövrdə hər bir dövlət üçün əlaqələrin çoxşaxəli olması müsbət hal sayılır. Burada, təbii ki, müxtəlif istiqamətlərdə əlaqələrin kompleks halında səmərəli və faydalı olması mühüm şərtdir. Azərbaycanın xarici siyasəti bu baxımdan bir nümunədir. Sözün həqiqi mənasında, həmin siyasət multilateraldır və beynəlxalq miqyasda yalnız qarşılıqlı faydalı əməkdaşlığa fokuslanmışdır. Çin istiqaməti istisna deyildir. Müqayisələr göstərir ki, bütün səviyyələrdə nəzərdə tutulan əməkdaşlıqlar məzmun və məqsədcə bir-birini tamamlayır. Elm sahəsində əməkdaşlıqda isə AMEA-nın rolu danılmazdır. Bu kontekstdə daha bir məsələ aktuallaşır.

Azərbaycanın ali elmi təşkilatı beynəlxalq əməkdaşlıqda multilaterallığa ciddi əməl edir. Yəni ölkənin strateji inkişaf kursu əsasında müəyyən edilmiş bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq modelinə üstünlük verir. Bu özəllik Qərb, MDB, TDT, Çin və başqa istiqamətlərdə eyni dərəcədə özünü göstərir. Həmin istiqamətlərdə AMEA-nın əməkdaşlıq xəttində ortaq xüsusiyyət birmənalı olaraq Azərbaycanın müstəqil dövlətçilik maraqlarına uyğun olması ilə bağlıdır. Məhz həmin müstəvidə biz AMEA–TDT dövlətlərinin elmi təşkilatları, AMEA–Çin elmi təşkilatlarının əməkdaşlığını müqayisəli təhlil edə bilərik. Burada əsas məqam, Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlıqları ölkənin strateji inkişaf kursunun əsas müddəalarına tam uyğun məzmun və məqsəddə qurduğunu ifadə etməkdən ibarətdir.

Nəzəri olaraq məsələ müxtəliflik şəraitində çoxşaxəli əməkdaşlığı ümumi məqsədə çatmaq üçün faydalı olmağın optimal modelini (və ya nümunəsini) tapmaq kimi fəlsəfi xarakterli problemin dərkinə gedib çıxır.

Çoxistiqamətli elmi əməkdaşlığın faydalılıq əmsalı

Hələlik dünya miqyasında hamı tərəfindən birmənalı qəbul edilə bilən belə bir əmsal mövcud deyildir. Elmi fəaliyyətin qiymətləndirilməsinin rəqəmsallıq dövründə müxtəlif kəmiyyət müəyyənləşdiricisindən istifadə olunur. Lakin bütöv mənzərəni nəticəvericilik aspektində ortaq kriteriyalara görə qiymətləndirməyə fərqli yanaşmalar mövcuddur. AMEA-nın dövlət elmi təşkilatı kimi çoxistiqamətli əməkdaşlıq strategiyasında ilk növbədə dövləti maraqların təmini nəzərə alınmalıdır. Təşkilatın yeniləşmə kursunun mərkəzində məhz bu tezis dayanır.

Sonra, AMEA beynəlxalq elmi əməkdaşlığı bilik və informasiya mübadiləsinin ən son texnologiyaları əsasında qurmalıdır. “Elektron Akademiya”, “Elektron Kitabxana”, “Gənc Akademiya”, Rəyasət Heyəti Aparatının “Elm və təhsil” şöbəsi kimi struktur-funksional elmi fəaliyyət vahidləri həmin məqsədə xidmət edir. Onlar aktiv fəaliyyətdədirlər.

Nəhayət, AMEA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsini yaratmaqla hansı mövzulara önəm verməsi milli maraqlar baxımından əhəmiyyətlidir. Əməkdaşlığın istiqamətləri üzrə imzalanan sənədlər göstərir ki, AMEA ən aktual elmi istiqamətlər və mövzular üzrə əməkdaşlığa üstünlük verir.

Belə alınır ki, akademiyanın elmi əməkdaşlıqda faydalılıq əmsalının keyfiyyət göstəricisi üç başlıca faktorun qarşılıqlı əlaqəsində müəyyənləşə bilər: bunlar dövləti və milli maraqlara xidmət göstərilməsi, təşkilatın daxili struktur-funksional imkanlarının ən müasir texnologiyalar üzrə işləməyə uyğunlaşdırılması və əməkdaşlıq şəbəkəsində aktual mövzuların rəngarəngiliyinin əsas yer tutmasıdır.

Bu, özlüyündə məsələnin mürəkkəb dinamik sistem kimi baxılması anlamına gəlir. Həmin kontekstdə AMEA–Türk dövlətləri elmi təşkilatları və AMEA–Çin elmi təşkilatları əməkdaşlığı xəttinə onların qarşılıqlı əlaqəsində baxmağa imkan verir.

AMEA–Çin elmi əməkdaşlığı çoxfaktorlu şəbəkə kimi

Öncəki məqalədə tərəflər arasında elmi əməkdaşlığın konkret faktlarının gətirilməsi göstərir ki, AMEA həm məkan, həm də əməkdaşlığın məzmunu aspektində müxtəlifliyə üstünlük verir. Akademiya Çinin müxtəlif şəhərlərində yerləşən elm və təhsil təşkilatları ilə konkret müasir istiqamətlər üzrə əməkdaşlıq sistemi yaradır. Bura Pekin, Hebey əyalətinin Şiszyaçjua şəhəri, Honkonq və digərləri daxildir. Bu müxtəliflik əməkdaşlığın müxtəlif elm sahələri üzrə aparılması ilə tamamlanır. Ədəbiyyat, fəlsəfə, sosial elmlər, təbiət elmləri, müasir elmi istiqamətlər əməkdaşlıqda yer alır. Bunlardan başqa, elmi əməkdaşlığın müasir elektron formaları tətbiq olunur (məsələn, virtual laboratoriya).

Bütün bunlar AMEA rəhbərliyi tərəfindən koordinasiya edilir. Təşkil edilən səfərlər, ortaq elmi layihələr, ayrıca, elmi tədqiqat mövzuları bir tərəfdən, Azərbaycan və Çinin böyük mütəfəkkirlərinin qarşılıqlı tanıdılması digər tərəfdən təhsil aspektində əməkdaşlıqla müşayiət olunur. Deməli, söhbət elmi təşkil edilmiş əməkdaşlıq şəbəkəsindən gedir ki, qarşıya konkret məqsədlər qoyulmuşdur.

AMEA–TDT üzvlərinin elmi əməkdaşlıq şəbəkəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Asiyadakı türk dövlətlərinin elmi təşkilatları ilə əməkdaşlıq xətti Çin istiqaməti ilə məzmun və məqsədlə uyğunluq təşkil edir. Burada məkan müxtəlifliyi ilə əməkdaşlıq texnologiyalarının müasirliyi və mövzu zənginliyi özünü göstərir. AMEA Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın elm və təhsil təşkilatları ilə əməkdaşlığı Çin istiqaməti ilə eyni məntiq əsasında qurur və onu inkişaf etdirir.

I məqalədə bununla bağlı faktların bir qismini gətirmişik. Onlar göstərirlər ki, TDT istiqamətində AMEA daha mürəkkəb əməkdaşlıq şəbəkəsi yaratmışdır. Lakin burada iki incə siyasi və elmi məqamı vurğulamaq gərəkdir.

Məsələ onunla bağlıdır ki, TDT istiqaməti Azərbaycan siyasəti və elmi üçün xüsusi məna kəsb edir. Ona görə ki, Azərbaycan türk dövlətidir və TDT Türk dünyasının sivil, demokratik və liberal əsasda təşkilatlanma formasıdır. Onun ciddi perspektivləri vardır. AMEA da daxil olmaqla hər bir Azərbaycan təşkilatı bu məqamı nəzərə almağa borcludur (məcbur deyil, daxildən gələn tələbatı müqəddəs vəzifə kimi qəbul etməkdir).

Bununla yanaşı, TDT regional təşkilat kimi regionlararası məkanda da fəal olmağı planlaşdırmışdır. Yəni onun istənilən sahədə fəaliyyətində regional miqyasla regionlararası miqyas qarşılıqlı əlaqədə olmalıdır və bir-birini tamamlamalıdır. Bu baxımdan elm sahəsində maraqların uyğunlaşdırılması faktiki olaraq regionlararası konteksti nəzərdə tutur. Bu özəllik elmi əməkdaşlıq prosesində mütləq diqqətə alınmalıdır ki, AMEA məhz həmin məntiqlə fəaliyyət göstərir.

Digər məqam türk dövlətlərinin elmi təşkilatlarının birləşdirici (elmi maraqları), kooridansiyaedici (elmi idarəetmə və elmi yaradıcılığı) və fokuslaşdırıcı (təşkilat olaraq elmi fəaliyyət məqsədlərini) gücü ilə əlaqəlidir. Burada vəziyyət bir qədər araşdırılmalıdır. Çünki ayrılıqda hansısa türk dövlətinin (məsələn, Türkiyənin) müəyyən təşkilatı güclü potensiala və müxtəlif əməkdaşlıq əlaqələrinə malik ola bilər (məsələn, TÜBİTAK).

Ancaq məsələ təşkilat olaraq Türk dünyasını elmi əlaqələndirmə məntiqi ilə regionlararası miqyasda TDT-nin başqa təşkilatlar və dövlətlərlə əlaqələrinin məntiqini uyğunlaşdırmağa gələndə aydın olmayan məqamlar az deyildir. Bu aspektdə indi AMEA qədər birləşdirici, koordinasiyaedici və fokuslaşdırıcı elmi təşkilat kimi gözə dəymir.

AMEA-nın yeniləşmə kursu faktiki olaraq burada nəzəri-konseptual və praktiki-feili aspektləri özündə sintez edərək həm TDT, həm də ondan kənarda olan təşkilatlara proyeksiya edə bilmək fəlsəfəsinə malikdir.

İndi vurğulanan iki incə faktorun kontekstində AMEA–TDT, AMEA–Çin əməkdaşlıq istiqamətlərinin uyğunlaşdırıla bilinmələri imkanlarına baxaq.

AMEA əməkdaşlıq modeli regionlararası miqyasa proyeksiya nümunəsi kimi

Çin istiqaməti ən azı iki baxımdan AMEA üçün önəmlidir. Birincisi, Çin müasir mərhələdə elmi inkişaf tempi baxımından ən perspektivli məkandır. İkincisi, AMEA-nın TDT üzvləri ilə bağlı əməkdaşlıq formatını daha geniş miqyasa proyeksiya etməsi strateji mahiyyətli zərurətdir. Hər iki istiqamət bir-biri ilə bağlıdır.

Birinci istiqamətin AMEA üçün vacibliyi dünya üzrə ən yeni elmi nailiyyətlər ilə çevik tanış olmaqla izah olunur. Statistik göstəricilərə görə, artıq Çin elmi təşkilatları bir sıra aspektlər üzrə dünyada birinci sıradadırlar.

Məsələn, Çin Elmlər Akademiyası son 4 ildə dalbadal yenilikçilik və innovativlik üzrə reytinqdə ilk sıranı tutur (IBM Şirkəti də daxil ənənəvi aparıcı olan şirkətləri geridə qoymuşdur).

“Nature” jurnalının 2024-cü il üçün tibb və biologiya üzrə müəyyən etdiyi reytinqdə də Çin akademiyaları Harvardı arxada qoyaraq ilk sıraya yerləşmişdir.

Nobel mükafatı laureratı Ə.Səncərin AMEA Rəyasət Heyətində məruzəsi zamanı ifadə etdiyi kimi, 1997-1998-ci illərdə Çin elmi reytinqdə heç ilk onluğa daxil deyildi. Deməli, türklərin çinlilərdən elmlə bağlı öyrənə biləcəyi çox şeylər vardır. AMEA üçün bu, təşkilati formada əməkdaşlığın dinamikasının faydalılıq faktoru üzrə qurulması anlamını verir.

Buradan ikinci istiqamətin əhəmiyyəti avtomatik alınır. Belə ki, qarşıya TDT-ni gücləndirmək məqsədi qoyulmuşdursa, ilk növbədə elmi potensialın buna yönəldilməsi gərəkdir. Müasir dünyada başqa cür qalıcı inkişafa nail olmaq imkansızdır. Deməli, AMEA TDT üzvləri ilə əməkdaşlıq modelini Çinlə əməkdaşlıq nümunəsi ilə harmoniya halına gətirməlidir. AMEA-dan başqa bu işi görə biləcək başqa elmi təşkilat yoxdur. Bunu AMEA-nın yeniləşmə kursunun nəzəri-konseptual özəllikləri ilə praktiki-tətbiqi addımlarının vəhdətində görmək olar. Qalır bu kursu dərindən öyrənib, onun başlıca strateji hədəflərini dərk etmək. Aidiyyətli orqanlar sözdə deyil, əməldə bunu etməlidirlər. Dövlətçilik və müstəqillik naminə!

Bütün bunlar onu göstərir ki, AMEA-nın həyata keçirdiyi və dünyanın müxtəlif regionlarını vahid şəbəkədə “birləşdirməyə” yönəlmiş əməkdaşlıq xətti Çin istiqamətində də strateji əhəmiyyətə malikdir. O cümlədən, AMEA, sözün həqiqi mənasında, elm sahəsində Türk dünyası ilə Çin arasında real və nəticəverici əməkdaşlıq prosesini təşkil edə bilər. Kim bilir, bu, baş Versə, qısa müddətdə türk və çin alimləri birgə olaraq Nobel mükafatı ala bilərlər! Niyə də olmasın?!


Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət