Tarixin dəyişən dinamikası 3 amilin prizmasında

post-img

Türk Dövlətləri Təşkilatı və qlobal geosiyasət

Tarix fəal liderləri sevir və qəbul edir. Dünya təcrübəsi də bunu təsdiqləyir. Lakin bununla yanaşı, tarixin sevdiyi başqa keyfiyyət də var – ədalətli olmalısan. Eyni zamanda, çalışqan, qətiyyətli və əzmkar olmalısan. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin yüksək tribunasından söylədiyi möhtəşəm nitqin işığında bir məqam bizim üçün daha çox əhəmiyyətli oldu. Qardaş dövlətin başçısı bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı  irəliləyir, güclənir və bu, çox təqdirəlayiq prosesdir! 

Məlumdur olduğu kimi, prezident İlham Əliyev siyasi-diplomatik addımları və məharətli aparıcılığı ilə TDT-nin güclənməsini regional, regionlararası və qlobal geosiyasətin sivil normaları müstəvisində ardıcıl şəkildə həyata keçirir. Azərbaycan liderinin Bakıda qəbul etdiyi siyasi liderlərlə müzakirəsi, türk dövlətlərinə şəxsi ziyarəti zamanı apardığı danışıqlar və onların nəticələri TDT üçün olduqca əhəmiyyətlidir. Həmin dövlətlər sırasında TDT-yə üzv olmayan böyük güclər də vardır. Nümunə olaraq Avropanın bir sıra dövlətlərini, Çin, Rusiya, Misir və Pakistanı göstərə bilərik. Bu səfərlərin hər birində üç faktor aparıcılıq təşkil edir.     

Birincisi, təhlükəsizliklə bağlıdır. ­İlham Əliyev geniş geosiyasi məkanda bir çox dövlətlərin enerji təhlükəsizliyini onların milli təhlükəsizliyinin təmini şərtlərindən biri kimi vahid şəbəkədə birləşdirə bilmişdir. Burada “vahid təhlükəsizlik şəbəkəsi” anlayışı olduqca önəmlidir. Çünki bu, milli, regional, regionlararası və qlobal miqyaslarda enerji təhlükəsiliziyi ilə milli təhlükəsizliyin sıx əlaqəsini qura bilmişdir. Yəni Azərbaycanın siyasətində regionlararası və qlobal kontekstin artıq oturuşmuş və dinamik işlək sistem halına gəldiyini göstərir. Onun birbaşa təsiri qlobal geosiyasi dinamikayadır.

İkincisi, Azərbaycan Prezidentinin siyasi-diplomatik addımlarında TDT-nin güclənməsi faktoru fəaliyyətin təməl prinsiplərindən biri statusunu almışdır. Yəni hər bir siyasi-diplomatik addımın faydaları sırasında TDT faktoru xüsusi yer tutur. Bunu Prezidentin Rusiya və Pakistan rəhbərliyi ilə apardığı müzakirələrdə və ayrıca, Mərkəzi Asiya dövlətləri başçıları ilə danışıqlarında görmək mümkündür. Xüsusi olaraq, Avropa istiqamətində TDT üzvü olan ölkələrin enerji resurslarının nəqli məsələsi yer tutur. 

Üçüncüsü, dövlət başçımız qlobal miqyasda ksenofobiyaya və yeni müstəmləkəçiliyə qarşı mübarizədə növbəti fəallıq nümayiş etdirir. İlham Əliyev bir sıra Qərb dövlətlərinin indi də həyata keçirdiyi müstəmləkə siyasətini kəskin tənqid edir və istismar edilən bir sıra dövlətlərə azadlıqları uğrunda mübarizədə dəstək olur. Bu məqam Azərbaycanın xarici siyasətdə faktiki olaraq yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu və həmin kontekstdə də TDT-nin qlobal geosiyasətdə real aktor statusuna yüksəlməsinə töhfə verdiyini ifadə etməkdədir. 

Vurğuladığımız bu üç faktorun işığında R.T.Ərdoğanın BMT tribunasından bəyan etdiyi TDT məsələsi bir sıra məqamların gündəmə gəlməsini əks etdirir. 

Qlobal geosiyasətdə qüvvələr nisbəti dəyişir

Türkiyə Prezidentinin BMT-dəki nitqini alqışlayanlar çox oldu. Səbəbi sadədir. R.T.Ərdoğan faktiki olaraq qlobal geosiyasətin “yeni nəfəsi” kontekstində mövqe nümayiş etdirdi. Türkiyə rəhbəri dünyanın daha ədalətli, rasional, konstruktiv və perspektvili humanitar siyasətə layiq olduğunu bəyan elədi. Bu bağlılıqda sadəcə “dünya beşdən böyükdür” formulunu qəbul etmək artıq yetərli deyildir. İndi bütün müstəqil dövlətlərin praktiki fəaliyyətləri ilə qlobal geosiyasi mənzərəni yeniləşdirməsi zamanıdır. Həmin anlamda “qlobal Şimal–qlobal Cənub” dixotomiyasının da məzmununun və münasibətlərinin yeniləşməsi lazımdır. Konkret olaraq – yeni təsirli güc mərkəzi meydana çıxmalıdır. 

Bu prosesi təmin edə biləcək qüvvələr indi mövcuddur. Məsələn, Qoşulmama Hərəkatı, Avrasiyada formalaşan yeni geosiyasi konfiqurasiya kimi Rusiya–Çin–TDT əməkdaşlıq platforması və s. R.T.Ərdoğan hesab edir ki, bu prosesin daha da inkişaf etməsi sayəsində dünyada ədalətli geosiyasi balans şansı yaranmışdır. Bəşəriyyət bu imkanı əldən verməməlidir. 

Bu nikbin və perspektivli yanaşmanın fonunda iki əlamət də BMT-nin siyasi gündəminə damğasını vurmuşdur. 

Fransa: “Azərbaycana güzəştə getməyəcəyik”

E.Makron BMT tribunasından Avropanın qosqoca bir dövlətinin siyasi çöküşünü əks etdirən nitq söylədi. Qonşu dövlətin (bu dövlətin dini mənsubluğunun BMT normalarına görə fərqi yoxdur) torpaqlarını 30 il işğal altında saxlayan cırtdan Ermənistan dövlətini müdafiə etməyə çağırdı. Özü də təcavüzə məruz qalmış Azərbaycanın cəmi 44 günə Fransa da daxil olmaqla, erməni havadarlarının dəstəklədiyi Ermənistan ordusunu darmadağın etməklə regional geosiyasi mənzərəni yeniləşdirməsi fonunda bu cəfəng fikri ortaya atdı. Aydın görünür ki, E.Makron dünyanı işğalçını, təcavüzkarı, onun müstəqil dövlətlərə olan ərazi iddiasını dəstəkləməyə səsləyir. Ardınca da utanmadan Ukraynanın ərazi bütövlüyünü təmin etmənin zəruriliyindən dəm vurur. Eyni zamanda, lideri olduğu Fransa müstəmləkə altında saxladığı ölkələrin sərvətini talamaqda davam edir.

Bütün bunların fonunda Fransanın yeni xarici işlər naziri çox haqsız, antidemokratik və hüquqa zidd fikir söyləyir: “Azərbaycana güzəştə getməyəciyik!” Əcəba, nəyi güzəştə getməyəcəksən? Azərbaycanın sənin daxili işinə aid olan məsələlərdə istədiyi bir şey varmı? Rəsmi Bakı iki faktoru qabardır: birincisi, Fransa Ermənistanla münasibətlərin normallaşmasında qeyri-konstruktiv, pozucu, aravurucu və bu mənada şeytani mövqe tutmasın! Azərbaycanla Ermənistanın özləri aralarından Fransasız hər şeyi yoluna qoyurlar və bu, davam edəcək. İkincisi, XXI əsrdə tirbunalardan demokratiyadan, beynəlxalq hüquqdan, ədalətdən, insan haqlarından danışan bir dövlət (Fransa və ona bənzərlər), əslində bir sıra ölkələrdə müstəmləkə siyasəti yeridirlərsə, bu, qəbuledilməzdir, riyakarlıqdır!

Hər iki aspektdə də rəsmi Bakı haqlıdır, ədalətlidir və humanistdir. 

Türkiyə: “Daha ədalətli dünya uğrunda”

E.Makronun köhnə və pozucu geosiyasi düşərgənin təmsilçisi kimi çərənlədiyi zamanda Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı Nyu-Yorkdakı “Türk Evi”ndə qəbul etdi və ona daha ədalətli olmağın mümkünlüyün ifadə edən kitab bağışladı. Bu jest bütövlükdə dünya siyasətində olan haqsızlığa, ədalətsizliyə və pozuculuğa deyil, əməkdaşlığa, təhlükəsizliyə xidmət edən mövqe tutmağa çağırış idi. Və Fransa rəhbərliyinin qarışdırıcı, aravurucu mövqeyi fonunda çox möhtəşəm təsir bağışladı. Xüsusilə, N.Paşinyanın uşaq kimi sevindiyini əks etdirən fotosu fonunda çoxmənalı bir görüntü yarandı! Belə təəssürat formalaşır ki, hətta N.Paşinyan E.Makrondan ağıllıdır! 

Bu iki məzmun və məqsəddə əks olan mövqenin fonunda TDT məsələsi R.T.Ərdoğanın təqdimatında çox əhəmiyyətli təsir bağışlayır.

Azərbaycan aparıcı konstruktiv qüvvə kimi

Türkiyə Prezidentinin Türk Dövlətləri Təşkilatının gücləndiyini bəyan etməsi (bunun təməlində R.T.Ərdoğanın TDT-nin gücləndiyini real fakt kimi qəbul etməsi dayanır) Azərbaycan Prezidentinin bu istiqamətdə həyata keçirdiyi fəal siyasəti qəbul etməsi və dəstəkləməsi anlamına gəlir. Məsələ onunla bağlıdır ki, Prezident İlham Əliyev regional, regionlararası və qlobal miqyaslarda elə gerçəkçi gedişlər etmişdir ki, onların yekun geosiyasi təsiri artıq qlobal miqyasda yeni fakt kimi qəbul edilir! 

Məsələ heç də TDT çərçivəsi ilə məhdudlaşmır. Çünki İlham Əliyev dünyanın böyük güclərinin, əsas geosiyasi qütblərinin aparıcı dövlətləri ilə münasibətlərin inkişafı kontekstində TDT-ni uğurla təmsil edir. Rusiya prezidentinin Bakıya səfəri, ABŞ-nin dövlət katibinin bir neçə dəfə Prezident İlham Əliyevə telefon etməsi, Azərbaycan rəhbərinin Çinlə strateji tərəfdaşlığa hazırlıqla bağlı sənəd imzalaması, Prezident İlhma Əliyevin çox səmərəli Pakistan, Misir, Qazaxıstan, Özbəkistan səfərləri vurğulanan tezisi irəli sürməyə tam əsas verir.  

Bütün bunlar artır müstəqil Azərbaycan Respublikasının regional lider kimi regionlararası və qlobal miqyasda sayılan qüvvələrdən biri səviyyəsinə yüksəldiyini təsdiqləyir. Bundan başqa, həmin prosesin Azərbaycanın TDT-nin aparıcı üzvü kimi olduqca faydaverici siyasət yeritdiyini ifadə etdiyinə şübhə yoxdur. İndi Azərbaycan geniş bir geosiyasi məkanda aktiv konstruktiv güc kimi dünya siyasətində yerini möhkəmlətməkdədir!

BMT dilemma qarşısında

BMT-nin son iclasında söylənən bir sıra fikirlərin qısa olaraq təhlili, qlobal dünya üçün əhəmiyyətli olan bir gerçəkliyi də ortaya qoyur. Məsələ Birləşmiş Millətlər Təşkilatının bir qurum olaraq gələcək taleyi ilə bağlıdır. Gedişat onu göstərir ki, keçən əsrin 80-ci illərindən başlayaraq getdikcə güclənən ədalətsizliyə, hüquqsuzluğa və təhlükəli proseslərə qarşı BMT tələb olunan səviyyədə əngəl ola bilmir. Bu barədə ulu öndər Heydər Əliyevin 1994-cü il və 1995-ci illərdə BMT-nin yüksək tribunasında ifadə etdiyi fikirlərində nə qədər haqlı olduğu indi də təsdiqini tapır. Həmin tədbirlərdə Heydər Əliyev BMT TŞ-də islahatların zəruriliyini vurğulamışdı və dünyanın böyük güclərinin ədalətli mövqe tutmalı olduğunu xüsusi qeyd etmişdi. Əks halda, dünyanın daha riskli bir vəziyyətə keçəcəyi barədə xəbərdarlıq etmişdi. Budur, hətta XXI əsrdə bir sıra böyük dövlətlər təcavüzü, istismarı, müstəmləkəni dəstəkləyirlər! 

Bununla yanaşı, BMT onu da gördü ki, mövcud haqsızlıq, hüquqsuzluq və ədalətsizliklə mübarizə apara biləcək yeni geosiyasi güc formalaşmaqdadır. Həmin güc ənənəvi Şimal–Cənub geosiyasi qarşıdurmasını dəyişə bilər, ortaq konstruktiv bir ab-hava yarada bilər. Bu yeni gücdə Türk Dövlətləri Təşkilatının öz yeri və rolu vardır. Onun stimulverici, istiqamətləndirici və siyasi baxımdan məzmunlaşdırıcı gücü isə Azərbaycan Respublikasıdır!

İndi seçim BMT-dir: ya köhnə, pozucu geosiyasi xəttə, ya da yeni konstruktiv mövqeli geosiyasi düşərgəyə üstünlük verilməlidir! Topu BMT-yə ötürdülər!

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət