Heç bir qüvvə bizi  haqq işimizdə dayandıra bilməyəcək

post-img

Ölkədə Milli Məclisə növbədənkənar parlament seçkilərinin keçirilməsi siyasi hadisə kimi yadda qaldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq  parlament seçkiləri ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın bütün yerlərində keçirildi. Xankəndidə, Şuşada, işğaldan azad edilən digər yaşayış məskənlərimizdə qalib ölkənin qürurlu vətəndaşları müqəddəs bayrağımızın dalğalandığı məntəqələrdə səsvermədə iştirak edərək seçim etdilər. Bu xoş mənzərə bütövlüyümüzün, milli birliyimizin təsdiqi olmaqla yanaşı, azərbaycanlı olmağımızın ucalığı idi.

Siyasətçi, diplomat, sərkərdə olaraq Azərbaycanın haqq savaşında öndə dayanaraq bütün cəbhələrdə düşmənlə, onun havadarları ilə mübarizədən qalib ayrılaraq haqqımızı bizə qaytaran, iki yüz illik  tariximizdə ən böyük qələbəni xalqımıza yaşadan Prezident İlham Əliyev Xankəndiyə tarixi səfərindən sonra bu dəfə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitq söyləyir, vətəndaşlarımızı bu əlamətdar günlə bağlı təbrik edirdi. Bizə qalib xalq statusu verən Prezidentin parlamentin ilk iclasında məzmunlu çıxışı, fikirləri, dünyaya mühüm mesajları düşünürəm ki, hələ çox təhlil ediləcək, müzakirə mövzusu olacaq. Ölkəmizin hədəflərini açıqlayan dövlətimizin başçısı qeyd etdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir.

Prezident çıxışında daha bir önəmli məqama toxunaraq bəyan etdi ki, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir. Dövlət başıçısı bu təxribatların bu günə qədər heç bir nəticəsinin olmadığını vurğuladı, bunların qarşısında xalqımızın güclü iradəsinin və milli ruhumuzun dayandığını qeyd etdi. Prezident xüsusilə diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın Azərbaycanda kök salması qeyri-mümkündür. Bununla belə, ölkə başçısı bildirdi ki, bu, bizi sakitləşdirməməlidir. Bəli, xaricdən yürüdülən aqressiv təbliğatın qarşısını almaq üçün hər birimizin sayıq olması zəruridir. 

Unutmaq lazım deyil ki, informasiya-texnologiyalarının inkişaf dövründə  “qara piar”ın gücü də artıb və manipulyasiyalara əl atan məkrli mərkəzlər, dar siyasi məqsələrini güdən qüvvələr Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsini həzm edə bilmir, uydurma və reallıqdan uzaq təxribat dolu məlumatları dövriyyəyə buraxırlar. Əlbəttə, Vətəninə bağlı hər bir azərbaycanlı dövlətinin yanında olacaq, mahiyyətindən asılı olmayan bütün təxribatlara ölkəmizin daha da çiçəkləməsinə töhfə verməklə cavab verəcək. 

Bu gün hər bir azərbaycanlının da məlumatı var ki, Qarabağ müharibəsindən sonra bəzi bədnam qüvvələr və ermənipərəst dövlətlər Azərbaycana qarşı güclü təbliğat aparırlar. Bu qarayaxma kampaniyası xüsusilə də COP29 ərəfəsində daha da güclənib. Eyni zamanda, dövlət bütövlüyümüzün və suverenliyimizin bərpası bəzi dövlətləri mövcud reallığa qeyri-adekvat reaksiya verməsi də heç kimə sirr deyil. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında anti-Azərbaycan təbliğatına toxunması və buna qarşı mübarizə aparılmasının vacid olduğunu bildirməsi önəmlidir.  

Dövlət başçısı çıxışında əhalinin rifah halının daha da yaxşıllaşdırılmasının da diqqət mərkəzində olduğunu açıqladı. İqtisadi sahədə bu ilin göstəricilərini müsbət qiymətləndirən Prezident İlham Əliyev əlavə etdi ki, səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda isə artım 7 faiz olub. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Təbii ki, bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşdırılması məsələsi dayanır və hər keçən il əhalinin rifah halının yüksəldiməsinə yönəlmiş addımların artılması bunu təsdiqləyir. 

Bundan başqa, Prezident İlham Əliyev ərazi bütövlüyü bərpa olunmuş ölkənin ali tribunasından ölkəyə və dünyaya mühüm mesajlar verdi. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etməyə davam edəcək, xarici siyasətdə heç bir geriyə addım olmayacaq və heç bir qüvvə bizi  haqq işimizdə dayandıra bilməyəcək. 

Qüdrətli ölkənin qalib lideri kimi Prezident İlham Əliyevin gələcəyə yönəlik strateji proqram xarakterli çıxışının hər bir fikrinin arxasında dövlətimizin daha da güclü olmasına hesablanan siyasət, qətiyyət dayanır. Bu baxımdan prezidentin çıxışı yeni parlamentin hər bir üzvünün qarşısında gələcək fəaliyyətində bu tezisləri əsas tutaraq böyük amala doğru birgə yürümək məqsədi qoyur.

Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsinin 
sədr müavini



Siyasət