Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb

post-img

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 13-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb.

Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib.

Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib.

Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Siyasət