Azərbaycan Milli Məclisinə seçkilər ərəb mediasında

post-img

Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ərəb ölkələri media orqanlarının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, “Əl Vatan” qəzeti “Azərbaycan işğaldan azad olunmuş ərazilərində parlament seçkiləri keçirdi” sərlövhəli məqaləsində Prezident İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti sayəsində torpaqların işğaldan azad olunmasından sonra ölkənin bütün suveren ərazisində ilk dəfə qanunverici orqana seçkilər keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyası böyük uğur qazanıb. Müəllif bu seçkilərin dünyada fəal sülhsevər siyasət aparan Azərbaycanın gələcək inkişafında mühüm mərhələ olduğunu vurğulayıb.

“Əl Arabi” qəzetinin “Azərbaycanda hakim partiya parlament seçkilərində qələbə qazandı” sərlövhəli məqaləsində diqqətə çatdırılıb ki, 125 deputat yeri olan qanunverici orqana seçkilərdə 990 namizəd iştirak edib və Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb. Məqalədə seçki prosesinin sakit və şəffaf şəraitdə keçdiyi, beynəlxalq müşahidəçilərin səsvermənin nəticələrinə yüksək qiymət verdikləri qeyd olunub.

“Əl Bələd”, “Arab48”, “Saw Beirut”, “Əl Masr Əl Yom” və digər kütləvi informasiya vasitələri də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər haqqında məqalə və xəbərlər dərc edib. Ərəb mediası vurğulayıb ki, 2020-ci ildə 44 günlük müharibədə böyük Qələbə qazanan və 2022-ci ildə özünün bütün ərazisində dövlət suverenliyini bərpa edən Azərbaycan tərəqqi, rifah və əmin-amanlıq yolunda daha bir mühüm addım atıb. Həmçinin diqqətə çatdırılıb ki, parlament seçkilərində azərbaycanlıların yüksək fəallığı qeydə alınıb, xalq özünün layiqli namizədlərini seçmək üçün seçki məntəqələrinə axışıb.

Siyasət