Milli Kitabxanada “Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyov” adlı kitab sərgisi açılıb

post-img

İsmayıl Soltan oğlu Hacıbəyov 2 sentyabr 1949-cu ildə Bakıda anadan olub. 

1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor Qara Qarayevin sinfi üzrə bitirmişdir.

İsmayıl Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq kimi daxil olmuşdur.

Əsərləri arasında simfonik orkestr üçün uvertüra, simli kvartet, kamera orkestri üçün konsertino, skripka violonçel və orkestr üçün ikili konsert, fortepiano və orkestr üçün “Cəngi” rapsodiyası, fortepiano üçün “Vatto üslubunda eskizlər”, qarışıq xor və orkestr üçün “Memorial” kantatası, Andersenin nağılları əsasında süita, “Naxışlar” feeriyası, fleyta və simli orkestr üçün Konsertştük, Dante, Fridrix fon Xauzen, Puşkin, Yesenin, Səməd Vurğunun sözlərinə yazılmış vokal əsərləri var. Üç pərdəli “Firuzə” operasının müəllifidir. 

Azərbaycan Dövlət Konservatoriyasının professoru İsmayıl Hacıbəyov  ömrünün sonuna kimi bəstəkarlıq və polifoniya üzrə dərs deyib. 

Görkəmli bəstəkar, professor İsmayıl Hacıbəyov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 28 oktyabr 2000-ci ildə "Əməkdar incəsənət xadimi" adına layıq görülüb. 

Professor İsmayıl Hacıbəyovun anadan olmasının 75-ci ildönümü ilə əlaqədar Milli Kitabxanada  “Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyov” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dilində ədəbiyyatlar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Mədəniyyət