Fəxr ilə qeyd etmək olar ki, möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün daha da inkişaf edir və yeni məzmunla zənginləşir. İkitərəfli əlaqələrimizin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
“Sizin qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində sosial-iqtisadi inkişaf yolu ilə dinamik şəkildə irəliləyən Özbəkistan mühüm uğurlara və nailiyyətlərə imza atmışdır. Bütün bunların təməlində Sizin yorulmaz əməyiniz, rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Biz qardaş ölkənizin bütün uğurlarına, iqtisadi yüksəlişinə, dünyada və regionda gündən-günə artan nüfuzuna sevinir, bundan qürur hissi duyuruq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı qeyd edib: “Bir neçə gün əvvəl gözəl ölkənizə həyata keçirdiyim dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına yeni təkan vermişdir. Dövlətlərarası əməkdaşlığımızı daha da dərinləşdirmək əzminizi yüksək qiymətləndirir, müzakirə etdiyimiz planları ən qısa zamanda reallaşdıracağımıza əminliyimi ifadə edirəm”.
Azərbaycan Prezidenti əlavə edib ki, intensiv xarakter daşıyan ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin nəticəsi olaraq əldə olunmuş mühüm razılaşmalar, müəyyən edilmiş yeni tərəfdaşlıq istiqamətləri, imzalanmış çoxsaylı sənədlər strateji tərəfdaşlığımızın yüksələn xətlə və hərtərəfli inkişaf etdiyinin əyani göstəricisidir.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Özbəkistan dostluğunun və qardaşlığının möhkəmləndirilməsi, əməkdaşlığın daha da genişləndirilməsi yolunda birgə səylər bundan sonra da uğurla davam etdiriləcək.