Ermənistan 4 min soydaşımızın taleyinə aydınlıq gətirməlidir

post-img

“30 avqust BMT qərarları ilə Beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş 4 minə qədər Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi yalnız onların doğmalarını deyil, Azərbaycan dövlətini narahat edən ən kəskin humanitar problemlərdən biridir”.

Bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici si­yasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımın­da bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərərək onların aqibəti və kütləvi məzarlıqlarının yeri barədə məlumatları verməkdən yayınır:

“Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürül­müş azərbaycanlıların Ermənistan tərəfin­dən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut et­mişdir. Bu insanlığa qarşı cinayətlərdə gü­nahkar olanlar Ermənistanda nəinki cəza­landırılmır, hətta qəhrəmanlaşdırılır. Lakin haqq, ədalət öz yerini tapdı! Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir. Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra Qərb siyasətçiləri və Qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliy­yətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”.

“Torpaqlarımızın işğaldan azad edil­məsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prosesinə böyük tə­kan verib. Prezident İlham Əliyevin tap­şırığına uyğun olaraq aşkar olunmuş insan qalıqlarının DNT analızı əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətən­daşlarla əlaqədar Dövlət Komissiyası və müvafiq dövlət qurumu tərəfindən indiyə qədər Birinci Qarabağ müharibəsi zama­nı itkin düşmüş 149 nəfərin şəxsiyyətini müəyyənləşdirmək və ailələrinə məlumat vermək mümkün olmuşdur. 30 ildən sonra onların tapılması və hərbi təntənə ilə dəfn edilməsi Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına olan şəxsi qayğısı və diqqətinin növbəti təzahürüdür. 30 il Er­mənistan-Azərbaycan münaqişəsi konteks­tində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyətini qənaətbəxş hesab etmirik. Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat ya­zan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır. Azər­baycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bun­dan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcək”, - H.Hacıyev vurğulayıb.

XQ



Siyasət