Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır.
AZƏRTAC xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.
Onun sözlərinə görə, Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən marionet hökumətlər vasitəsilə Rusiyanın ətrafında münaqişə ocaqlarını qızışdırmağa hazırdır. Səfir belə müdaxilələrə misal olaraq, Aİ-nin Ermənistandakı müşahidə missiyasını göstərib: “Kanadadan da bir “ekspert”in qoşulması ilə bu missiya faktiki olaraq NATO-nun şübhəli məqsədləri olan əməliyyatına çevrildi. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və ya nə Ermənistanın, nə də Azərbaycanın nəzarətində olmadığını təsdiqləyir. Əslində, bu missiya Azərbaycan, İran və Rusiya Federasiyasına qarşı kəşfiyyat məlumatları toplayır”.
M.Yevdokimov əlavə edib ki, Qərbin Cənubi Qafqazda əsas vəzifələri Rusiyanı sıxışdırıb çıxarmaq, eləcə də Avrasiyadakı inteqrasiya proseslərinə zərbə vurmaqdır. “Qərbin müxtəlif ölkələrin və regionların daxili işlərinə qarışması heç vaxt sülh yolu ilə nizamlanmaya gətirib çıxarmayıb. Onların Cənubi Qafqazda əsas vəzifələri uzunmüddətli və davamlı sülhə nail olmaq deyil, Rusiya Federasiyasını sıxışdırıb çıxarmaq, regionumuzda süni bölücü xətlər yaratmaq və son nəticədə Avrasiyada inteqrasiya proseslərinə xələl gətirməkdir”, -deyə rusiyalı diplomat bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva