Mərkəzi Asiya iqtisadi və strateji baxımdan mühüm regiondur. Beynəlxalq arenada demək olar ki, bütün əsas oyunçular bu region ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələri qururlar. Cənubi Qafqaz regionun nüfuzlu və ən güclü dövləti kimi Azərbaycan da Mərkəzi Asiya ölkələrilə münasibətlərini gücləndirir. Ortaq dil, din və tarixi əlaqələr münasibətlərin inkişaf etməsinə şərait yaradır. Bu günlərdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Prezident İlham Əliyevin Qazaxıstana səfəri münasibətlərdə müşahidə olunan müsbət dinamikaya öz töhfəsini verməklə yanaşı, ölkəmizin dünyanın strateji əhəmiyyətli regionunda cərəyan edən proseslərdə mühüm rol oynayan vacib aktor olduğunu da təsdiqləyir.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib. Deputat vurğulayıb ki, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında çoxəsrlik əlaqələr ümumi mədəni irsin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələri və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə geniş əməkdaşlıq edirlər. Region ölkələri ilə Azərbaycan arasında tez-tez yüksək səviyyəli səfərlər gələcək əməkdaşlığın yeni istiqamətini nümayiş etdirir. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri Bakının diplomatik fəallığını nümayiş etdirməklə yanaşı, region ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu da göstərir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri region dövlətlərinin Bakının təşəbbüslərinə, iki mühüm bölgə arasında oynadığı strateji roluna verdikləri yüksək qiymətin nəticəsidir.
Prezident İlham Əliyev avqustun 9-da Astanada keçirilən Mərkəzi Asiya dövlət başçılarının VI Məşvərət Görüşündə iştirakı mühum hadisələrlə yadda qaldı. Bu səfər Azərbaycanın Mərkəzi Asiyada artan diplomatik fəaliyyətini və strateji əhəmiyyətini vurğulayır. Əlbəttə, Azərbaycan region ölkələri ilə intensiv və ardıcıl şəkildə əməkdaşlıq əlaqələri qurur. Təkcə xatırlamaq kifayətdir ki, Azərbaycan iki Mərkəzi Asiya ölkəsini - Qazaxıstan və Türkmənistanı da əhatə edən Xəzər beşliyinə daxildir. Bu amillər də Azərbaycanı Mərkəzi Asiyada mövcudluğunu artırmağa və gücləndirməyə sövq edir.
Coğrafi yaxınlıqdan əlavə, Azərbaycanın regionda iqtisadi maraqları var. Qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Bundan başqa, Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında investisiya layihələri fəal şəkildə həyata keçirilir, birgə investisiya fondları yaradılır. Bundan əlavə, Azərbaycan Qafqazın ən güclü iqtisadiyyatıdır, iqtisadi diversifikasiya siyasətini davam etdirir və buna görə də beynəlxalq arenada iştirakını genişləndirir. Mərkəzi Asiya regionu da bu siyasətin həyata keçirilməsində mühüm yer tutur.
Ümumiyyətlə, indiyədək “Mərkəzi Asiya +” formatında ən yüksək səviyyədə sammit və görüşlər keçirilir. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən format da hər keçən gün strateji çəkisini artırır. Ona görə ki, Azərbaycanın nəqliyyat imkanları və iqtisadi resursları Mərkəzi Asiyaya əlavə potensial verir və bununla da regionun malik olduğu keyfiyyət xüsusiyyətlərini gücləndirir. Burada həm də ölkəmizin etibarlı tərəfdaş olması, dost ölkələrlə əməkdaşlığa açıq olması da mühüm rol oynayır.
Azərbaycan və Mərkəzi Asiya ölkələri təhlükəsizliyin təminatında da əlaqələri gücləndirirlər. Bu ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələri Xəzər dənizinin Qazaxıstan sahillərində keçirilən “Birləşdik-2024” əməliyyat-taktiki komanda-qərargah təlimlərində iştirak etdi. Prezident İlham Əliyev çıxışında bu məqama diqqət yetirərək bildirdi ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir: “Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.
Sammitdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də “5+Azərbaycan” formatında regionda qarşılıqlı hərbi dəstək və əməkdaşlığın bütün aspektlərini əks etdirən yeni strateji sənədin - regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Konsepsiyası hazırlanmasını təklif etdi. Liderlərin çıxışları belə deməyə əsas verir ki, “5+Azərbaycan” formatı Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında təhlükəsizliyin artırılmasına verdiyi töhfəni gücləndirəcək.
Rəşad Mahmudov yekunda qeyd edib ki, dövlət başçımızın Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşünə dəvət edilməsi ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Bu, eyni zamanda, Azərbaycanın Avrasiyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərdə əhəmiyyətli rol oynayan aktor olduğunu, iqtisadi və hərbi təhlükəsizlik sahələrində yüksək etimada malik ölkəyə çevrildiyini göstərir.