“Azərbaycan-Ermənistan münaqişəsindən söhbət gedəndə fransız riyakarlığı özünü büruzə verdi. Fransa Qarabağ bölgəsində erməni separatizmini və erməni hərbi-terror əməliyyatlarını dəstəklədi”.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri tanınmış politoloq-jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb.
“Fransa, Azərbaycan və Yeni Kaledoniya” sərlövhəli məqalədə Yeni Kaledoniyada keçirilən nümayişlərin Fransa ilə Azərbaycan arasında diplomatik qalmaqala səbəb olduğu qeyd edilib. Bildirilib ki, Yeni Kaledoniyada nümayişlər və gərginlik müstəqillik tərəfdarlarının iddiasına görə yerli kanak əhalisinə qarşı ayrı-seçkilik edən yeni seçki qanununun ictimai müzakirəsindən sonra başlayıb.
Məqalədə Fransa tərəfinin nümayişlərdə kanak bayrağının yanında Azərbaycan bayrağının da dalğalandığını iddia etdiyi və şübhələrlə kifayətlənməyərək, Azərbaycanı Yeni Kaledoniyada hökm sürən qeyri-sabitlikdə günahlandırdığı vurğulanıb.
Müəllif qeyd edib ki, Fransa hakimiyyəti yeritdiyi xarici siyasəti və bunun mənfi təsirlərinə məruz qalan ölkələrlə münasibətlərini nəzərdən keçirmək əvəzinə, Fransa müstəmləkələrindəki qeyri-sabitliyə görə günahkar axtarışına çıxıb və bu mənada Azərbaycanı hədəfə alıb.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə riyakar siyasət yürütmüş Fransa Qarabağ bölgəsində erməni separatizmini və erməni hərbi-terror əməliyyatlarını dəstəkləyib. Habelə Azərbaycanın ərazi bütövlüyünə dair ədalətli tələbindən yan keçməyə çalışan Fransa parlamentinin hər iki palatası Ermənistanın özünün belə tanımadığı qondarma “Artsax Respublikası”nın müstəqilliyini 2020-ci ildə tanıyıb.