“Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə enib. Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ silahlı qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gətirilib.
Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları çatdırılıb.
Caliber.az-ın əldə etdiyi məlumata görə, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib.
Daha sonra, yuxarıda qeyd etdiyimiz kimi, ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli-miqdarda silah və sursat gətirilib. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. Bu zaman Aİ missiyasının Azərbaycan ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından istifadə edilib.
Caliber.az onu da öyrənib ki, iki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək.
Ancaq bu hamısı deyil. ABŞ təbii ki, bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfərlik heyət də göndərib. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib. Onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlı şəxslərdir. Şəxsi heyət Ermənistan silahlı qüvvələrinin geyim forması ilə təchiz olunub və Ermənistan hərbçilərinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
Maraqlıdır, bir tərəfdən sülhə çağırış edən ABŞ-ın, digər tərəfdən Ermənistanı gizli şəkildə ölümcül sulaharla təmin etməsinin arxasında nə dayanır? ABŞ başa düşürmü ki, Azərbaycan hərbçiləri bu silah və sursatlardan istifadə edilərək öldürülərsə, o zaman Vaşinqton buna görə birbaşa məsuliyyət daşıyacaq?
XQ