Allahşükür Paşazadə: İslam daxili münaqişələrin aradan qaldırılmasına xidmət etməlidir

post-img

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, Səudiyyə Ərəbistanının İslam işləri, irşad və dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində A. Paşazadə avqustun 4-də Məkkə şəhərində keçirilən “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edib.

Sayca 9-cu dəfə təşkil olunan konfransa 60-dan çox müsəlman dövləti təmsil edən rəsmi şəxslər, İslam aləminin nüfuzlu din xadimləri qatılıblar. Tədbir “Qurani-Kərim”in tilavəti ilə işə başlayıb. Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al Əş-Şeyx məruzə ilə çıxış edib.

Səudiyyə Ərəbistanı Kralının himayəsi ilə baş tutan nüfuzlu forumda çıxış edən şeyxülislam A.Paşazadə dünya müsəlmanlarının müqəddəs məkanı Məkkədə belə bir tədbirin keçirilməsinin İslam dünyası üçün xüsusi önəm daşıdığını vurğulayıb. QMİ sədri İslam ümmətinin maraq və mənafelərinə, beynəlxalq müstəvidə mötədil İslam irsinin təbliğinə, tolerantlığın təşviqinə xidmət edən, müxtəlif dinlər arasında tolerantlığı və qarşılıqlı anlaşmanı təbliğ edən, insanlar arasında mənəvi körpülər yaradan Məkkə Bəyannaməsini ümumbəşəri dəyərlərə töhfə kimi qiymətləndirib.

Bu gün dünyanın müxtəlif nöqtələrində baş verən qarşıdurma və sülhə təhdid olan halların qarşısının alınması üçün İslam aləmi daxilində həmrəyliyin güclənməsi, məzhəblərarası anlaşma mühitinin möhkəmləndirilməsinin xüsusi zərurət kəsb etdiyinə diqqəti çəkən Şeyxülislam A. Paşazadə İslam dünyasının mötədil, dinlərarası tolerantlıq və məzhəblərarası anlaşma məkanı olan Azərbaycanın örnək təcrübəsindən, bu istiqamətdə dövlətimizin səylərindən danışıb.

A.Paşazadə ümmətimiz üçün əhəmiyyət daşıyan tədbirdə veriləcək fətvaların İslam daxili vəhdət, bəşəri həmrəyliyə, insan qardaşlığına, məzhəbi yaxınlaşmaya xidmət etməli, bəzi siyasi qüvvələrin dindən sui-istifadə edərək cəmiyyətlərə yanlış dəyərlər təlqin etməsinin qarşısını almalı olduğuna diqqəti çəkərək, islamofobiya hallarının artmasına xüsusi toxunub. Məkrlə düşünülmüş, planlaşdırılmış siyasi oyunların təhlükəli fəsadlarının önünü kəsmək üçün ən münasib qərar olaraq şeyxülislam A.Paşazadə Məkkədə İslam dünyasının Fətva şuralarının Beynəlxalq mərkəzinin məhz yaradılması təklifi irəli sürüb. Bildirib ki, bir mərkəzdən verilən qərarlar və qəbul edilən fətvalar İslam ümmətinin gələcəyini mütərəqqi şəkildə yönəltməli, İslam daxili münaqişələrin aradan qaldırılmasına, müsəlman ümməti daxilində anlaşma mühitinə xidmət etməlidir.

Çıxışı zamanı QMİ sədri Azərbaycanda bu ilin noyabrında keçiriləcək BMT miqyaslı tədbir - ekoloji böhran, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması məramlı COP29 barədə məlumat verib, bu forum çərçivəsində Dünya Dini Liderlərinin Sammitinin baş tutacağı, iqlim problemlərinin mənəvi dəyərləndirilməsi məramı ilə dünyanın tanınmış dini liderlərinin və ictimai xadimlərinin Bakıda toplaşacağı barədə ətraflı danışıb.

Şeyxülislam A. Paşazadə konfrans çərçivəsində Məkkədə bir sıra görüşlər keçirib. QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, irşad və dəvət naziri, konfransın prezidenti Əbdüllətif Al Əş-Şeyxlə görüşdə nazirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salam-dualarını çatdırıb. Şeyxülislam nazirə bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 haqqında ətraflı məlumat verib və naziri bu tədbir çərçivəsində keçirilməsi nəzərdə tutulan Dini Liderlərin Sammitinə dəvət edib.

Konfrans çərçivəsində şeyxülislam A.Paşazadə Türkiyənin Dini İşlər Başkanı Ali Erbaşla, Misirin vəqflər naziri Usama Əl-Əzhəri ilə də görüşlər keçirərək fikir mübadiləsi aparıb. A.Paşazadə, həmçinin Mərakeş, Misir, Qambiya, Oman, Somali, Mali və digər müsəlman ölkələrinin dini işlər nazirləri, müftilər və din xadimləri ilə görüşüb.

Konfrans işini davam etdirir.







Siyasət