Sükanı belə saxlayın!

post-img

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 5 avqust Azərbaycan Hərbi Dəniz Donanması Günü kimi qeyd edilir.

1918- ci ildə yaranan, adını böyük iftixar hissi ilə çəkdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini, ərazi bütövlüyünü müdafiə etmək üçün milli orduya ehtiyac duyduqda Azərbaycan Silahlı Qüvvələrinin yaradilmasına çalışdı.

1919-cu ildə  Azərbaycanı tərk edən ingilislər hərbi gəmilərinin bir hissəsini Azərbaycana təhvil verdilər. Bu gəmilərdən ibarət olan hərbi dəniz donanması fəaliyyətə başladı.

"Kars", "Ərdahan", "Astrabad", "Göytəpə", "Araz", "Nargen", "Oryol" və digər gəmilərdən ibarət olan hərbi donanmada kadr çatışmazlığı olduğu üçün Bakı Dəniz Aviasiya məktəbinin nəzdində Xüsusi  Hərbi Dəniz Aviasiyası məktəbi açıldı. Təəssüf ki,  sovet imperiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Azərbaycanın  hərbi donanmanın maddi-texniki ehtiyatlarının artırmaq, donanma üçün hərbçilər hazırlamaq səyləri yarıda qaldı. 1991- ci ildə keçmiş SSRİ-nin süqutu ilə Azərbaycan  yarıda qalmış müstəqillik arzusuna qovuşdu.

1992- ci ildə Azərbaycan Respublikası Hərbi Dəniz  Qüvvələri Qərərgahı təşkil edildi, mühafizə ordusu yaradıldı. Hərbi donanmanın inkişaf etməsində, bu sahədə peşəkarların yetişməsində Ulu öndər, uzaqgörən siyasətçi Heydər Əliyevin böyük xidmətləri oldu. Elə həmin il "Bakılı" adlanan gəmi üçrəngli bayrağı dalğalandıraraq Xəzər dənizində  üzməyə başladı.

Hazırda ölkəmizdə Prezident İlham Əliyevin böyük xidmətləri nəticəsində qüvvətlənmiş, mükəmməl, Vətənimizə tuşlanan həmlələri anındaca dəf etməyə mövcud olan Azərbaycan Hərbi Dəniz Qüvvələri mövcuddur. 44 günlük Vətən müharibəsində Hərbi Dəniz Qüvvələri Goranboy rayonunda milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan "Mübariz postu" istiqamətində ilk döyüş tapşırığını uğurla yerinə yetirdi, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində hücumu davam etdirərək, bir çox yaşayış məntəqələrini azad etdi, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyətı  qoşunlara  təhvil verdi.

Hərbi Dəniz Qüvvələri – xüsusi təyinatlılarının fədakarlığı sayəsində Qubadlı şəhəri işğaldan azad edildi, Polkovnik Zaur Quliyev  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə videogörüntü ilə məruzə edərək Qubadlı şəhərinin azad edildiyini bildirdi.

Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərinin azad edilməsində, Qızılqayanın alınması uğrunda gedən döyüşlərdə hərbçı-dənizçilərimiz xüsusilə fərqləndilər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən Zaur Quliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Azərbaycan Hərbi Dəniz Donanması Günü münasibəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrində xidmət edən hərbçilərimizi təbrik edirik. Əminik ki, Azərbaycan gəmiləri etibarlı əllərdədir. 

Sükanı belə saxlayın! Səmtiniz həmişə əmin-amanlığa, sülhə sarı olsun! 

Zülfiyyə ZİYA

XQ

Son xəbərlər