Həqiqəti gizlədən qərəz

post-img

Mövcud qanunvericiliyə əsasən parlament seçkilərinin açıq təşviqat mərhələsi avqustun 9-da başlayacaq. Buna baxmayaraq, psevdopatriot və demaqoqların sayəsində sosial şəbəkələrimiz artıq indidən “triller” janrında səhnəciklərlə aşıb-daşmaqdadır. Sirr deyil ki, radikal təfəkkürün əsas “silahı” qərəz və emosiyadır. Radikallar siyasətdə amorf mövcudluqlarını yalnız bu vasitə ilə qoruya bilirlər. Dünya ölkələrinin təcrübəsi bu təsbitin artıq qəbul edilmiş bir siyasi həqiqət olduğunu sübut edir. Pərdələnmiş məkrli oyunlarda alətə çevrilməmək üçün vətəninə və dövlətçiliyə sadiq hər bir Azərbaycan vətəndaşı bu həqiqəti heç vaxt gözardı etməməlidir. Qeyd olunanları nəzərə alsaq, obyektiv həqiqət sağlam baxış və açıq gözlə kifayət qədər aydın görünməkdədir. Bunun üçün heç mürəkkəb mülahizələrə də ehtiyac yoxdur. Lakin demaqoqların qərəzlərinin arxasında “daha nələr”in dayanmasının ortaya çıxması sadə vətəndaşın prosesləri daha düzgün dəyərləndirməsi baxımından faydalıdır və bu yanaşma ilə sadə mülahizələrlə bəzi mətləblərə aydınlıq gətirməyə çalışaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Həqiqəti gizlədən qərəz” sərlövhəli məqaləsində yer alıb.

Hamımız şahidiyik ki, son 3-4 il ərzində ölkənin siyasi partiyalar sistemində ardıcıl islahatlar həyata keçirilməkdədir. Bu islahatlar həm də, demək olar ki, bütün müstəvilərdə aparılır: qanunverici, institusional və hətta ideoloji müstəvilərdə. Bəzi hadisələri obyektiv baxışla təhlil edəndə aydın olur ki, aparılan bu islahatlar və ardıcıl təşəbbüslər uzun illər ərzində toxunulmaz şəkildə mövcud olan və xarici qüvvələr tərəfindən “bəslənilən” hansısa “kərtənkələ yuvası”nı dağıdıb. Qeyd olunan sahədə görülmüş işlərin və xüsusilə israrla təşviq olunan siyasi dialoq mühitinin partiyaların ölkənin siyasi sisteminin aparıcı təsisatına çevrilməsinə şərait yaratdığını nəzərə alsaq, bu sahədə sağlam və təmiz münasibətlərin bərqərar edilməsinə, habelə hər bir siyasi partiya tərəfindən müstəqil fəaliyyət üçün maneçilik törədən həmin “yuva”nın tamamilə dağıldığını deyə bilərik. Əslində bu, həm də milli həmrəylik yolunda sezilməyən gizli maneələrin aradan qaldırılması demək idi. Bütün bunları kimlərsə etiraf etməyə bilər, ancaq onları inkar etmək və bu həqiqəti görməyə yalnız qərəz mane ola bilər. Qeyd olunanlar radikalların son zamanlar nümayiş etdirdikləri qərəzli çıxışların əsl səbəblərinə müəyyən mənada aydınlıq gətirir.

Obyektiv həqiqətin müəyyən olunmasına xidmət edən təkrarçılıqda heç bir qəbahət yoxdur. Bəzi məqamlarda təkrarçılıq hətta faydalı da ola bilər. Bu il sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-nin artıq qatıldığı mətbuatda yayımlanan xəbərlərdə qeyd olunur və onlar seçkilərdə öz namizədləri ilə təmsil ediləcəklər. Bu cür həqiqətləri görməzdən gəlməyə yalnız qərəzli yanaşma səbəb ola bilər. Böyük ehtimalla artıq indidən qərəz dolu bəyanatların mətni hazırdır, çünki bəzi beynəlxalq təşkilatlar bu cür, sözün əsl mənasında, demokratik statistikanı görmək istəməz. Axı bu statistikanın etiraf olunması onların manipulyasiyalarının sonu deməkdir.

Heç təəccüblü deyil ki, bu cür demokratik statistika ilə mübarizə vasitəsi kimi məhz “boykot” seçilib. Əslində isə bizim bu zavallı radikal düşərgənin “bacarıq” və “qabiliyyətlər”ini nəzərə alaraq deyə bilərik ki, onların icraatında olan və seçkidən seçkiyə üz tutduqları “boykot” sadəcə acizliyin etirafıdır. Onların bu və buna bənzəyən bütün oyunları xarici qüvvələrə ölkəmizə qarşı qərəzli manipulyasiyalar aparmaq üçün münbit şərait və bəhanələr yaradır. Müşahidə etdiyimiz bir çox məsələlər sadəcə bu kiçik və danılmaz həqiqət ilə izah edilə bilər.

Mülahizələrimizi daha aydın etmək üçün kiçik və sadə bir müqayisə aparaq. Hamı o fikirlə razı olacaq ki, güləşçi (idmançı) öz üstünlüyünü yalnız yarışda xalça üzərinə çıxıb güləşərək nümayiş və sübut edə bilər. Bir anlıq təsəvvür edin ki, Olimpiya çempionumuz Hidayət Heydərov: “Fransa ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir və buna görə Fransada fransız rəqibimlə güləşməkdən imtina edirəm” fikrini səsləndirir və tatamiyə çıxmır. Razılaşın ki, təsvir etdiyimiz bu mənzərə tamamilə absurd və hətta ağılsız yanaşma olardı. AXCP-nin də seçkilərlə əlaqədar nümayiş etdirdiyi davranış da eynilə təsəvvür olunduğu kimi absurd və ağılsızlıqdır. Necə ki, idmançı öz gücünü yalnız yarışda nümayiş etdirərək sözünü deyə bilir, siyasətçi də öz potensialını seçkilərdə sınaya bilər.

Olimpiya çempionumuz Hidayət Heydərovun ev sahibi Fransanın təmsilçisi ilə final qarşılaşmasına çıxmasının səbəbi Vətənə sevgisi, peşəkarlığı və özgüvənidir. Məhz elə bu vacib keyfiyyətlər bizim zavallı radikallarımızda yoxdur, radikal təfəkkür isə bu cür keyfiyyətlərə sahib olmağı mümkünsüz edir. Radikalların “boykot” elan etməsinin yaramaz məqsədi ölkədə təxribat xarakterli situasiyaların yaradılmasıdır. Bu sadə həqiqəti bilmək lazımdır ki, emosional manipulyasiyaların təsiri altına düşməməliyik.

Parlament seçkilərinə növbəti dəfə “boykot”un elan olunması eyni zamanda o deməkdir ki, zavallı siyasətciklər hələ də özlərini bu xalqın və cəmiyyətin parçası kimi hiss etmirlər. Odur ki, qərəzli tənqidlərin əsas strateji hədəfi həqiqətləri gizlətməkdir. Axı onlar da başa düşürlər ki, ölkənin 26 siyasi partiyasından 25-nin seçkilərdə iştirak etməsi yeni simaların və yeni ideyaların siyasi meydana gəlməsi deməkdir. Bu, eyni zamanda, siyasətdə sağlam rəqabətin yaranması deməkdir. Dayanıqlı demokratik ənənələrin formalaşdırılmasının yeganə yolu budur. Unutmayaq ki, demokratiya satın alınmır və hədiyyə də olunmur. Dayanıqlı demokratik münasibətlər yalnız ənənələr vasitəsilə formalaşdırılır. Cəmiyyətin müxtəlif təbəqələrini özündə birləşdirən siyasi partiyaların bu cür fəallığı da məhz həmin ənənələrin formalaşdırılması prosesini stimullaşdıran önəmli amillərdəndir.

Siyasət