Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən dərhal sonra həmin bölgələrdə quruculuq işlərinə başlayıb. Bu günə qədər minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarına qayıdıb. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Lakin təəssüflə qeyd etmək istərdim ki, Ermənistan tərəfindən həmin ərazilərdə basdırılmış minalar quruculuq işlərinə böyük maneələr yaradır. Bu təhdidin aradan qaldırılması əsas hədəflərimizdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir. “Bu xüsusda 2024-cü il mayın 10-11-də iki ölkənin xarici işlər nazirləri arasında Almatıda keçirilmiş görüşə ev sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran “Ermənistan müstəqillik aktına” açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir”, - deyə C.Bayramov vurğulayıb.