Qabaqdangəlmişlik taktikası

post-img

İrəvan 1 aya sülh müqaviləsini imzalamağa hansı şərtlərlə hazırdır?

Rəsmi İrəvan Bakı ilə sülh marafonunun finiş xəttinə yaxınlaşdıqca qəribə bəyanatlar verməyə başlayıb. İlk baxışda sülhün tezliklə əldə olunmasına can atan tərəf təsəvvürünü yaradan açıqlamaların altın­dan başqa niyyətlərin gizləndiyi də sezilməkdədir. Ermənistanın siyasi rəhbərliyi Bakıya bir ay ərzində sülh müqaviləsi imzalamağı təklif edib, amma Azərbaycan tərəfi bu təklifə reaksiya verməyib. Belə bir məlu­matı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində estoniyalı həmkarı Marqus Saxkna ilə keçirdiyi mətbuat konfransında verib. Onun sözlərinə görə, İrəvan sülh müqaviləsi üzərində işi başa çatdırmağa və onu bir ay ərzində imzalamağa tam hazırdır: “Səmimi qəlbdən inanı­ram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və bölgədə sülhü bərqərar etmək üçün imkanımız var. İnanıram ki, bu sülh regionun bütün xalqlarına və ölkələrinə xeyir verəcək”. O qeyd edib ki, Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması və 1991-ci il Al­ma-Ata Bəyannaməsinin prinsipləri ilə dövlət sərhədinin müəyyən edil­məsi əsasında münasibətləri normallaşdırmağa hazırdır.

“Azərbaycan Ermənistana sülh sazişinin mətni ilə bağlı yeni təkliflər paketi göndərib. Sülh sazişinin imza­lanması üçün işlər aparılır”. Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həm­karı İlya Darçiaşvili ilə keçirdiyi bri­finqdə deyib. Eyni zamanda, bildirib ki, Ermənistan konstitusiyasında Azər­baycana ərazi iddiası ilə bağlı bənd qalmaqdadır: “Bu isə sülh üçün ən bö­yük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistanın adekvat addımlar atma­sını gözləyirik”.

Bir qədər əvvəl Ermənistan təhlükə­sizlik şurasının katibi Armen Qriqoryan da Ermənistanın Azərbaycandan sülh sazişinin layihəsi ilə bağlı onuncu təklif­lər paketini aldığını açıqlamışdı. Fəqət, Qriqoryan tərəflərin sazişi imzalamağa nə qədər yaxın olduqlarını dəqiqləşdir­məyib.

Bununla belə, Ermənistan–Azər­baycan danışıqlarının təfərrüatlarına bələd olan ekspertlər yaxşı bilirlər ki, Ermənistan tərəfinin bir ay ərzində sülh müqaviləsinin imzalanmasının real mümkünlüyü barədə bəyanatı, əslində, mövcud vəziyyəti olduğu kimi əks etdir­mir. Hamıya məlumdur ki, Bakı açıq şə­kildə sülh müqaviləsinin imzalanması üçün zəruri saydığı şərti irəli sürüb. Hə­min şərtə görə, Ermənistan öz konstitu­siyasını dəyişdirməlidir. Yəni, Azərbay­can rəhbərliyi qarşı tərəfin müstəqillik bəyannaməsində öz əksini tapmış “Ermənistan və Dağlıq Qarabağın bir­ləşməsi” ilə bağlı beynəlxalq hüquqa zidd müddəanı problemli hesab edir. İşğalçılığın təsdiqi sayılan bu müd­dəanın mövcudluğu, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyinin göstəri­cisidir. Sülhün yolunda kötüyə çevril­miş məlum maneəni aradan qaldırmaq əvəzinə, rəsmi İrəvan ziddiyyətli dav­ranışlar sərgiləyir, beynəlxalq ictimaiy­yətin gözünə kül üfürməklə məşğuldur. O, bir yandan konstitusiyasının yeni re­daksiyasının hazırlandığını deyir, digər yandan isə bu məsələnin sülh danışıq­larının predmeti olmadığını bəyan edir. Guya, bu məsələ Ermənistanın daxili işidir və sülh sazişinin imzalanması kontekstində nəzərdən keçirilə bilməz. İndiki çox həssas mərhələdə Paşinyan iqtidarının sülhün özü ilə manipulyasi­ya etmək cəhdləri göz qabağındadır.

*** 

Beləliklə, Ermənistan rəhbərliyinin Azərbaycan tərəfinin aydın şəkildə ifa­də etdiyi şərtlərlə sülh müqaviləsini im­zalamağa hazır olması barədə açıqla­malarının səmimiyyətdən uzaq olduğu üzə çıxır. Görünən odur ki, rəsmi İrə­vanın cəmi bir ay ərzində sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı verdiyi bəyanatlar, sadəcə, reallığa və ədalətə söykənməyən fərziyyədir. Er­mənistan isteblişmentinin məqsədi bu üsulla beynəlxalq ictimai rəylə mani­pulyasiya etmək və onu, guya, qarşı­da gözlənilən müharibəyə hazırlaşan Azərbaycanın əleyhinə yönəltməkdir. 

Bundan başqa, onu da qeyd etmək zəruridir ki, Azərbaycanın yekun sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərt – Ermənistan konstitusi­yasının dəyişdirilməsi yeni məsələ sa­yıla bilməz. Bu məsələ ilk dəfə 2020-ci ildə, demək olar ki, 44 günlük müharibə başa çatdıqdan dərhal sonra gündəmə gətirilib. Daha sonra isə sülh danışıq­ları prosesinə daxil edilib və Bakının məntiqi şərti sülh müqaviləsi layihə­sinə dair təkliflərdə nəzərə alınıb. İndi deyə bilərik ki, əgər Ermənistan sözdə deyil, əməldə sülhün əldə edilməsində maraqlı olsaydı, onun rəsmi nümayən­dələrinin iddia etdiyi kimi, Azərbayca­na qarşı ərazi iddialarından əl çəkər, konstitusiyasında göstərilən müddəa­ları dəyişdirmək üçün konkret addımlar atardı. Bunun üçün onun kifayət qədər vaxtı var idi.

44 günlük müharibədən dörd ilə yaxın vaxt keçib. Bu gün, Bakının, demək olar ki, bütün əsasları var ki, İrəvandan adı çəkilən maneəni aradan qaldırmasını tələb etsin. Əks təqdirdə, Ermənistanın Azərbaycana qarşı əra­zi iddiaları üçün əsas götürə biləcəyi hüquqi bazası dəyişməz qalacaq, sa­zişin imzalanması İrəvana əlavə divi­dend gətirəcək. Amma əldə olunacaq razılaşma Bakıya uzunmüddətli sülhün zəmanətini verməyəcək. Həm də ya­rana biləcək bu durum Ermənistanın Hindistan, Fransa və digər ölkələrin yaxından yardımı ilə həyata keçirdiyi kütləvi silahlanma kampaniyası müha­ribə təhlükəsini daha da artırır. 

*** 

Yeri gəlmişkən, Ermənistan XİN rəhbəri Tallinə səfəri zamanı estoni­yalı həmkarını regiondakı vəziyyət və qonşu ölkələrlə münasibətlərin nor­mallaşması prosesi barədə də məlu­matlandırıb. “Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına - diplomatik münasibətlərin yaradılması­na, sərhədlərin açılmasına hazırdır”, – deyən A.Mirzoyan türkiyəli həmkarları ilə daha əvvəlki görüşlərdə bu məsələ barədə konkret razılaşma əldə edildi­yini, normallaşma istiqamətində hansı addımların atıla biləcəyini vurğulayıb: “Mən xüsusilə üçüncü ölkənin vətən­daşları və diplomatik pasportları olan Türkiyə və Ermənistan vətəndaşları üçün sərhədlərin açılması məsələsini qeyd edərdim. Biz əldə etdiyimiz bu ra­zılaşmaya sadiqliyimizi bir daha bəyan edirik. İnanıram ki, bu razılaşmanı real­laşdırmağın tam məqamıdır”.

Yazımızın sonunda oxucuların diqqətinə bölgədə cərəyan edən ha­disələrə okeanın o tayından bir eks­pertin baxışlarını çatdırmaq istərdik. Amerikalı analitik Lyuk Koffi özünün “X” portalında yazıb ki, Azərbaycan və Ermənistanın sülh müqaviləsini imza­lamaları Moskvanın ürəyincə deyil. Si­yasi icmalçının fikrincə, Kreml Cənubi Qafqazda öz mövqeyini gücləndirmək üçün daim regional münaqişələrdən ya­rarlanıb: “Odur ki, Ermənistanla Azər­baycan arasında sabit sülhün bərqərar olması Moskvanın regiondakı nüfuzu üçün təhlükədir. Burada sülhə aparan yol heç də hamar olmayacaq. Çünki Moskva hər vasitə ilə bu prosesə mü­daxilə etməyə çalışacaq”.

Koffi hesab edir ki, sülhə əngəlləri aşmaları üçün ABŞ Azərbaycan və Er­mənistana yardım etməlidir: “Birləşmiş Ştatlar nəinki Ermənistanla Azərbay­can arasında, həm də Türkiyə ilə Ermə­nistan arasında münasibətlərin normal­laşmasına dəstək olmaq üçün əlindən gələni etməlidir ki, hamı sülh masası arxasında bir araya gəlsin. Bundan isə hər iki tərəf faydalanacaq. Əgər onlar münaqişəni həll edə, Türkiyənin iqti­sadi və kommunikasiya potensialını işə sala bilsələr, bu, sadəcə, çox gözəl olar”.

Amerikalı siyasi analitikin açıqla­masını məsələyə praqmatik və sağlam yanaşma kimi qəbul etməklə yanaşı, onun vətəndaşı olduğu supergücün ədalətli mövqeyinin də sülhə çatmada həlledici rol oynaya biləcəyini qeyd et­mək yerinə düşər. 

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq: 

– Ermənistan rəhbərliyi çox yaxşı başa düşür ki, qanunverici­liyindəki təxribatçılığı və işğalçılığı ehtiva edən müddəalar aradan qal­dırılmasa, sülh müqaviləsi imza­lanmayacaq. Əgər onlar konstitu­siyalarını daxili sənəd kimi qələmə verirlərsə, bu, onların öz işləridir. Bir, sadəcə olaraq, Ermənistanın əsas qanununda Azərbaycana qar­şı ərazi iddialarının yer aldığı kon-kret müddəaları nəzərdə tuturuq. Bu halda konstitusiya daxili sənəd olmaqdan kənara çıxır. Bunu an­lamaqdan ötrü siyasətçi olmağa gərək yoxdur. Bir aya, on günə sülh sazişini imzalamağa hazır olduğu­nu bəyan edən İrəvan, təbii ki, bu yolla beynəlxalq arenada, xüsusilə də, Qərb dövlətlərinin qarşısında özünə müsbət imic qazanmağa ça­lışır. Digət tərəfdən də bu xarakterli açıqlama və bəyanatlarla bizi sakit­ləşdirmək istəyir. Bu açıqlamaların daxili auditoriyaya hesablanmış taktiki gediş olduğunu da istisna etmək olmaz. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycanın onun daxili işlərinə qarışmaq kimi niyəti yoxdur. Hayastandakı daxili vəziyyət bizi heç maraqlandırmır. 

Bakının tələbi ondan ibarətdir ki, İrəvan ölkə qanunvericiliyndə, ilk növbədə isə konstitutusiyasında konkret düzəlişlər etməlidir. Əgər həmin sənədlərdə qonşulara, digər ölkələrə qarşı ərazi iddiaları varsa, onlar artıq daxili sənəd ola bilməz. İndi qarşı tərəfdən müşahidə etdi­yimiz diplomatik jestlər, hərəkətlər sülhə maneə yaratmaq cəhdlərin­dən savayı bir şey deyil.

İmran BƏDİRXANLI
XQ



Siyasət