Yuxularımız çin, xəyallarımız gerçək olub. Çox şükür Tanrıya, illər boyu həsrətini çəkdiyimiz gözəl Qarabağımızın, Şərqi Zəngəzurumuzun hər yerinə olduğu kimi, milli mədəniyyətimizin beşiyinə – dilbər Şuşamıza da getmək daha əlçatmaz arzu deyil. Ancaq bu növbəti səfərimdə də həyəcanımı boğa bilmirəm, ayrı düşdüyü anasına qovuşmaq üçün tələsən uşaq kimi sevinirəm.
Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarını aparan avtobus karvanımız Salyan rayonunun ərazisində fasilə verir. Məsafə baxımından Bakı–Şuşa yolu burada yarılanır. Ancaq mənə görə, yolun yarılandığı yer “Siz işğaldan azad edilmiş ərazilərə daxil olursunuz!” lövhəsinin vurulduğu, “Zəfər yolu”nun başlandığı yerdir.
Qarabağın, Şərqi Zəngəzurun ətri buralardan daha aydın duyulmağa başlayır. Məhz buradan sonra müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, əzmi, qətiyyəti sayəsində rəşadətli ordumuzun bizə bəxş etdiyi qələbəmizin mahiyyətini daha dərindən anlamaq mümkündür. Neçə-neçə igid oğullarımızın canı-qanı bahasına qazandığımız, zəfər tariximizə qızıl hərflərlə yazılmış şanlı qələbənin! Məhz buradan başlayır Vətən içində Vətən...
7 dağ aşdıq, 7 tunel keçdik...
Şuşaya ilk səfərimdə “Zəfər yolu” ilə getmişdim. Yolçusu olanlar bilir, sərt döngələri, enişləri, yoxuşları ilə “Zəfər yolu”nun hər qarışı sanki qəhrəmanlarımızın Şuşamızı yağı tapdağından qurtarmaq üçün hansı çətinliklərdən, keçilməz yerlərdən keçdiklərini xatırladır. Elə bil, nağıllarda deyilən kimi, yeddi dağ aşırsan, yeddi dərə keçirsən.
Ancaq əzəli sakinlərinin yenidən məskən saldığı, gündən-günə gözəlləşən Füzuli şəhərinə çatmağımıza az qalmış avtobuslarımız aeroportun yaxınlığından dövrə vurub yeni salınmış körpünün üstünə qalxdı və başqa bir yolla Şuşaya doğru şütüməyə başladı. Tezliklə hərdən yaxınlaşıb ya altındakı tuneldən, ya üstündəki körpüdən keçsək də, kəsişməyəcək “Zəfər yolu”ndan aralı düşdüyümüzü, çəkilişi yekunlaşmaqda olan yeni Əhmədbəyli–Füzuli–Şuşa yolu ilə hərəkət etdiyimizi anlayıram. Bu, sadəcə, heyrətamizdir!
“Zəfər yolu”nun eniş-yoxuşlarından, sərt döngələrindən bəhs etmişdim, ancaq yeni yol tamamilə fərqlidir. Dağların altında tunellər qazılıb, dərələrdə nəhəng körpülər salınıb, sel sularının, torpaq, daş-qaya uçqunlarının qarşısını almaq üçün kənarlarda bütün lazımi işlər görülüb. Yolboyu elə bil təbiətin gözəllikləri ilə insanın yaratdığı möcüzələr yarışa çıxıb. Füzulidən Şuşaya qədər nə az, nə çox, düz yeddi tunel qazılıb. Qürurlanmamaq, fəxr etməmək mümkün deyil!
Yağış yuyur, gün qurudur...
Şuşa bizi özünəməxsus qonaqpərvərliyi, şüşə kimi təmiz, günlü-günəşli havası ilə, gülərüzlə qarşılayır. İlk gəlişimdən keçən müddətdə nə qədər dəyişib, ilahi. Şəhər elə bil günbəgün deyil, saatbasaat gözəlləşir, abadlaşır. Ziyarətinə gələnlərin də, burada işləyənlərin də, küçələrində şütüyən avtomobillərin də sayı artıb. Çox şükür, Şuşanın hər yerində həyat qaynayır.
Yerləşdiyimiz “Xarı bülbül” otelində boş otaq yoxdur. İnzibatçıdan soruşuram ki, bu, sabahkı tədbirə gələn qonaqlara görə belədir? Cavab verir ki, xeyr, ölkəmizin hər yerindən, hətta xaricdən gələnlərin ardı-arası kəsilmir. Həftə sonları, bayram günləri nömrələrin hamısı dolu olur. Hətta əvvəlcədən zəng edib otaq sifariş edirlər.
Şuşanı yenidən görmək həyəcanından yolun yoğunluğu da yada düşmür. Hazırlaşıb bir anda şəhəri gəzməyə, buradakı yeni yaşayış kompleksinə baş çəkməyə tələsirəm. Ancaq deyir, sən saydığını say, gör Şuşanın havası nə sayır. Hələ Bakıda ikən telefonla Şuşada daimi yaşamaq xoşbəxtliyinə çatmış dostumdan “Havalar necə keçir, gödəkcə-filan götürməyə ehtiyac varmı?” soruşanda xəbərdarlıq etmişdi ki, hər gün yağış yağır.
Haqlı imiş, yandırıcı iyun günəşinin üzünü buludlar örtür və şıdırğı yağış başlayır. Bir az Şuşa yağışında islanıb nəm çəkmiş torpağın, otun ətrini ciyərlərimə çəkirəm, yağışın kəsməyini gözləyirəm. Ramiz Rövşənin “yağış yuyur, gün qurudur...” misralarını xatırlayıram. Yəqin, Şuşaya işğaldan əvvəl də, lap elə işğal dövründə də tez-tez yağış yağıb. Təbiəti belə şıltaqdır Şuşanın. Ancaq indi bu yağışlar sanki Şuşadan, Xankəndidən, Xocalıdan, Laçından mənfur düşmənin murdar izlərini yuyub aparmaq, müqəddəs yurdumuzu arındırmaq üçün yağır. Yağış yuyur, gün qurudur...
Şuşaya qayıtmaq yenidən doğulmaqdır
Şuşa elə də böyük şəhər deyil. Ayağından başına, sağından soluna piyada gəzmək mümkündür. Yağış kəsən kimi, mən də piyada düzəlirəm yola, üz tuturam daimi məskunlaşmaq üçün Şuşaya qayıtmış sakinlərin yaşadıqları yeni binalara sarı. Məlumat üçün bildirim ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Şuşaya artıq bir neçə dəfə köç həyata keçirilib. Sonuncu dəfə doğma yurda qayıtmaq xoşbəxtliyi 85 nəfərdən ibarət 21 ailəyə qismət olub. Ümumilikdə isə, bu vaxta kimi, Şuşaya 491 nəfərdən ibarət 126 ailə köçürülüb.
“Dəmir yumruq” küçəsi ilə üzü yuxarı qalxdıqca, qarşımda yeni binalardan ibarət yaşayış kompleksinin gözəl mənzərəsi açılır. Binaların quruluşunu, fasadlarına Şuşanın öz daşlarından çəkilmiş üzlüklərin yaratdığı qədimliklə müasirliyin harmoniyasını, həyətdəki uşaq parklarını həyəcansız seyr etmək mümkün deyil. Hələ cəmi 3–4 mərtəbə olmasına baxmayaraq, hər binanın liftlə təmin edilməsini, binaların zirzəmisində mənzillərin sayına uyğun avtomobillər üçün saxlama yerlərini demirəm. Həyətlərdə quraşdırılmış attraksionlarda oynayan qayğısız uşaqlar Şuşanın xoşbəxt gələcəyinin qaranquşları kimi sevinclə civildəşirlər. Çox şükür, Şuşaya həyat qayıdıb!
“Söz döyüşü”nün unudulmaz səhifələri
Şuşada şuşalının qonağı olmadan, bir stəkan çayını içmədən geri dönmək olmaz. Filologiya elmləri doktoru, professor İlhami Cəfərsoyun mənzilinin qapısını döyürəm. Uzun illər məcburi köçkün kimi Bakının Pirşağı qəsəbəsindəki “Gilavar” pansionatında məskunlaşmış İlhami müəllim mayın 30-dan həyat yoldaşı Raisə Fərəcova ilə birlikdə Şuşaya yeni mənzilinə köçüb. Gülərüzlə, sevinclə qarşılayırlar məni. Özlərinə gözaydınlığı, evlərinə xeyir-dua verirəm. Mənzilləri geniş və işıqlı, tavan hündürdür. Keyfiyyətli divar kağızları, ağ rəngli otaq qapıları, içəridə yaradılmış şərait, sadəcə, möhtəşəmdir.
30 ilə yaxın müddətdə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun qədim dillər şöbəsinin müdiri işləmiş professor İ.Cəfərsoy öz xahişi ilə işdən çıxaraq gəlib ki, elmi-pedoqoji fəaliyyətini Qarabağ Universitetində davam etdirsin. Deyir, 74 yaşım var, ancaq Şuşaya qayıdandan özümü 14 yaşlı uşaq kimi hiss edirəm. Tez-tez televiziya qülləsinin olduğu yüksəkliyə çıxıram, oradan ağacların, kolların arası ilə yıxıla-dura, hətta yumalana-yumalana evə qayıdıram. Vətənin torpağına ayaq basmaq dünyanın ən böyük səadətidir.
İlhami Cəfərsoy 1950-ci ildə Şuşanın Aşağı Quşçu kəndində anadan olub. O vaxt ermənilər azərbaycanlılar yaşayan kəndlərdə orta məktəb açmağa imkan vermirdilər, ona görə də 9–10-cu sinifləri Xankəndidə oxumağa məcbur olub: “Yağışda, qarda, palçığa bata-bata hər gün on kilometrdən artıq yol gəlirdim ki, təhsil ala bilim. Bax, belə çətinliklərlə oxusam da, ovaxtkı Azərbaycan Pedoqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil oldum və oranı fərqlənmə diplomu ilə bitirdim. Tələbə ikən “Elm və həyat” jurnalında, qəzetlərdə 10-dan artıq elmi məqaləm çıxmışdı. Odur ki, ali təhsilimi bitirən kimi, məni keçmiş APİ-nin Xankəndidəki filialına müəllim işləməyə göndərdilər.
İkinci il idi işləyirdim, şovinist erməni yazıçısı Zori Balayanın millətçilik zəminində məqalələri çıxmağa başladı. Yazırdı ki, Araz çayı Van gölündən başlayır, erməni dilində mahnılar oxuya-oxuya axıb gedir, tökülür Xəzər dənizinə. Gün gələcək, Xəzər dənizi də bizim olacaq. Onda mənim cəmi 23 yaşım vardı, gənc idim. Zori Balayanın həyasız fikirləri qanıma toxunurdu və ona lazımi cavab yazdım, fikirlərinin nə qədər yalan və təhlükəli olduğunu faktlarla sübut etdim. Məqaləm “Azərbaycan gəncləri” qəzetində çap olundu. Bununla da, sanki, bütün Xankəndi dəydi bir-birinə. Ermənilər məni ittiham edirdilər ki, Zori Balayan bizim vətənpərvərdir, niyə ona elə cavab yazmısan?
Tez-tez səbəbsiz yerə elmi şuralar çağırılır, orada mənim məsələm müzakirəyə çıxarılırdı. Sonra mənə xəbərdarlıq etdilər ki, işdən çıx, gəl Şuşaya, yoxsa ermənilər səni şərləyib tutduracaqlar. Bu, 1973-cüildə olub. Beləcə, Şuşaya gəldim və ömrümün həmin ildən sonrakı hissəsi bu şəhərlə bağlıdır”.
İlhami müəllim hər səhər tezdən şəhəri gəzməyə çıxdğını bildirir. Özü də ucqar küçələrdə. Deyir ki, xatirələrimi axtarıram, dostlarımın, tanışlarımın dağıdılmış evlərinin divarlarını öpüb-oxşayıram. Belə gəzintilərin birində qəribə bir sürprizlə də qarşılaşıb: “Erməni separatçılar vəziyyəti gərginləşdirdiyindən 1990-cı ildə Xankəndidəki institutu Şuşaya köçürmüşdük. Bu yaxınlarda həmin institutun yerləşdiyi binanın dağıntılarının arasında gəzəndə toz-torpağın içərisindən müəllifi olduğum, 1991-ci ildə çap olunmuş “Qarabağ etnonimlərinin tədrisi haqqında metodiki vəsait”i tapdım. Kövrəldim... Təmizləyib yeni evimə gətirdim...”
İndi yenidən Şuşada yaşamağın necə bir hiss olduğunu, təəssüratlarını soruşuram. Şuşanı, bu yerlərin havasını tərifləyir. Deyir, mən dünyanın bir çox ölkələrində, kurort şəhərlərində olmuşam, Şuşa onların hamısından qat-qat üstündür. Havası hamısından gözəldir, müalicəvidir. Özünü bir balaca narahat hiss edirsənsə, başın ağrıyırsa, çıxırsan bir yüksəkliyə, sinə dolusu havanı çəkirsən ciyərlərinə, bütün ağrın-acın keçir...
Şuşa bizimdir, Qarabağ Azərbaycandır!
Dadlı, ləzzətli Şuşa çayımızı da içdik, söhbətimizi də etdik. İlhami müəllimlə, Raisə xanımla yenidən, bu dəfə Xankəndi Universitetində görüşmək arzusu ilə sağollaşıb ayrılıram. Elə Şuşa şəhəri ilə də. Təbii ki, doğma Vətənimizin hər qarışı əzizdir, doğmadır, ancaq niyəsə Şuşadan, Qarabağdan, Şərqi Zəngəzurdan ayrılıb Bakıya qayıtmaq çətin gəlir mənə. Bu ayrılığın müvəqqəti olduğunu, yenə və nə vaxtsa daimi yaşamaq üçün dönəcəyimi bilsəm belə.
Şuşayla şuşalı həmkarımız Kərim Kərimlinin misralarını dəyişdirərək vidalaşıram:
Hələlik, Şuşa, mənim şəhdim-şəkərim!
Görüşənədək, mənim azad şəhərim!
Bu səfər təəssüratımı isə Şuşa azadlığına qovuşan gün Prezident, qalib Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya təntənə ilə bəyan etdiyi və 30 illik qanlı münaqişəyə nöqtə kimi səslənmiş möhtəşəm tarixi nidası ilə bitirirəm: “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”
Mahir RƏSULOĞLU,
yazıçı-jurnalist
Bakı – Şuşa – Bakı