Diplomatın əndazəni aşan açıqlamalar verməsi birinci dəfə deyil
Söhbət İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Subhanidən gedir. İrəvanda oturan səfirin beynəlxalq hüquq və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının tələbləri ilə bir ayara sığmayan, anti-Azərbaycan fəaliyyəti barədə əvvəllər də oxucularla fikirlərimizi bölüşmüşdük.
Erməni jurnalistlərin suallarını cavablandıran səfir bu dəfə də Azərbaycanı hədəfə almağa çalışıb. İranın Ali dini lideri Xameneyidən sitat gətirən Subhani təxribatçı açıqlamaları, diplomatik qalmaqala səbəb ola biləcək fikirləri ilə “gündəmə gəlib”.
Əvvəlcə rəsmi Tehranın Ermənistanın Fələstin Dövlətini tanımasını və fələstin xalqına yardım göstərməsini alqışladığını bəyan edən M.Subhani daha sonra bildirib ki, Ermənistanın atdığı bu cəsarətli addım beynəlxalq ictimaiyyətin fələstin xalqının hüquqlarına əhəmiyyət verdiyini və bu hüquqların pozulmasına qarşı olduğunu nümayiş etdirir.
Maraqlıdır ki, rəsmi İrəvanın Fələstinlə bağlı məlum qərarının üstündən bir həftə keçəndən sonra Tehran səfirin dili ilə fakta münasibətini açıqlayıb. Məsələnin daha maraqlı tərəfi isə Ermənistan hakimiyyətinin bu qərarı iyunun 18-də Paşinyanın Ərdoğanla telefon danışığından sonra elan etməsi İranda müəyyən qıcıq yaratmasıdır. Bu ehtimalı yerli ekspertlərin əksəriyyəti bölüşür. Bəli, məhz həmin telefon danışığından sonra Ermənistan baş nazırı Fələstinin müstəqilliyini tanıdığını və fələstin xalqını dəstəkləyən ölkələrin sırasında olduğunu rəsmən elan edib.
Aydın məsələdir ki, İsrail–Fələstin böhranından özünün siyasi ambisiyaları üçün istifadə etməyə çalışan Tehran “qardaş ölkə” adlandırdığı Ermənistanın Türkiyənin təsiri ilə məlum qərarı verməsindən narazı qalmalı idi. Bir həftəlik sükutun əsas səbəbinin məhz bunun olduğunu söyləmək mümkündür.
Qayıdaq səfir Subhaninin İrəvanda jurnalistlərin qarşısında səfir statusunu aşan “özfəaliyyət”inə. Bundan əvvəl də mediaya verdiyi açıqlamalarında, az qala, Ermənistanın vəkili kimi çıxış edən iranlı diplomat ad çəkmədən Azərbaycana qarşı “Ermənistan sərhədinin toxunulmazlığı” hədyanına baş vurub. Bu zaman, o, Xameneyidən sitat gətirib: “Ermənistanla bağlı siyasətimiz çox prinsipialdır. Hakimiyyətə gələn hökumətlər həmin siyasət çərçivəsində hərəkət edirlər. İranın Ermənistanla bağlı prinsipial siyasəti fevral inqilabının lideri (Əli Xameneyi – red.) tərəfindən dilə gətirilib. Həmin fikirlər Tehranda baş nazirlə (Nikol Paşinyan – red.) görüşdə də aydın səsləndirilib. Biz Ermənistanın ərazi bütövlüyünə hörmət edirik və onu dəstəkləyirik. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, eləcə də istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”.
Bunun ardınca erməni jurnalistin “Əgər Azərbaycanın Ermənistana mümkün müdaxiləsi baş verərsə, buna İran necə reaksiyası verəcək?”– təxribatçı sualına Subhaninin cavabı da elə həmin ampluada olub. O, ölkəsinin Azərbaycana qarşı Ermənistana hərbi kömək etməyə və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu ərz edib: “Əgər söhbət sülh dialoqundan gedirsə, onunla (Azərbaycanla – red.) təhdid dilində danışılmamalıdır. Tehranla İrəvan arasında əməkdaşlığın formasına gəlincə, bu, Ermənistan hökumətindən asılıdır. Əldə olunmuş qarşılıqlı razılaşmalara əsaslanaraq Ermənistana yardıma hazır olduğumuzu bildirmişik. Yəni, iki ölkənin maraqlarına nə uyğun gələcəksə, Ermənistanla o sahələrdə əməkdaşlığa hazırıq”.
Ölkələrarası ikitərəfli əməkdaşlıqla işimiz yoxdur. Bu, hər iki tərəfin suveren və özəl hüququdur. Amma burada söhbət ikinci ölkənin ərazisində diplomatik fəaliyyətdə olan personanın üçüncü dövlətin ünvanına hüquqa və ədalətə zidd hətəkətlərə yol verməkdən gedir. Subhaninin sərhədlə bağlı Azərbaycanın ünvanına söylədiklərinin arxasında Qafanda konsulluq açmağa hazırlaşan Tehranın mövqeyinin dayandığını söyləmək nə qədər çətin olsa da, bu, belədir. Amma inanmaq istəməzdik ki, İran XİN-i Subhaniyə bu qədər irəli getmək, Ermənistanın vəkili qismində çıxış etmək təlimatını verib.
Ümid etmək istərdik ki, İİR-in yeni prezidenti diplomatik ranqı aşan fəaliyyətlə məşğul olan İrəvandakı səfirin şübhəli missiyasını araşdıracaq və bununla bağlı müvafiq qərar qəbul edəcək.
İ.HƏSƏNQALA
XQ