Qurumun rəhbərliyindəki dəyişikliklərə sözardı
Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə təşkilatın əsas institutlarının yeni rəhbərlərini müəyyənləşdiriblər. Daha doğrusu, seçiblər. Ancaq, bu, son deyil. Nə üçün? Mövzuya qayıdacağıq. Bəs seçilənlər kimlərdir? Bu məsələnin də üzərində dayanacağıq. Ancaq əvvəlcə bildirək ki, Aİ kimi qurumların fəaliyyətində, prinsipcə, şəxslərin bir o qədər önəmi olmur. Çünki onlar qarşıya qoyulmuş strategiyanın icrası ilə məşğuldurlar.
Tam şəkildə onu da demək olmaz ki, həmin strategiyanın icrasında fərdi keyfiyyətlər bir o qədər əsas sayılmır. Qloballaşma şəraitində, dəyər və prinsiplərin sıradan çıxdığı, ikili standartların hakim rol oynadığı dünyada ayrı-ayrı adamların şəxsi keyfiyyətləri, istər-istəməz özünü göstərir. Bəzən, pozitiv, bəzən isə neqativ çalarlarla.
Bəli, Azərbaycanla Avropa İttifaqının strukturları arasında əməkdaşlığın müsbət məcrasından danışmaq mümkündür. Amma qurumun anti-Azərbaycan təmayüllü, aşkar ermənipərəst mövqe tutan şəxslərin düşərgəsi təəssüratı yaratdığını görmüşük. Bununla belə, təşkilat ölkəmizə “Köhnə qitə”nin enerji təchizatçısı kimi baxır. Mövcud prizmadan diqqət yetirsək, bütün neqativ cəhətləri bir kənara qoyaraq, Azərbaycan – Aİ əlaqələrinin perspektivlərinin böyüklüyünü vurğulaya bilərik.
Prezident İlham Əliyev də Azərbaycan ilə Aİ arasında əməkdaşlığın uğurlu inkişafından söz açıb. Dövlətimizin başçısı tərəflərin konstruktiv dialoqa üstünlük verdiyini bildirib. Pozitiv ovqat nöqteyi-nəzərdən Aİ Şurasının Prezidenti Şarl Mişelin Bakı – İrəvan münasibətlərinin normallaşmasına yönələn təşəbbüslərini yada salmaq mümkündür.
Bəli, enerji məsələləri önəmlidir. Bu barədə onu da deyə bilərik ki, Azərbaycan – Aİ əlaqələri şaxələndirilmiş xarakter alıb. Əməkdaşlıq bir çox sahələri əhatə edir və onların genişlənməsi proqnozlaşdırılır. Bildirdiklərimizdən belə nəticəyə gəlmək mümkündür ki, münasibətlərin ayrı-ayrı şəxslərin subyektiv yanaşması səbəbindən fərqli məcraya düşmək şansı, demək olar, yoxdur. Hər halda, hələlik belə bir perspektiv görünmür.
İndi isə Aİ-də yeni vəzifələr barədə. Beləliklə, Ursula Fon der Lyayen Avropa Komissiyasının Prezidenti olaraq qalacaq. Yeri gəlmişkən, bu şəxs iki il əvvəl Bakıda səfərdə olmuşdu. Səfər çərçivəsində Azərbaycanla Aİ arasında enerji memorandumu imzalanmışdı. Tərəflərin qaz nəqlinin həcmini 12 milyard kubmetrə, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırmağı hədəflədikləri bildirilmişdi. Xanım Fon der Layen ölkəmizi Aİ-nin tərəfdaşları sırasında gördüyünü açıqlamış və bundan məmnunluğunu dilə gətirmişdi.
Ş.Mişelin yerini isə Portuqaliyanın sabiq baş naziri Antoniu Koşta tutacaq. Aİ Şurasının yeni prezidenti odur. Sabiq prezidentə gəlincə, onun Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasına çalışdığını bildirsək də, fakt faktlığında qalır ki, Mişel nə qədər səy göstərsə də, özünün vasitəçilik missiyasını Fransanın, daha dəqiq desək, Fransa prezidenti Emmanuel Makronun mənfi təsirindən qurtara bilmədi. Ancaq bunu nəzərə almasaq, o, bir sıra müsbət irəliləyişlərə nail oldu. Məsələn, Mişelin başlatdığı Brüssel prosesi çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü və suverenliyini tanıdığını açıqladı. Nəzərə alaq ki, bir erməni liderinin Avropa platformasında belə bir bəyanat verməsi adi məsələ sayıla bilməzdi.
O ki qaldı Aİ-nin xarici siyasət məsələlərinə, sözügedən postda Estoniyanın Baş naziri Kaya Kallas olacaq. Bu isə o deməkdir ki, ənənəvi anti-Azərbaycan və ermənipərəst mövqe tutan Jozep Borrel tutduğu vəzifədə qalmayacaq. Mişeldən fərqli olaraq, Borrelin sülh prosesini zədələyən bəyanatlar səsləndirdiyi, Ermənistanı illüziya bataqlığına çəkdiyi aydındır. Görünür, Makronun öz həmyerlisinin üzərindəki təsiri daha böyük olub. Əlbəttə, Borrelin Avropadakı erməni lobbi və diaspor təşkilatları ilə “işbirliyi” də vurğulanmalıdır.
Qeyd edək ki, Ukraynadakı müharibə, müdafiə və təhlükəsizlik, o cümlədən Yaxın Şərqdəki münaqişə mövzularının müzakirəsindən sonra liderlərin seçilməsi kimi incə mövzu Aİ sammitinin gündəliyində ən aşağı yerdə idi. Ancaq intriqa saxlanılırdı. Nəzərə alaq ki, istər Ursula Fon der Lyayenin, istər Antoniu Koştanın, istərsə də Kaya Kallasın namizədliklərinin təsdiqi üçün gücləndirilmiş kvalifikasiyalı çoxluğun dəstəyi lazım idi. Yəni, Aİ-nin əhalisinin ən azı 65 faizini təmsil edən 27 üzv ölkədən 20-nin, yəni 72 faizinin təklifə səs verməsi tələb olunurdu.
Səslər verilib, indi qalıb sonuncu proseduru keçmək. Yəni, Aİ-nin yeni liderləri daha bir səddi aşmalıdırlar. Avropa Parlamenti onların namizədliklərini və Avropa komissarlarını təsdiqləməlidir. 720 yerlik yeni parlamentdə 190 yerə sahib olan Aİ-nin ən böyük siyasi bloku olan Avropa Xalq Partiyasının əksər deputatlarının Fon der Lyayeni dəstəkləyəcəyi gözlənilir. Lakin səs çoxluğu əldə etmək üçün onun digər partiyaların dəstəyinə və Avropa parlamentarilərinin yarısından bir qədər çoxunun səsinə ehtiyacı olacaq.
Ə.RÜSTƏMOV
XQ