Özbəkistanda Muğam sənəti ilə bağlı keçirilən konfransa Azərbaycan alimləri də qatılıb

post-img

UNESCO və İSESKO-nun himayəsi ilə Özbəkistanın Cizzax vilayətinin Zamin şəhərində öz işinə başlayan II Beynəlxalq Muğam Sənəti Forumu çərçivəsində  “Muğam sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Tədbirdə Özbəkistanla yanaşı Amerika Birləşmiş Ştatları, Azərbaycan, Türkiyə, İngiltərə, Fransa, Rusiya, Kanada, Misir, Tacikistan və digər ölkələrin alimləri iştirak edir. 

Ölkəmizdən konfransa sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının (AMK) prorektoru, professor Lalə Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova, AMK-nin professoru Abbasqulu Nəcəfzadə, AMK-nin  müəllim və doktorantı Fərdin Məmmədzadə, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Sehranə Qasimi qatılıblar. 

Konfransı Özbəkistanın mədəniyyət naziri Azadbek  Nazarbekov açaraq ölkədə makom-muğam sənətinin inkişafı istiqamətində görülən işlərdən danışıb, həyata keçiriləcək layihələr haqqında məlumat verib, tədbir iştirakçılarına uğurlar arzulayıb. 

TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er muğam sənətinin əsasən Türk dünyasında və müsəlman Şərqində yayıldığını vurğulayıb, son illərdə muğamın populyarlaşması və inkişafı istiqamətində görülən işlərdən danışıb. 

Özbəkistan Dövlət Konservatoriyasının professoru Rustambek Abdullayev özbək muğamının tarixi, nəzəriyyəsi və praktik məsələləri haqqında geniş məruzə edib. 

Sonra “Şaşmakom tacik və özbək xalqlarının mənəvi birliyinin bədii simvolu kimi”, “Buxara muğam ifaçılığı ənənələri”,”Muğamlar haqqında nadir mənbələr”,”Xarəzm muğamının ifaçılıq ənənələri”,”Fərqanə-Daşkənd muğamı: növləri və ənənələr” və digər mövzularda məruzələr dinlənilib.

Konfransda lalə Hüseynova, Sənubər Bağırova və Abbasqulu Nəcəfzadənin Azərbaycanda muğam sənətinin tarixi, etimologiyası, vokal ifaçılığı ənənələri, muğam sənətkarlığı, bu sahənin klassik və müasir ifaçıları, sazəndə və tarzən sənətkarlığı və digər mövzulardakı məruzələri maraqla  qarşılanıb. 

lalə Hüseynova öz məruzəsində 20-ci əsr Azərbaycan musiqisinin inkişafında Bülbülün (Murtuza Məmmədov) rolu haqqında söhbət açıb, xanəndənin elmi irsi ilə bağlı məlumat verib.

Sənubər Bağırova Azərbaycan muğamının inkişafında klassik və müasir tarzənlər və kamança ustaları-Bəhram Mansurov, Hacı Məmmədov, Kamil Əhmədov, Əhsən Dadaşov, Habil Əliyev, Ədalət Vəzirov və digər sənətkarların muğam sənətinin kamil biliciləri kimi tarixə düşdüklərini bildirib. 

Abbasqulu Nəcəfzadə muğamın Azərbaycanda yaşayan qədim Muğ tayfalarının adı ilə bağlı olduğunu diqqətə çatdırıb və bu, böyük marağa səbəb olub. O, muğam sənətindən danışarkən mövzu ilə bağlı balaban və kamançanın səslənməsini də nümayiş etdirib. 

Konfrans öz işini davam etdirir. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Cizzax vilayəti, Zamin şəhəri

 







Mədəniyyət