Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Bu səfərlə gələcəkdə yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.
Xatırladaq ki, səfər zamanı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.
Qeyd edək ki, dövlətimizin başçısının Misir Ərəb Respublikasının Prezidenti ilə geniş tərkibdə görüşündə isə Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, respublikamızın isə 2026-cı ildə evsahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı.
Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd vurğulandı. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin mətbuata bəyanatlarında da Misir-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində geniş danışıldı. Dövlətimizin başçısının bəyanatında Misirin COP27-ə evsahibliyinin böyük uğurlarla nəticələndiyi, dost ölkənin sözügedən sahədəki təcrübəsini öyrənmək üçün Azərbaycan nümayəndələrinin bu məsələyə böyük maraq göstərdiyi vurğulandı.
Dövlətimizin başçısının bəyanatında ikitərəfli münasibətlərin bir sıra məqamlarına toxunuldu. Ölkələrarası ticarət dövriyyəsinin bir neçə dəfə artmasına baxmayaraq bunu qaneedici olmadığı, lakin imzalanmış sənədlərin, əldə edilmiş razılaşmalarin bu istiqamətdə dönüş yaradacağına ümid bəsləndiyi diqqətə çatdırıldı. Ümumiyyətlə, yaxın perspektivdə iki ölkə arasında energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrində yüksək nəticələr əldə ediləcəyi bildirildi.
İki ölkə rəhbəri arasında keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparıldı. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçdiyi, respublikamızın ərazisində bütün infrastrukturun yaradıldığı və beləliklə nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açıldığı da xatırladıldı.
Yeri gəlmişkən, Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini tanıdığı 1991-ci il dekabrın 26-dan etibarən iki ölkə arasında siyasi, sosial- iqtisadi əlaqələr davamlı olaraq inkişaf edib, yaradılan hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək komissiyanın səmərəli fəaliyyəti nəticəsində əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb, 60-dan çox sənəd imzalanıb.
Hazırda respublikamızda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələri turizm sahəsində də diqqət çəkir. Son illər ərzində Misirdən ölkəmizə gələn turistlərin sayının 50 faiz artması da bu fikrin bariz ifadəsidir. Bundan başqa iki ölkə arasında bir sıra mühüm sosial layihələrin gerçəkləşdirilməsi də xalqlarımızı bir-birinı daha da yaxınlaşdırır.
Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə indiki rəsmi səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.
Vaqif BAYRAMOV
XQ