Qahirədə Azərbaycan-Misir əlaqələrinin perspektivləri müzakirə olunub

post-img

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin başçılıq etdiyi 22 rəsmi şəxsdən, eləcə də bir çox dövlət və özəl sektor təmsilçilərindən ibarət nümayəndə heyəti Qahirədə Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Maşat ilə görüşüb.

Görüş əsnasında rəqəmsal inkişaf, nəqliyyat, investisiyaların təşviqi, bərpaolunan enerji, neft, səhiyyə, sənaye və tikinti sahələrində əlaqələrin inkişaf etdirilməsi çərçivəsində müzakirələr aparılıb.

Misirli nazir Azərbaycan nümayəndə heyətini salamlayaraq qeyd edib ki, ötən ilin yanvarında Prezident Əbdülfəttah əs-Sisinin Bakıya səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü və imzalanan sənədlər əməkdaşlığın inkişafı istiqamətində yeni imkanlar açıb.

Görüş əsnasında Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib. Həmçinin Misir-Azərbaycan Biznes Şurasının yaradılması, ticarət, investisiya, əczaçılıq, aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, iki ölkə arasında neft-qaz, kimya sənayesi və pestisidlərin istehsalı sahələrində təcrübə mübadiləsi, habelə süni intellekt və nanotexnologiyalar üzrə əlaqələrin perspektivləri də nəzərdən keçirilib.

Tərəflər COP27-yə uğurlu ev sahibliyi etmiş Misirin bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında fəal iştirakı ilə bağlı müzakirələr aparıblar. Bu kontekstdə Qahirədə və sonra Dubayda geniş diskussiyalara səbəb olan iqlim maliyyəsi məsələsinin Bakıda da davam etdiriləcəyi, Misirin bu sahədə təcrübəsini bölüşəcəyi vurğulanıb.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.

Siyasət