Azərbaycan və Ermənistan uzun onilliklər ərzində ilk dəfədir ki, bütün Cənubi Qafqazda sabitlik və inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən sülh sazişinə çox yaxındırlar. Bütün bunlar isə Qarabağ probleminin həlli sayəsində mümkün olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay türkiyəli jurnalistlər üçün Oslo səfərinin yekunlarını şərh edərkən deyib.
Türkiyə parlamentinin komitə sədri deyib: “Bakı ilə İrəvan arasında dialoqla bağlı Ankaranın mövqeyi aydındır; iki ölkə üçüncü tərəflərin müdaxiləsi olmadan birbaşa danışıqlar apardıqca, sülh prosesi sürətlənəcək”. O əlavə edib ki, Ankara Qərb ölkələrini Ermənistanı Azərbaycanla tezliklə sülh sazişi imzalamağa təşviq etməyə və bununla da sülh prosesini dəstəkləməyə çağırır.
Fuad Oktay bildirib ki, Türkiyənin parlament nümayəndə heyətinin Norveçin paytaxtına səfəri zamanı Bakı ilə İrəvan arasında danışıqlar mövzusu müzakirə olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara