Haylar köhnə rejimin xaos yaratmaq cəhdini dəstəkləmirlər
Azərbaycan və Ermənistan arasında aprelin 19-da Qazax rayonunun erməni işğalı altında olan 4 qeyri-eksklav kəndinin qaytarılmasına dair əldə edilən razılaşma Hayastanda revanşist hisslərlə yaşayanların əllərinə bəhanə verdi. Onlar razılaşmanın ertəsi günündən etibarən buna qarşı çıxmağa başladılar. Lokal xarakterli etiraz aksiyaları Qazax rayonu ilə həmsərhəd olan Tavuş vilayətindən start götürdü.
Aksiyalara rəhbərlik edən, ruhani qiyafəsinə bürünən erməni apostol kilsəsinin vilayət üzrə yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan mayın 4-dən İrəvana doğru yürüşə başladı. Mayın 9-da paytaxtın mərkəzi meydanında ilk böyük mitinq keçirildi. Müstəqil mənbələrin qiymətləndirmələrinə görə, mitinqdə 30 min nəfərə yaxın etirazçı iştirak edib. Bundan ruhlanan B.Qalstanyan mayın 10-dan hökumətə qarşı itaətsizlik aksiyalarına başlayacaqlarını bildirdi. Ancaq bu dəfə onun çağırışına cavab verənlərin azlıq təşkil etməsi diqqətdən yayınmadı. Vəziyyətin belə olduğunu görən, kütləviliyi təmin etmək istəyən Baqrat mayın 12-dəyenidən mitinq təyin etdi. Həmin mitinq isə əvvəlkindən xeyli sönük keçdi. Üstəlik, baş verən itaətsizlik aksiyası, yolların bağlanması, universitetlərdə dərslərin dayandırılması ilə bağlı hüquq-mühafizə orqanlarının davranışı diqqəti cəlb etdi. Onlar qanunun tələbinə müvafiq olaraq sanksiyalaşdırılmamış aksiyalara çıxanlara güc tətbiq etməkdən çəkinmədilər.
Onu da bildirək ki, əvvəllər Kanadanın erməni yeparxiyasında arxiyepiskop vəzifəsini tutan Qalstanyan mayın 12-də keçirilən mitinq zamanı revanşist baxışlarını açıq şəkildə ortaya qoydu. O, “vətəni geri qaytarmağın yolunun” (?) intiqamdan keçdiyini bildirdi. Üstəlik, Qalstanyan təkcə ritorika ilə kifayətlənmir. Onun rəhbərlik etdiyi yeparxiyanın öz dəstəyi ilə erməni uşaqlara hərbi təlim keçdiyi, Qaregin Njdenin millətçilik ideyalarını təbliğ etdiyi bildirilir.
Ümumiyyətlə, Qalstanyan Ermənistanın ictimai-siyasi həyatında yeni fiqur deyil. İki il əvvəl “Daşnaksütyun”, Robert Koçaryan tərəfdarları və Serj Sarkisyanın “Respublika” partiyası hökumətə və sülh prosesinə qarşı indikinə oxşar aksiyalar təşkil etmişdilər. Hazırda əvvəlki rejimlərlə heç bir əlaqəsinin olmadığını iddia edən Baqrat 2022-ci ilin uğursuz etiraz aksiyaları zamanı səhnəyə çıxmış və ictimaiyyət qarşısında sülh sazişinin əleyhinə fikirlər səsləndirmişdi.
Bu dəfə isə “Erməni, Ermənistan, Vətən və Tanrı” şüarı ilə kütləyə müraciət edən Qalstanyanın nə gələcəyə hesablanmış strategiyası, nə konkret həll yolu, nə də müharibəni təbliğ etməkdən başqa hər hansı təklifi var idi. Müxalifət tərəfindən dəstəklənən arxiyepiskopun populist ritorikası və utopik vədləri ictimaiyyəti hökumət dəyişikliyi barədə düşünməyə inandıra bilmədi.
Paşinyanın istefa verəcəyi təqdirdə onun yerinə kimin keçəcəyi sualına da dəqiq cavab yoxdur. Qalstanyan bildirdi ki, bu şəxs heç bir partiyadan olmayacaq. R.Koçaryan dövründə xarici işlər naziri vəzifəsində çalışmış Vardan Oskanyan isə dedi ki, Baqrat keçid dövrünün baş naziri postuna ən uyğun namizəddir. Sonradan məlum oldu ki, Qalstanyan Ermənistan vətəndaşı olmaqla yanaşı, həm də Kanada vətəndaşıdır və Hayastan konstitusiyasına görə baş nazir seçilə bilməz. Kanada vətəndaşı olduğunu etiraf edən Qalstanyan baş nazir postuna tələb ediləcəyi təqdirdə ona “yox” deyə bilməyəcəyinə eyham vurdu: “Əgər xalq bunu istəsə və erməni patriarxı buna xeyir-dua verəcəksə, mən kiməm ki, “yox” deyim? Amma istəmirəm”.
Təbii ki, bunlar boş sözlərdir. Qalstanyan ambisiyalarının reallaşmasının mümkünsüzlüyünü başa düşür. Çünki 30 min tərəfdar ona baş nazir ola bilməsi üçün kifayət etmir. Bunun üçün konstitusiya dəyişikliyi, habelə parlamentin 107 deputatının yarıdan çoxunun (54 deputatın) səsi lazımdır. Yeri gəlmişkən qeyd edək ki, hazırda parlamentdəki yerlərin yalnız 35-i müxalifət bloklarına aiddir. Etimadsızlıq votumu təqdim etmək üçün onlara bir səs lazımdır. Qalstanyan bu məqsədlə Koçaryan və Sarkisyan dövründə müxtəlif vəzifələrdə çalışmış müstəqil deputat İşxan Zakaryanla görüşdü. Zakaryan Paşinyana etimadsızlıq səsverməsində iştirak edəcəyini bildirdi. Amma etimadsızlıq səsverməsinin parlamentdən keçməsi üçün, ümumilikdə, 54 deputatın səsi lazımdır. Bu isə o deməkdir ki, Qalstanyan baş nazir Nikol Paşinyanın partiyasından olan deputatları razı salmalıdır. Paşinyan tərəfdarlarının buna razılaşacaqları isə, necə deyərlər, dəryada balıq sevdasıdır.
Bəzi analitiklər mayın 9-da keçirilən aksiyanı N.Paşinyanın bugünlərdə 6 ili tamam olan hakimiyyəti dövründə təşkil edilən ən böyük etiraz aksiyası kimi qiymətləndirirlər. Zənnimizcə, bu da təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ-nin “GALLUP International Association” analitika və məsləhət şirkətinin Ermənistan nümayəndəliyinin açıqladığı sorğunun nəticələrinə görə, ötən ilin martında sorğuda iştirak edənlərin 16 faizi Paşinyanın fəaliyyətindən razı idilərsə, cari ilin martında bu rəqəm 8 faiz təşkil etmişdir. Analitiklər bu fikirdədirlər ki, 2020-ci ildən sonra da yanlış qərarlar verməkdə davam edən Paşinyanın reytinqi azalmaqda davam etsə də, onun güclü rəqibinin, ictimaiyyətin Ermənistan müxalifətini təşkil edən fiqurlara inam və rəğbətinin olmaması Nikolun mövqeyini gücləndirən amillərdəndir. Görünür, elə bu səbəbdəndir ki, hazırkı etirazlar fonunda da müxalifət liderlərinin reytinqi yüksəlmədi. Cəmiyyət onları, necə deyərlər, aşağı profildə saxlamağa üstünlük verdi. Eyni zamanda, Paşinyana yaxın media orqanlarının, sosial şəbəkələrin erməni seqmentindəki böyük səhifələrin və teleqram kanallarının yaxşı işlədiyni də vurğulamaq lazımdır. Onlar Qalstanyanın “Daşnaksütyun” lideri İşxan Saqatelyan, R.Koçaryanın deputat oğlu Levon, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər müxalifət nümayəndələri ilə görüşünün görüntülərini yaydılar. Üstəlik, R.Koçaryanın rəhbəri olduğu “Hayastan” fraksiyasının sədr müavini Qarnik Danielyanın və “Daşnaksütyun”dan olan deputat Geqam Manukyanın mitinqlərdə fəal iştirakı bu etirazların, həqiqətən də, müxalifət tərəfindən təşkil edildiyinə dair cəmiyyətdə əlavə sübutlar yaratdı. Bütün bunları nəzərə alaraq, eyforiya ilə İrəvana küçələrinə tökülüşənlərin bir qədər sonra uğursuzluq girdabında evlərinə geri dönəcəklərini proqnozlaşdırmaq mümkündür.
Ermənistandakı etiraz aksiyaları barədə fikirləri “XQ” ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi direktorunun müavini, politoloq Fuad Çıraqov bildirdi ki, artıq bir müddətdir həm Azərbaycan, həm də Ermənistan rəsmiləri müxtəlif səviyyələrdə tərəflərin sülhə çox yaxın olduğu barədə ümidverici bəyanatlar verirlər. Onun sözlərinə görə, eyni zamanda, biz Qazaxın 4 kəndinin ölkəmizə qaytarılmasından sonra Tavuş vilayətində başlanan etiraz aksiyalarının ötən həftə İrəvana çatdığını gördük: “İndi isə biz Ermənistanın keçmişlə gələcək arasında dilemmada nəyi seçəcəyini, bu tarixi imtahandan necə çıxacağını görəcəyik. Ermənilərin mifik, yoxsa, real Ermənistana üstünlük verəcəklərini görəcəyik. Ermənistanın dinc birgəyaşayışı, tarixi şansın ona verdiyi imkandan istifadə edərək normal dövlət olmağı, yoxsa ədavəti, son nəticədə, bəlkə də, öz dövlətçiliyinin sonunu seçəcəyini indi biləcəyik”.
F.Çıraqov qeyd etdi ki, bu baxımdan Prezident İlham Əliyevin ötən həftəki çıxışı həm də Ermənistana, dünya ermənilərinə və onların havadarlarına ünvanlanmış çox mühüm mesajları daşıyırdı. Həmin çıxış, xüsusilə, Ermənistanda sülh prosesinə, Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasına etiraz edən revanşistlərə və onların himayədarlarına ünvanlanmışdı.
Müsahibimiz bildirdi ki, dövlətimizin başçısı bu çıxışdan əvvəl də Ermənistanı silahlandırmağa çalışanlara və İrəvanın özünə həmin silahlanmanın Azərbaycan üçün təhlükəli, kritik həddə çatacağı təqdirdə Hayastan ərazisinin dərinliyində və istənilən nöqtəsində yerləşən hərbi obyektləri məhv edə biləcəyimiz barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, budəfəki xəbərdarlıq bir xatırlatma kimi üç ünvana yönəlmişdi: “Birincisi, bu xəbərdarlıq İrəvan küçələrinə tökülmüş revanşistlərə ünvanlanmışdı. İkincisi, Paşinyan hökumətinə yönəlmişdi ki, etirazları bəhanə gətirərək sülh prosesində Azərbaycan növbəti haqlı tələblərindən boyun qaçırmağı ağlından keçirməsin. Belə ki, əvvəlki illərdə bütün Ermənistan rəhbərləri dəfələrlə radikalların etirazlarını bütövlükdə, “xalqın etirazları” kimi təqdim edərək konstruktivlikdən boyun qaçırmışdılar. Üçüncüsü isə Ermənistanın havadarlarına idi. Onlar əvvəllər həmişə erməni cəmiyyətinin hansısa məsələ ilə bağlı Paşinyana təzyiqlərini əsas gətirərək, Azərbaycanı Paşinyanı anlamağa, ona çox təzyiq etməməyə və güzəştə getməyə çağırırdılar. Maraqlıdır ki, erməni xalqının mövqeyi həmin dairələr üçün həmişə maraqlı və əhəmiyyətli olub. Sadə azərbaycanlıların mövqeyi isə heç vaxt önəm daşımayıb”.
Politoloq açıqlamasının davamında bildirdi: “Cənab Prezidentin ötən həftə həmin dairələrə verdiyi mesaj bu idi ki, hazırda Ermənistanla danışıqlar prosesi özünün ən həlledici məqamına çatıb. Ermənistan həm hərb meydanında, həm də diplomatik formatda dalana dirənib. Həm hərbi resursları tükənib, həm də çox ümid etdiyi diplomatik manevr imkanları qalmayıb. Daha doğrusu, Azərbaycanı böyük dövlətlərlə üz-üzə qoymaq və ölkəmizə qarşı böyük güclərin təzyiqlərini təşkil etməklə bağlı ümidlər özünü doğrultmayıb. Ona görə də bu gün İrəvan küçələrinə tökülənlərə Azərbaycanın mesajı budur ki, sülhün alternativi onlar üçün çox baha başa gələcək. Dövlətimizin başçısı bu çıxışda Azərbaycanın prinsipial mövqeyindən nəinki geri çəkilmədiyini, həm də Bakının haqlı tələblərinin vaxtında və xoşluqla təmin edilməyəcəyi təqdirdə, istənilən yolla öz milli maraqlarına nail olmaq qətiyyətini bir daha bəyan etdi”.
F.Çıraqov hesab edir ki, Ermənistandakı radikalizmin mahiyyətini yaxşı anladığı üçün Azərbaycan rəsmi İrəvandan sülh müqaviləsindən əvvəl ölkənin konstitusiyasına və digər qanunvericiliyinə müvafiq dəyişikliklər aparmağı tələb edir. Çünki biz yaxşı bilirik ki, 4 kəndin qaytarılmasına bu qədər etiraz edən erməni radikalları sülh müqaviləsinə də eyni münasibəti göstərəcəklər. Məhz buna görə də qanunvericiliyə dəyişiklik tələbini sülh müqaviləsi üçün ilkin şərt kimi irəli sürürük. Çünki bölgədə əmin-amanlığın bərqərar olması üçün sülh müqaviləsinə və bütövlükdə, sülh prosesinə təkcə Paşinyan yox, bütün erməni cəmiyyəti səs verməlidir. Erməni cəmiyyəti ancaq bu ağrılı yolla yeni reallığı qəbul edə, mifik “böyük Ermənistan” iddiasından əl çəkə və bir qədər də sağala bilər.
Səxavət HƏMİD
XQ