“Azərbaycanın dekolonizasiya istiqamətində son illər atdığı addımlar müstəmləkəçilikdən azad olmağa çalışan xalqların, müstəqillik əldə etdikdən sonra neokolonializmdən əziyyət çəkən dövlətlərin, Fransanın dənizaşırı ərazilərinin azadlıq mübarizəsində böyük inam yaradıb”.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin əməkdaşı Fərid Soltanov BMT-ninMüstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün regional toplantısında bu açıqlamaşının davamında ölkəmizin 2019–2023-cü illərdə sədrlik etdiyi, hazırda isə “Troyka”nın üzvü olduğu Qoşulmama Hərəkatında fəal iştirakından və verdiyi töhfələrdən söz açıb.
Azərbaycan təmsilçisi bildirib ki, ölkəmizin QH-yə sədrliyi dövründə dünya ictimaiyyətini məcburi assimilyasiyaya aparan belə bir iyrənc, xüsusilə də Fransanın dənizaşırı regionlarında neokolonializm təcrübəsinə göz yummamağa çağırdı və neokolonializmə qarşı yeni bir dalğa başlatdı. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində 2023-cü il 6 iyulda Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans təşkil edildi: “Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq kürsülərdə bu mövzunu mütəmadi olaraq qaldırması keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanıb”.
F.Soltanov xatırladıb ki, QH-nin Bakıda keçirilən nazirlər görüşü çərçivəsində iştirakçıların təklifi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) adlı beynəlxalq QHT yaradılıb: “10 ay ərzində BTQ 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Azərbaycan Prezidentinin BTQ-nin 2023-cü ilin oktyabr və noyabr aylarında “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” və “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzularında konfransların iştirakçılarına ünvanladığı müraciətlər BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb.
Azərbaycan rəsmisi C24 Komitəsini, o cümlədən Komitəyə üzv ölkələri kolonializm və neokolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığa dəvət edib. Qeyd edək ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə C24-ün iclasında iştirak edib.
XQ