Bakı Təşəbbüs Qrupu Fransanın Kaledoniya özbaşınalığını pisləyib

post-img

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyətinin Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığına dair bəyanat yayıb. 

Sənəddə bildirilir ki, Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ilə əlaqə­dar ciddi narahatlığını bildirir: “Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar bizdə dərin narahatlıq doğurur. İctimai toplantıların qadağan edilməsi və müstəqillik tərəf­darlarının həbsi bu məsələnin davamlı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini da­yandırmalıdır”. 

Bəyanatda qeyd edilir ki, təklif olu­nan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabı­na artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların nara­zılığına, habelə etiraz və nümayişlərinə səbəb olub: “Kanak xalqının rəyi nəzərə alınmadan konstitusiyaya təklif olunan son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlə­dən insan hüquqlarının, ifadə azadlığı­nın, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub”.

Sonda bildirilir ki, paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə ya­radan hadisələr Bakı Təşəbbüs Qrupu olaraq bizi dərindən narahat edir: “Biz kanaklı dostlarımızla həmrəyik və onların ədalətli mübarizəsində daim yanlarında­yıq. Fransa hökumətindən kanak xalqı­nın qərarının nəzərə alınmasını tələb edirik”.

XQ

Siyasət