Masil Dəmirov: Tarixi irsdən qlobal təsirə doğru yolda fenomenal liderin rolu böyükdür

post-img

Dünya təcrübəsinin tarixi göstərir ki, bir xalqın yaşadığı hər hansı nəzərəçarpacaq inkişafın dinamikası, onun mövcudluğuna təhlükə yaradan əvvəlki çağırışların nəticəsidir. Tarixin belə dönüş nöqtələrində, bu cavabın əsas konfiquratoru kimi çıxış edən unikal siyasi xadimlər meydana çıxır. Azərbaycan xalqının taleyində də, onun gələcək həyatını müəyyən edən mühüm prinsiplərin əsaslarının qoyulduğu əlamətdar günlər də var. Təbii ki, belə bir tarixi və taleyüklü prosesdə şəxsiyyətin rolu çox böyükdür. Azərbaycan xalqını, dövlətini, millətini parçalanmaqdan xilas edən, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev bu nadir şəxsiyyətdir. Görkəmli siyasi xadim, Azərbaycanın dahi oğlu Heydər Əliyev həm ölkəsinin tarixində, həm də dünya səhnəsində silinməz izlər qoyub. Onun apardığı siyasi islahatlar, iqtisadi təşəbbüslər və geosiyasi səyləri təkcə Azərbaycanın deyil, bütün regionun və dünyanın inkişafına böyük təsir göstərib. Heydər Əliyev Azərbaycanın beynəlxalq əlaqələrini möhkəmləndirməyə, onu qlobal miqyasda əsas oyunçulardan çevirməyə çalışırdı. O, bir çox ölkə və təşkilatlarla diplomatik əlaqələrin qurulması istiqamətində fəal iş aparıb ki, bu da Azərbaycanın təsir dairəsinin genişlənməsinə töhfə verib.

Bu fikirləri “XQ”-yə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi. O bildirdi ki, dövlətin formalaşma tarixində şəxsiyyətin rolundan danışarkən, ilk növbədə inkişafın kökünü və bütövlükdə çoxşaxəliliyini nəzərə almaq mütləqdir. Məhz Ulu öndər Heydər Əliyevin 1969-cu ildə, Sovet dövründə Azərbaycana rəhbərliyinə gəlişindən sonra, əvvəllər Sovet imperiyasının quberniya-xammalı olan respublikanın, dərin müasirləşməsi prosesi başlandı. Ali Sovet rəhbərliyində çalışan Dahi rəhbər, sönməkdə olan və dəyişikliklər tələb edən SSRİ-də islahatların bəlkə də ən fəal tərəfdarı idi. 1980-ci illərdə məlum hadisələr, düşünülməmiş addımlar və yeni sovet rəhbərliyinin islahatları, ölkənin dağılmasını əvvəlcədən müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin 1987-ci ildə Kremldən getməsi  gözlənilən çöküşün xəbərçisi oldu.

“1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra, Azərbaycan süqut və vətəndaş müharibəsi astanasında idi. Respublikada hakimiyyət böhranının həddindən artıq kəskinləşməsi nəticəsində, vətəndaş müharibəsi və ölkənin parçalanması real təhlükəsi yaranmışdır. Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü geniş vüsət aldı. İqtisadiyyatda, siyasətdə və digər sahələrdə böhran ciddi sınaq oldu. 1993-cü ilin yayında Azərbaycan xalqının təkidli tələbi ilə, Ulu öndər Heydər Əliyev Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Xalq Ümummilli lider Heydər Əliyevin qayıdışını ümid və sevinclə qarşıladı və bu gün müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər Heydər Əliyev siyasi lider olaraq, dəyişikliklərin tarixi zərurətini dərk etməyi və bu dəyişiklikləri günün tələblərinə uyğun həyata keçirməyi bacaran şəxs idi. Ulu Öndər ilk gündən etibarən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Ümummilli Liderin xidməti təkcə hakimiyyətə gələrək Azərbaycanda daxili siyasi sabitliyə nail olması deyil, həm də ölkənin iqtisadi müstəqilliyinin əsasını qoymasıdır. İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi üçün antiböhran proqramı hazırlandı. Dahi reformator yeni Konstitusiyanın hazırlanması təşəbbüsü ilə çıxışında demişdir: “Biz elə bir Konstitusiyanı hazırlayıb qəbul etməliyik ki, o, Azərbaycanın uzun müddət demokratik prinsiplər əsasında sabit mövcudluğunu təmin edən tarixi sənədə, əsas Qanuna çevrilsin”. Məhz bu Konstitusiya 1995-ci ilin noyabrında qəbul edilib. Ümummilli lider Heydər Əliyevin sonralar qeyd etdiyi kimi: “Xalqımız bu Konstitusiyanın maddələrinə əməl etməklə, Azərbaycan Respublikasının müstəqilliyini əbədiləşdirəcəkdir. Bizim borcumuz Konstitusiyanın bizə verdiyi təminatlardan, qanunvericilik əsaslarından səmərəli istifadə edərək, ölkəmizdə hüquqi, demokratik dövlət qurmaq, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini təmin etməkdir” , - deyə analitik diqqətə çatdırdı.

Masil Dəmirov qeyd etdi ki, Ulu öndər Heydər Əliyev balanslaşdırılmış xarici siyasət fəaliyyəti həyata keçirdi. O, ilk növbədə Respublikanın MDB-yə qoşulması haqqında fərman imzaladı və bu, Rusiya ilə itirilmiş əlaqələrin bərpasına səbəb oldu. Sentyabrın 24-də Alma-Ata Bəyannaməsini, MDB nizamnaməsini və Kollektiv Təhlükəsizlik Müqaviləsini imzalanıb. Onun vəzifəsi Dağlıq Qarabağda müharibəni mümkün qədər tez bitirmək idi. O, atəşkəs rejiminə nail oldu və 1994-cü il mayın 12-də Bişkekdə müvafiq protokol imzalandı: “Ölkə daxilində yaranmış nisbi sakitlikdən, beynəlxalq aləmdə Azərbaycana artan inam və maraqları nəzərə alaraq, 1994-cü ilin sentyabrında, sonradan həyata keçirilməklə “Əsrin müqaviləsi” imzalandı. Bu layihə, həm də müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən, Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Dahi Lider balanslaşdırılmış xarici siyasət fəaliyyəti həyata keçirdi. Ölkənin geosiyasi statusu kəskin şəkildə yüksəldi, xalqın sosial rifahının əsası qoyuldu, neft maşınqayırması və neft kimyasına yeni təkan verildi. İqtisadiyyata milyardlarla dollar axını bazara keçiddə yastıqlayıcı amil rolunu oynadı və əldə edilən gəlirlər sənayenin bir çox sahələrində yeni texnologiyaların tətbiqinə imkan verdi”.

Analitik dedi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın işıqlı gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən ölkənin inkişafının strateji istiqamətlərini müəyyən etdi. Ulu Öndərin dünya miqyaslı siyasi lider kimi istedadı, inkişaf yollarını aydın görməkdə, qarşıya qoyulan məqsədlərə ardıcıl nail olmaqda özünü aydın şəkildə büruzə verirdi. O, Azərbaycanın modernləşdirilməsinin inkişafı üzrə milli strategiyanın əsaslarını qoydu. Bu strategiya azərbaycançılıq ideyasına, milli birliyə, sosial ədalətə, xalqın iqtisadi rifahına, ölkəmizin ərazi bütövlüyü əsaslanan müstəqil, firavan və siyasi cəhətdən sabit dövlət quruculuğuna əsaslanır. Dahi Liderin işləyib hazırladığı siyasi strategiya Azərbaycan cəmiyyətinin səfərbərliyinə və konsolidasiyasına öz töhfəsini verdi.
 
Masil Dəmirov sonda əlavə etdi ki, Azərbaycanın son 20 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolu, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli strategiyaya əsaslanan inkişafın əsas mahiyyətini bir daha təsdiqlədi. 44 günlük Vətən Müharibəsinin yekunu olaraq, Ermənistanın Azərbaycan şərtləri ilə təslim aktını imzalaması, bizim tarixi torpaqlarımızdan, Vətənimizin bir parçasından ayrılığımıza son qoydu. Bu tarixi Qələbə Ulu öndər Heydər Əliyevin vəsiyyət etdiyi Milli İnkişaf Strategiyasının siyasi-ideoloji davamlılığının məntiqi nəticəsidir. Bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dirçələn və güclənən müasir Azərbaycan, beynəlxalq münasibətlərin konfiqurasiyasında mühüm aktora, regionda sabitlik və inkişafın hərəkətverici qüvvəsinə çevrilib.

Rizvan FİKRƏTOĞLU
XQ



Siyasət