Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə təmsilçiliyinin fəaliyyəti genişlənir

post-img

Azərbaycan QHT-lərinin xarici ölkələrdə diaspor fəaliyyətləri dövlətimizin prioritet məsələlərdən biridir. Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynovun rəhbərliyi altında bir sıra ölkələrdə bu istiqamətdəki fəaliyyətlər təqdirəlayiqdir.
Belə ki, Qafqaz Tarixi Mərkəzinin Türkiyədəki təmsilçiliyinin rəhbəri, Qarabağ müharibəsi və silahlı qüvvələr veteranı, ehtiyatda olan polkovnik Akif Qasımov xaricdə diaspor fəaliyyətlərini uğurlu şəkildə həyata keçirməklə ölkəmizi Türkiyədə yüksək səviyyədə təmsil edir.

Akif Qasımov Türkiyədəki fəaliyyətləri haqqında bunları deyib: “Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçiliyi olaraq həm fərdi şəkildə, həm də müxtəlif yerli QHT və platformalarda iştirak edərək Azərbaycan həqiqətlərinin çatdırılması üçün elmi konfranslar təşkil edirik, müxtəlif tədbirlərdə iştirak edirik. Eyni zamanda, Türkiyə televiziya kanalları vasitəsilə Azərbaycan həqiqətlərini qardaş ölkə ictimaiyyətinə çatdırırıq”.

O qeyd edib ki, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçiliyinin uğurlarından biri də Türk Dənizçilik və Qlobal Stratejilər Mərkəzi (Türk DEGS) ilə əməkdaşlıq etməsidir: “Türk DEGS mərkəzinin rəhbəri müstafi tümamiral doç. dr. Cihat Yaycı paşamız Türkiyədə və xaricdə tanınan bir şəxsiyyətdir. Onun yazıları və sosial şəbəkələrdəki paylaşımları yerli və xarici ictimaiyyətin çox ciddi şəkildə diqqət mərkəzindədir. Belə bir mərkəzlə əməkdaşlıq etməyimiz isə Azərbaycanın strateji maraqlarına xidmət edəcəkdir. Biz, eyni zamanda, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Dərnəkləri Federasiyası və digər QHT qurumları ilə də əməkdaşlıq edirik. Bütün bu fəaliyyətlərin əsas məqsədi ölkəmizin daha da qüdrətli olmasına xidmət etməkdir”.

Səxavət HƏMİD,
XQ





Siyasət