Slovakiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf etməkdədir

post-img

Xarici siyasətimizin əsas tərkib hissələrindən biri Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında əsas amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Belə ki, məqsəd Azərbaycanla Slovakiya arasında mövcud siyasi dialoqu daha da dərinləşdirməkdir. Ölkələr arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Cari ili 7 may tarixində Prezident İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə Bakıda görüşü və imzalanan sənədlər iki dövlət arasında siyasi əlaqələri daha da gücləndirəcək. Bakıda keçirilən həmin görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, regional məsələlər, regional inkişaf haqqında danışılıb. Eyni zamanda, Azərbaycan və Slovakiya arasında ikitərəfli ticarət əlaqələrinin intensivləşdirilməsi yolları, iqtisadi əlaqələrin perspektivləri və müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edilib.

Ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqla yanaşı, iqtisadi sahədə, ən önəmlisi enerji sektorunda əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Xüsusilə isə Prezident İlham Əliyev və baş nazir Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında Slovakiya-Azərbaycanın əlaqələrinin tarixində çox əlamətdar bir gün olduğunu deyib: “Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq”.

Slovakiya Azərbaycanla, ilk növbədə enerji sektorunda əməkdaşlığa maraq nümayiş etdirir. Hələ ötən il mayın əvvəlində Slovakiyanın “Slovnaft” neft emalı zavodunda “Azeri Light”ın ilk partiyası emal edilib ki, bu da enerji sektorunda uğurlu əməkdaşlıq təcrübəsi hesab olunur. O cümlədən, Azərbaycan və Slovakiya Cənub Qaz Dəhlizinə qoşulmaqla Avropa İttifaqına, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan Həmrəylik Halqası təşəbbüsünün üzvləridir. Bu gün tərəflər birgə layihələrin həyata keçirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, innovasiya sahələrində təşəbbüslərin dəstəklənməsi, yaşıl enerjiyə keçid üçün birgə fəaliyyət imkanlarını nəzərdən keçirirlər.

Hər iki ölkə arasında Azərbaycanın Ağdam rayonunun Baş Gervənd kəndində “Ağıllı” kəndin tikintisi üzrə layihə sənədləri haqqında saziş imzalanıb. Artıq sazişin həyata keçirilməsi üzrə işlərə başlanılıb. Prezident İlham Əliyev bəyanatında bu haqda da danışıb: “Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək”. Qeyd edək ki, Slovakiya Azərbaycanda 100-ə yaxın belə “ağıllı” kənd salmaq istəyir. Qarabağda böyük bərpa işləri aparılır və ilk layihə təxminən 5000 ev üçün nəzərdə tutulacaq. Bu, təxminən 20-30 il üçün nəzərdə tutulmuş layihədir, çünki 100 belə kəndin salınması vaxt aparacaq.

Slovakiyanın Baş naziri Robert Fitsonun bəyanatından da göründüyü kimi, bu dövlət Azərbaycanı regionda ən mühüm tərəfdaş hesab edir. Eyni zamanda bir sıra Slovakiya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Bundan əlavə Slovakiyanın aparıcı şirkətlərinin nümayəndələri yeni şirkətlərlə əməkdaşlıq etmək niyyətindədirlər. Ölkələr arasında iqtisadi əlaqələr inkişaf etməkdədir. Bu gün əsas məqsədlərdən biri ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsidir. Azərbaycan Slovakiya şirkətlərini ölkədəki azad iqtisadi zonalara, ilk növbədə nəqliyyat layihələrinin həyata keçirilməsinə cəlb etməyə ümid edir.

O cümlədən, Slovakiya ilə minatəmizləmə sahəsində əməkdaşlıq Bakı üçün xüsusi maraq doğurur. 2021-ci ildən bu fəaliyyət həyata keçirilir və tərəflər onun genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər. Bundan əlavə Azərbaycan tərəfi özünü yaxşı tərəfdən göstərən minatəmizləmə maşınlarının əlavə partiyasının alınmasında maraqlıdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət