Fransa siyasi qızdırma ağuşunda

post-img

Paris İrəvanın da dəstəklədiyi COP29-a qarşı çıxmaqla özünü biabır edir   

Afrikadan, Şərqdən, Orta Asiyadan və Qafqazdan qovulan Fransa, görünür, hirsini tökməyə ünvan, acığını çıxmağa hədəf axtarır. Cənubi Qafqaz coğrafiyasında da diplomatik uğursuzluğa düçar olan Yelisey sarayının müvəqqəti kirayənişini indi də Azərbaycanın BMT-nin ən nüfuzlu tədbirlərindən birinə – COP29-a evsahibliyi etməsinə qarşı çıxır. 

XXI əsrdə neokolonealizm siyasətindən, səlibçi zehniyyətindən qurtula bilməyən “qoca qitə”nin “ağsaqqal” Fransası, işini–gücünü buraxıb, yeri gəldi–gəlmədi Azərbaycanın bostanına daş atmaqla məşğuldur. İndi də paytaxt Parisin “hay heyranı” olan meri Ann İdalqo başda olmaqla, “ictimai–siyasi xadim” qiyafəsinə bürünən bir dəstə fransız 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qarşı çıxıb. Onlar Ermənistanın da dəstəklədiyi bu qərara etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara gülüş doğuracaq qədər mənasız müraciət qəbul ediblər. Bu ermənipərəst dəstə ortaya heç bir hüququ və mənəvi əsasları olmadan, sadəcə, iddia edirlər ki, Azərbaycan belə mötəbər tədbiri keçirə bilməz. Bu məqamda siyasi məntiqini itirmiş həmin avantürist heyətin, Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “ermənidən artıq erməni olmağa iddialı” olduqlarını deməliyik.  

BMT-nin əksər qaydalarını, qoşulduğu konvensiyaların şərtlərini pozan, Aİ-də hegemonluğu xeyli zəifləmiş Fransanın son dövrlər atdığı addımlar beynəlxalq hüquqa hörmətsizlik, diplomatik etiketin pozulmasına bariz nümunədir. Belə anlaşılır ki, məlum müraciətin müəlliflərinin xəstə düşüncələrinə görə, mühüm beynəlxalq tədbirlər ancaq özünü “böyük güc” adlandıran Fransada keçirilə bilər. Bu bədbəxtlər Yay Olimpiya Oyunlarının təşkilində ciddi probemlərlə üzləşmiş ölkələrinin dərdinə çarə axtarmaq əvəzinə, az qala, hər ay beynəlxalq miqyaslı forum, konfrans və sərgilərə evsahibliyi edən Azərbaycanın imkanlarına şübhə ilə yanaşırlar. Əslində, bunun əsl adı, şübhə yoxdur ki, paxıllıqdır.   

*** 

COP29-a hələ altı ay qalıb, amma dünyanın mötəbər təşkilat və institutları, Azərbaycanda səfərdə olan dövlət başçıları, BMT rəsmiləri, nüfuzlu siyasi xadimlər, ekologiya üzrə aparıcı mütəxəssislər qarşıdakı sammitə Bakının ən yüksək səviyyədə hazırlıq işləri aparmasından danışır və bundan məmnun qaldıqlarını ifadə edirlər. Sadəcə məmnun qalmırlar, həm də BMT-nin ərtaf mühit problemlərinə həsr olunan bu mötəbər tədbirinin Bakıda keçirilməsinə qarşı çıxanlara özlərinin tutarlı cavablarını verirlər. 

“COP29 qlobal miqyaslı bir hadisədir. Bu, eyni zamanda, Azərbaycan üçün bir növ çağırışdır. Ona görə ki, belə genişmiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün tələblər də son dərəcə yüksəkdir”. Bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib. Onun sözlərinə görə, Fransa və Avropa Parlamenti hər vəchlə Bakı sammitini pozmağa, beynəlxalq ictimaiyyəti buna qarşı çıxmağa inandırmağa çalışırlar. “Amma Bakının bu mötəbər konfransı keçirmək üçün malik olduğu imkanlar beynəlxalq səviyyədə tanınır və bu, böyük etimaddır”, – deyən K.Kosaçev Qərbin bəzi qüvvələrinin BMT-nin ekoloji konfransını pozmaq cəhdlərinin yeni fakt olmadığını vurğulayır və buna heç də təəccüblənmədiyini dilə gətirir: “Bakıda COP29-u boykot etməkdən nə Fransa, nə də başqaları heç nə qazanmayacaq və buna nail ola bilməyəcəklər”.

Bakının dünyaya ünvanladığı qlobal çağırışları, planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüsləri Fransanın və onun ətrafında cəmləşmiş ermənipərəst dairələrinin gözünə ox kimi batır. Fəqət onlar çəkisi və nüfuzu gündən-günə artan ölkəmizə qarşı özlərinin məkrli və çirkin niyyətlərinin heç birini həyata keçirə bilməyəcəklər. 

***

İndi də gələk Fransanın özünün “ekoloji bataqlığa” batması məsələsinə. Həm xaricdən, həm də daxildən təzyiqlərlə üzləşmiş Emmanuel Makron hakimiyyəti üçün ətraf mühitin təmizliyi məsələsi arxa plana keçib. Son vaxtlar sahə üzrə beynəlxalq araşdırma qrupları bu ölkədən qaynaqlanan ekoloji təhlükələrdən bəhs etməyə başlayıblar. Müstəqil tədqiqat mərkəzlərinin hesablamalarına görə, Fransa Aralıq dənizini plastik vasitələrlə çirkləndirən ölkələrin siyahısına liderlik edir. Məhz bu baxımdan, Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Plastik çirklənmə: günahkar kimdir? 2030-cu ilə qədər sıfır plastik çirklənməyə nail olmaq üçün sistemli səbəblər və ssenari” hesabatını dünya üçün həyəcanlı mesaj hesab etmək olar. Belə məlum olur ki, beynəlxalq ekoloji normalara sayğısızlıq, cəzasızlıq, törətdiyi əməllərinə görə məsuliyyətdən yayınmaq Fransanın ən uğursuz hökumətini daha böyük cinayətlərə və deməli, həm də fəlakətlərə sürükləməyə sövq edir.

Dünya Vəhşi Təbiət Fondunun hesabatında göstərilir ki, dünya okeanının ən çirkli hissəsi Aralıq dənizinin payına düşür və buraya hər il, təxminən, 600 min ton plastik  tullantı axıdılır. Müqayisə üçün o da bildirilir ki, bu, Hind okeanı və ya Sakit okeana atılan tullantıların həcmindən dörd dəfə çoxdur. 22 sahilyanı ölkə arasında Fransanın plastik çirklənməyə görə Aralıq dənizi akvatoriyasında “liderlik” etməsi qətiyyən təəccüblü deyil. Regionun illik plastik tullantılarının ən böyük payı (24 milyon tonun 75 faizi) məhz bu ölkəyə məxsusdur. Bunlardan savayı, təkrar emal olunmadan ətraf mühitə atılan plastik kütlənin payı Fransada İtaliya, İspaniya, Sloveniya və İsraillə müqayisədə xeyli yüksəkdir. 

İndi oxucular özləri desinlər, kim kimə irad tutmalı, təbiətə vurduğu ziyana görə qınanmalıdır? Nəzərinizə çatdırdığımız hesabat paytaxtının küçələrini zibildən təmizləməyə qüdrəti çatmayan Fransadan doğan ciddi təhlükə və ekoloji problemlərin görünən hissəsidir. Emmanuel Makron hökuməti gözlərinə girən bu problemləri həll etməyin əvəzinə, yenə də müstəmləkə siyasətindən əl çəkmir, Qafqaza bayrağını sancmaq xəyalı ilə yaşayır, digər dövlətlərin daxili işlərinə qarışmağa cürət edir. Bütün bunlar azmış kimi, Azərbaycanı COP29-dan məhrum etmək kimi ağılsız fəaliyyətə baş vurur. Bunun səbəbi çox sadədir: Paris müstəqil xarici siyasət yürüdən, dünyaya sülh çağırışları ünvanlayan, planetin təmizliyinə həsr olunmuş beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycana əngəl olmağa çalışır. Qoy çalışsın, Bakının bundan sonra öz çirkabına batmışlarla işi yoxdur. 

İ.BƏDİRXANLI 
XQ

 



Siyasət