İrəvanın “dilənçilik diplomatiyası”

post-img

“Sabun köpüyü” ilə manipulyasiya

Aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ–Avropa İttifaqı–Ermənistan görüşünün nəticəsi İrəvana yardım ayrılması oldu. Başqa, böyük ölçüdə, ortada heç nə yoxdur. Hər halda, rəsmi məlumatlara əsasən belə söyləyə bilərik. Ortada, eyni zamanda, bu da var ki, erməni iqtidarı həmin yardımı müstəsna uğur kimi qələmə verir. 

Deməli, Ermənistanın təhlükəsizliyi və sair bu kimi yüksək səslənən məsələlərin başı pul imiş. Pul çox şeydir, amma hər şey deyil. Məsələ ondadır ki, hazırda kol­lektiv Qərbin Ermənistana ayırdığı maliy­yə heç nədir. Fikrimizin əsaslandırılması üçün bəzi məqamların diqqətə çatdırıl­masına ehtiyac var. Həmin məqamlardan söz açanlardan biri isə Ermənistanın Milli Tərəqqi Partiyasının koordinatoru Levon Zurabyandır. 

L.Zurabyanın facebook səhifəsində yazdıqları onu deməyə əsas verir ki, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin, Avropa Komissiyasının rəhbə­ri Ursula Fon der Lyayenin və baş nazir Nikol Paşinyanın Belçikanın paytaxtında reallaşmış üçtərəfli görüşündə çıxarılmış qərar Ermənistana yalnız dilənçi payının ayrılmasıdır. Bu, həm də, o deməkdir ki, rəsmi İrəvanın yüksək notlarla təq­dim etməsinə baxmayaraq, Brüssel tə­ması, hətta, ortada olan konkret nəticə baxımından da mənasızdır. Hələ başqa məsələlər bir yana qalsın… 

L.Zurabyan yazır ki, 1991-ci ildə gö­türülmüş və indiki iqtidar tərəfindən “yan­lış oriyentasiya” kimi qələmə verilmiş kurs (Qərb və Rusiya ilə balanslaşdırıl­mış siyasət təsiri bağışlayan – red.) nə­ticəsində Ermənistan Qərbdən yalnız 5 il ərzində Qərbin 2021-ci ildən başlayaraq, ölkəyə qarşıdakı səkkiz il üçün vəd etdi­yindən 10 dəfə çox dəstək alıb. “Yaxşı, bu, bizim üçün geriləmədir, yoxsa görün­məmiş tarixi dönüşdür? Məncə, cavab aydındır”– deyən siyasətçi əlavə edib ki, 9 iyul 2021-ci ildə Avropa İttifaqı növbə­ti 5 il ərzində Ermənistana 2,6 milyard avro (3,1 milyard dollar) yardım göstər­məyə hazır olduğunu bəyan edib. Aprelin 5-dəki görüş zamanı məlum olub ki, bu qərardan üç il sonra Aİ və ABŞ birlikdə Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar verəcəklərini vəd edirlər. Yəni, ümumilikdə, yardım təxminən 360 milyon dollar təşkil edəcək.

L.Zurabyan bildirib ki, Qərb nəinki əvvəllər verdiyi vədləri yerinə yetirməyib, həm də vədlərin məbləğini də 10 dəfədən çox azaldıb. O, bu məqamda Paşinyanın və tərəfdarlarının 1991-ci ildən Ermənis­tanın “yanlış oriyentasiya” kursu qəbul et­məsi və bu səbəbdən Qərbdən adekvat dəstək almadığı iddiasına diqqət çəkib. Siyasətçinin sözlərinə görə, ötən əsrin 90-cı illərində, yəni konkret olaraq prezi­dent Levon Ter-Petrosyan administrasi­yasının dövründə Ermənistan ABŞ-dan və Dünya Bankının vasitəçiliyi ilə birbaşa hökumət yardımı alırdı. Zurabyan həmin yardımların statistikasını da açıqlayıb: 1992-ci ildə müvafiq olaraq 75 və 22 milyon dollar, 1993-cü ildə – 172 və 110 milyon dollar, 1994-cü ildə – 160 və 191 milyon dollar, 1995-ci ildə – 115 və 217 milyon dollar, 1996-cı ildə – 135 və 299 milyon dollar, 1997-ci ildə – 99 dollar və 166 milyon dollar. Avropa İttifaqının TA­CIS proqramı çərçivəsində Ermənistana ayırdığı 49 milyon avro yardımın ümumi məbləği isə 1,8 milyard dollar təşkil edib.

L.Zurabyan 90-cı illərdə Ermənista­na edilən yardımı 2024-cü ildə verilən vədlə müqayisə edərkən, 1993-1997-ci illərdə ABŞ dollarının gücünə də diqqət yetirib və bildirib ki, həmin vaxtkı bir dol­lar bugünkü iki dollara bərabər idi. Yəni, hazırda elan edilmiş vədlər gerçəkləşsə belə, Qərb növbəti 4 il ərzində Ermənis­tana 180 milyon dollar yardım edəcək ki, bu da qeyd edilən dövrlə müqayisə­də azdır: “Nə baş verir? Yaxşı, bu, bizim üçün geriləmədir, yoxsa görünməmiş ta­rixi dönüşdür? Məncə, cavab aydındır”, – deyən partiya koordinatoru söylədik­lərinin heç də Qərbin tənqidi olmadığını vurğulayıb. Onun fikrincə, indiki məqam­da Qərb əlindən gələni, məqsədəuyğun hesab etdiyini həyata keçirir. Amma...

Onu da deyək ki, baş nazir N.Paşin­yan və onun komandasının üzvləri tez-tez çıxışlarında ölkənin diversifikasiya siyasəti kimi göstərdikləri kursun əhə­miyyətindən söz açarkən, hazırda Rusi­yanın imkanlarının Ermənistana dəstək baxımından yetərli olmadığını vurğulayır­lar. Onlar bu baxımdan Ukrayna müha­ribəsinə köklənir və bildirirlər ki, Moskva bütün potensialını savaşa cəmləşdirdi­yindən, onun İrəvana kömək göstərməsi mümkünsüzdür. Ancaq o da məlumdur ki, belə tezislər Kreml tərəfindən hə­mişə inkar olunub və Rusiyanın bütün istiqamətlər üzrə ayrıca fəaliyyət planının mövcudluğu önə çəkilib. L.Zurabyan isə Ermənistan iqtidarının Rusiyanın yardım potensialının yetərsizliyi tezisini Qərbin üzərinə gətirir. Yazır ki, indiki məqamda Qərbin imkanlarını və kömək göstərmək niyyətini ayıq şəkildə qiymətləndirmək lazımdır. Rəsmi İrəvanda isə belə bir qiy­mətləndirmə yoxdur. 

Bəli, partiya koordinatoru Qərbin Er­mənistana dəstək göstərmək, lakin bu dəstək məramının ifadəsi üçün resursla­rın çatışmadığına diqqət çəkir. Nəticədə ortada yalnız boş və mənasız görüntünün olduğunu vurğulayır. Ən əsası bu görün­tü Paşinyan administrasiyası tərəfindən təbliğ olunur. Təbliğat erməni iqtidarına uğursuzluqlarını ört-basdır etmək imkanı yaradır. Zurabyan mövcud təbliğatı həm də xalqı aldatmaq və onun mənafeyini satmaqla, hakimiyyətdə qalmaq şansı kimi dəyərləndirir. Buna görə siyasət­çi hazırda Ermənistanda baş verənlərə görə heç kəsi deyil, birbaşa N.Paşinyanı və onun siyasi ardıcıllarını günahlandır­mağın zəruriliyi üzərində dayanır. 

Sonda onu deyək ki, N.Paşinyan Qər­bin adamıdır və onunla Qərbin idarəçiləri arasında yazılmamış saziş var. Nikol hə­min saziş üzrə hərəkət edir. Sazişdə ən əsas vəzifə Cənubi Qafqazda rus təsirini yoxa çıxarmaqdır. Prosesin başlıca aləti qismində erməni avantürizmi çıxış edir. Hazırda Ermənistana yardımlar üzrə müxtəlif təyinatlar açıqlansa da, əslində, bunların hamısı boş şeydir. Qərb İrəva­nın anti-Rusiya xəttini maliyyələşdirir. Avantürizmə gəldikdə isə bunun Mosk­vaya qarşı çıxmaqla yanaşı, digər vacib komponenti var – Azərbaycana ərazi id­diası, 44 günlük müharibə və ondan son­ra itirilmişlərin bərpası. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət