Liderin gücü: şəxsi keyfiyyətlərlə xalq-lider birliyinin sintezi

post-img

(fəlsəfi-politoloji təhlil)

IV MƏQALƏ

Biz Azərbaycanı müasir, sürət­lə inkişaf edən, şəffaflığı öz si­yasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail ola­cağıq. Heç kim bu işdə bizə mane ola bilməz.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

III məqalədə gəldiyimiz yekun qə­naət güclü uğurlu liderliyin Azərbaycan nümunəsinin sabit deyil, sürətlə dəyişən mühitdə yeniləşməyə açıq dinamik bir fe­nomen olması ilə bağlı idi. Onun konkret ifadəsi Prezident İlham Əliyevin fəaliyyə­tində özünü göstərməkdədir. 

Burada ayrıca yeri olan faktorlar şəx­si keyfiyyətlər, siyasi məharət və cəmiy­yətin liderlə həmrəyliyi və ya lider-xalq birliyidir. Buradan şərti olaraq güclü lider­liyin Azərbaycan nümunəsinin üç baza faktorunu müəyyən edə bilərik. 

Üç baza faktoru

Liderin şəxsi keyfiyyətləri, siyasi mə­harət və lider-cəmiyyət həmrəyliyi müa­sir mərhələdə güclü liderliyin üç baza faktoru kimi qəbul edilə bilər. XXI əsrdə uğurlu liderlik üçün şəxsi keyfiyyətlər daha aktual göstərici olmuşdur. Politoloji təlimlərdə bu aspektə getdikcə daha çox diqqət yetirilir. Liderin ünsiyyət qabiliyyə­ti, bütövlükdə, kommunikabelliyi daya­nıqlı dünya nizamının mövcud olmadığı və çox sayda güclü geosiyasi qüvvələrin liderlik uğrunda amansız mübarizə apar­dığı bir dövrdə həlledici faktor rolunu oy­naya bilir. Müstəqil dövlət başçıları şəxsi ünsiyyətləri sayəsində başqa liderlərlə konstruktiv əlaqələr qura bilir və eyni za­manda, yad təsirlərə qarşı müqavimət göstərirlər. 

Son illər bu kontekstdə dünya miq­yasında kifayət qədər nümunələr özünü göstərir. Bir sıra böyük dövlətlər digər­lərini təsirləri altına almaq üçün dövlət başçılarına təzyiqlər göstərməyə meyil edirlər. Şəxsi keyfiyyətləri yüksək olan müstəqil dövlət başçıları öz mövqelərini saxlaya bilir, rəhbərlik etdikləri ölkələ­rin maraqlarını təmin edirlər. Zəiflər isə oyuncağa çevrilirlər. 

Məsələn, Ermənistanın rəhbərləri ilə uzun illərdir ki, güclü dövlətlərin başçıla­rının “oyuncağı” kimi davranırlar. Onlar gah Rusiyanın, gah da Qərb dövlətləri başçılarının göstərişlərini yerinə yetirirlər. Son olaraq Nikol Paşinyan Rusiya lideri­nin təsirindən canını qurtarıb Fransanın prezidentinə sığınmağa çalışır. Lakin kə­nardan siyasi liderlik kriteriyaları ilə onun vəziyyətinə baxanda, zavallı və başqa­larının iradəsindən asılı siyasətçi təsiri bağışlayır. Bu növ siyasi liderdən güclü siyasətçi ola bilməz. 

Başqa nümunələr də vardır. Məsələn, bir zamanlar güclü görünən lider indi ya fəaliyyət göstərə bilmir, ya da məhbus həyatı yaşayır. Onlara da güclü lider demək çətindir. Nəhayət, rəhbərlik etdiyi dövləti müharibə ocağına ataraq, bol-bol vədlər verən liderlər də var ki, indi məğ­lub ola bilmə ehtimalından bəhs edir və ya ona yardımçı olan başqa dövlətləri qı­namağa çalışır. Bu növ liderlik də güclü lider adlandırıla bilməz. Baxmayaraq ki, onun lider kimi əsas şüarı “xalqa xidmət” olub. Deməli, “xalqa xidmət” adı altında başlanğıcda effektli və cəsarətli addım ata bilərsən, lakin şəxsi keyfiyyətlərdəki nöqsanlar və siyasi məharətin yetərli ol­maması tam mənada güclü lider olmağa imkan verməyə bilər. 

Bunlar XXI əsrdə güclü liderlik üçün şəxsi keyfiyyətlərin vacibliyini göstərmək­lə yanaşı, onun yetərli faktor olmadığını da təsdiq edir. Bu təsdiqin əsas adekvat kriteriyası isə əldə edilən konkret nəti­cələrdir. Liderin milli maraqlara uyğun, dövlətçiliyə xidmət edən uğuru varsa, o, güclü liderdir. Şəxsi keyfiyyətlər məhz bu nəticəyə nail olmağa yetərlidirsə, siyasət­çi güclü şəxsiyyətdir!

Siyasi məharət burada olduqca əhə­miyyətli rol oynayır. Artıq liderin siya­si-diplomatik qüdrəti çox böyük faktordur. Situasiya tez-tez dəyişirsə, geosiyasi şərtlər yeniləşir və bir sıra hallarda cid­di ziddiyyətlər meydana gətirirsə, lider məharəti sayəsində çətin vəziyyətlərdən ölkəni çıxara bilər. 

Məsələn, Mixeil Saakaşvili qonşu və dost Gürcüstanı çətin vəziyyətdən çıxa­ra bilmədi. Gürcüstanın torpaqları işğal olundu və üstəlik, M.Saakaşvilinin prezi­dent kimi karyerasına son qoyuldu. İndi isə hətta sağlamlığının necə olacağı mə­lum deyildir. 

Digər nümunə kimi, V.Zelenskinin Ukraynanı çox çətin vəziyyətə salma­sını göstərmək olar. V.Zelenski öncələr qələbədən danışırdı, indi isə dünya miqyasında müzakirələr əsasında sülh imkanlarından bəhs edir. Deməli, öncə­ki proqnozlarında, strateji görüşlərində yanlış olmuşdur. Bu yanlışlıqları isə indi siyasi məharəti belə düzəldə bilmir. Bu növ siyasətçiləri güclü lider kimi qəbul et­mək olarmı? Cavab vermək çox çətindir.

Biz Avrasiya miqyasında başqa nü­munələr də göstərə bilərik. Lakin, bütöv­lükdə, hazırkı tarixi mərhələdə müstəqil dövlətin güclü uğurlu lideri olmağın zəruri şərtləri haqqında təsəvvür formalaşdır­maq olar. Yuxarıda vurğuladığımız şəxsi keyfiyyətlər və siyasi məharətə lider – cəmiyyət həmrəyliyini də mütləq əlavə etmək gərəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin nümunəsində bu tezisi təsdiq etmək olar. 

İlham Əliyev şəxsi keyfiyyətləri ilə dövlət başçısı olandan diqqətləri çəkmiş­di. Qətiyyətli, qərarlı, təmkinli, hər atdığı addımı öncədən dərindən düşünən və konkret nəticəyə fokuslanmış proqram­lar həyata keçirən lider olaraq fəaliyyət göstərmişdir. Bu keyfiyyətləri sayəsində Azərbaycanın enerji strategiyasını dön­mədən və ardıcıl inkişaf etdirmişdir. Ən çətin mərhələlərdə belə İlham Əliyev Gürcüstana tez-tez səfərlər edir, Tür­kiyə ilə münasibətləri inkişaf etdirir, Qərb və Çin istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq üçün tutarlı addımlar atırdı. Qısa müddət ərzində Gürcüstan “əsrin müqaviləsi” çərçivəsində enerji layihələ­rində əsas kommunikasiya marşrutuna çevrildi, Avropa İttifaqının bir neçə döv­ləti Azərbaycanın strateji tərəfdaşı oldu, Çinlə əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəldi və “Bir kəmər, bir yol” layihəsin­də Bakının iştirak fəallığı sabitləşdi. 

Paralel olaraq, Rusiya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. İranla münasibətlərdə bir sabitlik yaran­dı. Türkiyə ilə strateji müttəfiqlik tarixdə görünməmiş səviyyəyə yüksəldi. 

Ən başlıcası isə İlham Əliyev ərazi bütövlüyünün təminini milli ideya kimi re­allaşdırdı. Bu zaman 44 gün ərzində gər­gin vəziyyətdə yüksək şəxsi keyfiyyətləri ilə siyasi məharətinin sintezində qarşıya çıxan bütün maneələri aşdı. Azərbaycan Prezidenti 44 günlük savaşın gedişində təkbaşına dünyanın çox sayda dövlət başçısı və KİV nümayəndələri ilə infor­masiya müharibəsinə girişdi və qalib gəl­di. İlham Əliyev yüksək zəkası, strateji düşüncə və proqnozlaşdırma qabiliyyəti, diplomatik məharəti, milli maraqlara sa­diqlik qətiyyəti, yenilməz iradəsi və yük­sək savadı ilə rəqiblərini, sözün həqiqi mənasında, diz çökdürdü. Bu zaman, Azərbaycan liderinin məşhur lakonik kə­lamları Azərbaycan tarixi ilə yanaşı, müa­sir politologiyanın da səhifələrinə əbədi yazıldı. 

Məsələn, “Qarabağ Azərbaycandır!” kəlamı şəxsi keyfiyyətlərlə siyasi-diplo­matik məharətin sintezində məşhurlaşdı. “Sən azadsan, Şuşa!” kəlamı milyonların dilində səsləndi. Şuşa Bəyannaməsi isə “Bir millət, iki dövlət” kəlamının konkret hüquqi təzahürlərindən biri oldu. Bütün bunlar İlham Əliyevin qısa müddətdə üs­tün şəxsi keyfiyyətlərini siyasi-diplomatik məharət və yenilməz iradə ilə birləş­dirərək, uğur qazanmasına imkan verdi. Azərbaycan Prezidenti XXI əsrin ən uy­ğun güclü lider obrazıdır!

Və burada İlham Əliyevin başqa bir li­derlik qabiliyyəti özünü göstərir. Biz Azər­baycan Prezidentinin “Biz birlikdə güclü­yük!” kəlamını nəzərdə tuturuq.

Xalq – prezident birliyi: güclü liderliyin əsas parametrlərindən biri kimi

Azərbaycan üçün XXI əsrdə liderlə cəmiyyətin həmrəyliyinin təmini strateji əhəmiyyət kəsb edir. Bunu İlham Əliyev bacardı. Özü də hər yeni situasiyaya kre­ativ yanaşaraq, öhdəsindən gəldi. Belə ki, xarici qüvvələr tez-tez Azərbaycan cəmiyyəti ilə onun dövlət başçısı ara­sında müxtəlif üsullarla (məsələn, hibrid təsirlərlə) uçurum yaratmağa çalışırdı­lar. Müxtəlif qondarma arqumentlərlə Azərbaycanda dövlət başçısının xalqın maraqlarına uyğun siyasət yeritmədiyini ortaya atır, buradakı əlaltıları ilə bu yalan­çı rəyi cəmiyyətə sırımağa cəhd edirdilər. Bu proses indi də davam edir. 

Bütün bunlara İlham Əliyev konkret siyasəti ilə cavab verdi. İslahatlar apar­dı, iqtisadiyyatı gücləndirdi, cəmiyyətdə multikultural dəyərləri tam oturuşdurdu, yeni nəsil tərbiyəsinə ciddi diqqət yetirdi, ordunu tam modernləşdirdi və dövlətin beynəlxalq miqyasda nüfuzunu diplo­matik qətiyyəti və məharəti ilə yüksəlt­di. Bu kimi praktiki addımların fonunda İlham Əliyevin təcavüzkar Ermənistanın torpaqlarımızdan birdəfəlik qovulması prosesinə başlaması bir çoxları üçün şok effekti yaratdı. Yəni ərazi bütövlüyünün təmini əməliyyatı, sözün həqiqi və tarixi mənasında, İlham Əliyevin həm yeni lider kimi özünütəsdiqi, həm də bütün dünya­ya güclü liderliyin Azərbaycan nümunəsi­nin əyani nümayişi idi. 

Mümkündür ki, dünyanın bir çox güclü dövlətləri öncə buna inanmadılar, sonra isə qısqanclıqdan qəbul etmək istəmədilər. Yəni XXI əsrdə bir müstəqil müsəlman dövlətinin liderinin bu qədər uğurlu olmasını psixoloji və faktiki həzm edə bilmədilər! Bizim anlamımızda XXI əsrdə əsl güclü uğurlu liderlik nümunəsi məhz bundan ibarətdir. 

Özlərini güclü sayanlar cəmi 44 gün­də gördülər ki, onlardan güclü lider vardır. O lider Cənubi Qafqazın şərəfli dövlətçi­lik ənənəsi olan xalqının – azərbaycanlı­ların Prezidentidir. O, “Azərbaycan” adlı əsrlərlə bu regionda ədalətli, hünərli, qüd­rətli liderlər yetişdirmiş bir xalqın övladı olan İlham Əliyevdir. Azərbaycanı əbədi müstəqillik yoluna çıxaran, faktiki olaraq müasir müstəqil Azərbaycan dövlətçiliyi­nin nümunəsinin memarı olan güclü və uğurlu ulu öndər Heydər Əliyevin siyasi varisidir. Məhz Heydər Əliyev siyasi mək­təbini keçmiş bir azərbaycanlıdır!

İlham Əliyevin güclü liderlik nümunə­sinin başqa bir çox əhəmiyyətli aspekti də vardır. Həmin özəllik postmüharibə mərhələsində İlham Əliyevin nümayiş etdirdiyi şəxsi keyfiyyətlər, siyasi-diplo­matik məharət və lider – xalq birliyidir. Bu komponentlər üzrə Azərbaycan Pre­zidenti kifayət qədər etibarlılıq və inklüziv legitimlik “kreditinə” sahibdir. 

İlham Əliyev yeni güclü liderliyi indi eksklüziv olaraq fəaliyyəti ilə yaratmaq­da davam edir. Dövlət başçısının həm ölkənin inkişafı, həm də Cənubi Qafqazla əlaqədar özünü göstərən yeni gözlənil­məz geosiyasi-hərbi proseslərə reaksi­yası postsovet məkanında postmüharibə mərhələsinin yeganə güclü lideri olduğu­nu sübut etməkdədir! 

İndi Bakıda Qərbin, Rusiyanın və başqa güclü geosiyasi qüvvələrin siya­siləri və diplomatları qaynaşırlar. Əgər keçən əsrin 90-cı illərində onlar burada öz maraqlarını Azərbaycanı nəzərə al­madan təmin etməyin izində idilərsə, indi Azəbaycanın maraqlarının fonunda özlərinə “Qafqaz Günəşi altında yer” ax­tarırlar. 

Hər birinin Azərbaycandan xahişi belədir: bizimlə əməkdaşlıq edin! Bu, güclü siyasi varisin güclü uğurlu liderliyə yüksəliş yolunun davam etməsidir. Bu, həm də bütün dünyaya yeni bir mesajdır: kim nə qədər gözlənilməz davransa da Azərbaycan xalqı öz güclü lideri ətrafın­da daha güclü birləşərək, yeni həmrəylik nümunəsi ortaya qoyacaqdır! 

Nəhayət, İlham Əliyev daim yeniləşən situasiyada yeni kreativliyə uyğun fəaliy­yət göstərən potensiala və gücə malik lider olduğunu təsdiq etməkdədir. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət