Bu ölkənin və havadarlarının son sığınacağı haqqında elegiya əvəzi
Əslində, tam ziddiyyətli bir durum yaranıb. Ermənistan hakimiyyətinin təmsilçiləri istər yerli, istərsə də xarici auditoriya qarşısında çıxış edərkən, habelə müsahibə və açıqlamalarında bildirirlər ki, hazırda yeritdikləri xətt ölkə siyasətinin diversifikasiyasıdır, asılılığın aradan qaldırılması cəhdidir və sair. Burada hələ təhlükəsizlik məsələləri də ön plana çəkilir. Təxminən belə: Ermənistan üçün yeni təhlükəsizlik alətləri lazımdır, indiyədək mövcud olanlar özünü doğrultmur, qlobal çağırışlara cavab vermir...
Məlumdur ki, belə deyimlərin hamısı Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağa hesablanıb. Daha doğrusu, mövcud ritorika məqsədə çatmaq üçün bəhanədir. Ancaq rəsmi İrəvan bununla kifayətlənmir, əmələ keçir və Qərbin anti-Rusiya cəbhəsində yer alır. Nəinki yer alır, hətta özünü bu cəbhənin ən sadiq əsgəri kimi aparır. Görünən budur ki, baş nazir Nikol Paşinyan və komandası Ermənistanı Kremlə qarşı ayrıca mübarizə səngərinə çevirməkdə israrlıdır. Ancaq məsələ heç də bunda deyil.
Başlıca məqam Rusiyadan ayrılma tendensiyası fonunda diversifikasiyanın zəruriliyinin əsaslandırılmasında, yeni alətlər arqumentasiyanın irəli sürülməsindədir. Əlbəttə, obrazlı desək, Moskva göz yaşlarına inanmır. Yəni, Rusiya dövlətinin nümayəndələri erməni iqtidarının təmsilçilərinin danışdıqlarının nağıl olduğunu yaxşı anlayırlar. Onlar belə nağılların ssenarilərinin harada yazıldığını gözəl dərk edirlər. Yazının ilk cümləsində qeyd etdiyimiz təzada diqqət yetirək.
Bəli, təzad çox sadədir. Məlum olur ki, Ermənistan hakimiyyətinin ölkənin yönümünü Qərbə doğru çevirmək niyyətlərini əsaslandırarkən irəli sürdüyü arqumentlər heç xaricdə də ciddi qəbul edilmir. Yəni, Qərbin ayrı-ayrı təmsilçiləri bəyanatlarında açıq şəkildə bildirirlər ki, erməni iqtidarı onlara anti-Rusiya cəbhəsini genişləndirmək üçün lazımdır. Onlar, mövcud xüsusda, qətiyyən, rol oynamırlar. Ən pisi isə budur ki, dedikləri ilə Paşinyan administrasiyasının, belə demək mümkünsə, siyasi aktorluğunu heçə endirirlər. Bu isə o deməkdir ki, Qərb Nikola və komandasına hörmətsiz yanaşır.
Məsələn, Fransa Milli Assambleyasının Fransa–Ermənistan Dostluq Qrupunun sədri Ann-Lorens Petel bu yaxınlarda İrəvana səfəri zamanı “Armenpress” İnformasiya Agentliyinə müsahibəsində deyib ki, Rusiyanın Ermənistan üçün etibarlı müttəfiq olmadığı artıq hər kəsə məlumdur. Buna görə Fransa Ermənistanın əsas müdafiə tərəfdaşına çevrilib və bu, “təcavüzkar qonşusu” Azərbaycanla daha balanslı münasibət qurmağa imkan verir. Ən əsası isə hazırda çox incə diplomatik oyunun getdiyini vurğulayan fransız parlamentari bildirib ki, İrəvan Avropaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaq istəyini mütləq şəkildə nümayiş etdirir.
Sual olunur: Erməni iqtidarında təmsil olunan kimsə belə fikir işlədibmi? Əlbəttə ki, yox. Deməli, Petel də Paşinyanı və komandasını, bir növ, peşka yerinə qoyur. Bir daha aydın olur ki, Ermənistanın iqtidar təmsilçilərinin siyasi gediş anlamında nəyi dillərinə gətirmələrinin heç bir önəmi yoxdur. Onlar üçün biçilmiş olan “missiya” var. Söhbət Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaqdan gedir.
Qərb dünyası hazırda var gücü ilə bölgədə ikinci Ukrayna ssenarisini gerçəkləşdirməyə girişib. Ermənistanın bu məqsəd naminə alətə çevrildiyi aşkardır, durum Rusiya üçün kifayət qədər aydındır. Maraqlı məqam isə budur ki, artıq rəsmi Moskva da Paşinyanın Qərbyönümlü siyasətini balanslaşdırılmış kurs kimi təqdim etmək niyyətlərinin mənasızlığını sübuta yetirməyə qol çırmayıb. Bunu Rusiyadan gələn açıqlamalar təsdiqləyir. Belə ki, son dövrlər Kremlin ayrı-ayrı təmsilçilərinin Rusiya–Ermənistan münasibətlərindəki gərginlikdən söz açarkən, Paşinyan iqtidarı əleyhinə indiyədək görünməmiş tərzdə açıq ritorikaya üstünlük verdikləri nəzərdən qaçmır. Mövcud anlamda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun “İzvestiya” qəzetinə müsahibəsində bildirdiklərini yada salmaq kifayətdir. Lavrov rəsmi İrəvanın Kremllə vəziyyəti gərginləşdirmək üçün bəhanələr uydurduğunu vurğulayır.
“ABŞ rəsmiləri açıq şəkildə bəyan edirlər ki, ABŞ Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxır”. Bu fikri isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24 News” erməni mediasına müsahibəsində bildirib. Səfir konkret olaraq, S.Lavrovun Ermənistan rəhbərliyinin “yalan bəhanələrlə son üç ilin tarixini təhrif edərək, qəsdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxaran” addımlar atmasına dair bəyanatını şərh edib.
XİN başçısının nələri dilə gətirdiyini çox yaxşı bildiyini vurğulayan S.Kopırkin deyib ki, S.Lavrovun fikirləri onun baş verənlər və Ermənistanın taleyi mövzusundakı narahatlığının təzahürüdür. Səfirin sözlərinə görə, Rusiya tərəfinə İrəvan–Moskva münasibətlərinin daha geniş qarşıdurma obyektinə çevrildiyi məlumdur və Birləşmiş Ştatlar bunu, ümumən, gizlətmir. “Bu, çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də, bizim münasibətlərimizə real xələl gətirə biləcək bir şeydir”, – deyən Kopırkinin sözlərinə görə, Ermənistan hakimiyyətində Rusiya ilə münasibətləri müdafiə üçün, kifayət qədər, siyasi iradə yoxdur. Səfırin dediklərindən belə nəticə hasil olur ki, hazırkı durum sadə ermənilərə də xoşagəlməz perspektiv vəd edir. Ancaq o, fikirlərinə müəyyən qədər düzəliş etməyi yaddan çıxarmır və deyir ki, Rusiya ilə Ermənistanı birləşdirən, təkcə iqtisadi deyil, həm də sosial, mədəni, psixoloji amillər var. Təhlükəsizlik, sabitliyin qorunması mənasında həyati əhəmiyyət daşıyan məqamlar da nəzərə alınmalıdır. Çünki regionun dinc inkişafı bundan asılıdır. Ona görə də kənardan gələn təzyiqləri sıradan çıxarmaq şərtdir. Münasibətlərə regional baxımdan nəinki heç bir əlaqəsi olmayan, həm də duruma kökündən zidd maraqların təzyiqi altında zərbə vurulmamalıdır.
Yazımızın bu yerində mövzu ilə bağlı bir maraqlı nüansa diqqət yetirək. Aydındır ki, Ermənistan hakimiyyəti öz aləmində diplomatiklik edir. Yəni, Rusiyaya qarşı çıxmağını, əvvəldə də vurğuladığımız kimi, ölkənin siyasi xəttinin diversifikasiyası, əlavə təhlükəsizlik alətləri tapmaq müstəvisində arqumentləşdirir. Lakin maraqlıdır ki, mövcud kursun gerçək məqsədini tam açıq şəkildə dilə gətirən və bununla da Paşinyan iqtidarının peşka mahiyyətini ortaya qoyan Qərb dünyası özünə gələndə diplomatik davranış yolu tutur. Əlbəttə, buna diplomatiklik demək mümkündürsə. Məsələn, bir qədər əvvəl fikirlərinə yer verdiyimiz Fransa Milli Assambleyasının deputatı Petel deyir ki, ölkəsi Ermənistanı öz institutlarını gücləndirməkdə, demokratiya yolu ilə irəliləmək istəyini reallaşdırmaqda dəstəkləyir. Ona görə də onlar tərəfdaşdırlar.
Göründüyü kimi, xanım Petel inqilabi romantizmə güc verir. Əslində, kollektiv Qərbin bütün cinahlarında təmsil olunanların yanaşmaları budur. Guya ki, demokratiyanı qoruyurlar. Demokratiya və insan hüquqları kimi bəşəri dəyərləri özünün qlobal maraqlarında vasitəyə çevirmiş Qərb Ermənistanda da eyni kursu davam etdirir. Aydındır ki, mövcud populist yanaşma sərt reallıqlar qarşısında tam keçərsizdir. Ancaq bu ritorika uğursuzluqdan sığorta və mübarizəni gələcəyə daşımaq üçün yaxşı metoddur.
Təsəvvür edək ki, Ermənistan, vəlvələdən, yaxud zəlzələdən, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağı bacardı. O zaman Qərbdəkilər yüksək səslə prosesi demokratiyanın avtoritarlıq üzərindəki zəfəri qismində təqdim edəcəklər. Əks prosesin baş verəcəyi durumda da onlar üçün heç bir problem yoxdur. Bu zaman məhv olmuş Ermənistan demokratiya mücahidi kimi göstəriləcək və beləcə ermənilər üzərinə oynanılan avantürizm, bir növ, nisgilə çevriləcək. Elə bir nisgilə ki, ondan gələcəkdə də istifadə etmək mümkün olsun.
Bəli, Qərb dünyasını bölgədə gərginliklərin yaşanması, toqquşmaların, müharibələrin olması qətiyyən maraqlandırmır. Mövcud durumda sadə insanların taleyi də heç bir əhəmiyyət daşımır. Əsas olan Cənubi Qafqazla bağlı məkrli, dağıdıcı planların reallaşmasıdır. Ermənistan hakimiyyəti bu planlarda alətə çevrilməkdədirsə, Qərbin “demokratiya oyuncağı” ilə başını qatıb özünü toxunulmaz sayırsa, onun mövqeyi təkcə sıravi ermənilərin deyil, bütövlükdə, Ermənistan dövlətçiliyinin gələcək taleyini şübhə altına alır.
Demokratiyadan söz düşmüşkən, sonda ingilis dramaturqu və filosofu Samuel Consonun bir fikrini xatırladaq. O deyirdi ki, vətənpərvərlik əclafların son sığınacağıdır. Ermənistanla bağlı siyasi proseslərə nəzər salarkən, o cümlədən, ölkənin iqtidar təmsilçilərinin fikirlərinə diqqət yetirərkən, dramaturqun kəlamının nə qədər aktual olduğunu söyləyə bilərik. Ancaq bir az fərqli formada. İndi demokratiya Ermənistan hakimiyyətinin son sığınacağıdır. Paşinyan və komandası hesab edir ki, demokratik libasa bürünmək ölkənin sığortasıdır. Ona görə bu komanda özündə siyasi əclaflığın ən dərin qatlarına enmək cəsarəti tapır. Və bu komanda quyuya endiyinin fərqinə varmayacaq, ipinin kəsiləcəyini ağlına gətirməyəcək dərəcədə iflicdir.
Ə.CAHANGİROĞLU
XQ