Heydər Əliyev: milli dövlət quruculuğunun Naxçıvan mərhələsi

post-img

(“Bir millət, iki dövlət” kəlamı kontekstində)

IV MƏQALƏ

Əgər hər hansı ölkənin xalqla­rı öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Heydər ƏLİYEV
Ümummilli lider

Dövlət quruculuğunun Azərbaycan sinerjisi

III məqalənin sonuncu tezisində milli dövlət quruculuğunun Naxçıvan siner­jisinin böyük potensiala və reallaşma imkanlarına malik olması əsasında, bü­tövlükdə, Azərbaycanda və hətta, Türk dünyasında müstəqil dövlət quruculuğu prosesini stimullaşdıra biləcəyini vur­ğulamışdıq. Bu qənaət yalnız nəzəri ümumiləşdirmə deyildir – praktiki-tətbiqi aspektində də onun stimulverici gücü yüksəkdir. Ulu öndər Naxçıvandakı fəa­liyyəti zamanı “bir millət, iki dövlət”in kon­septual aspektinin konkret praktiki tət­biqinə eksklüziv başlamışdı. Burada fərq fəaliyyət coğrafiyasının miqyasında idi. Lakin ən maraqlısı və əhəmiyyətlisi isə ondan ibarətdir ki, bir türk liderin dühası “kiçik coğrafi məkanda” “gələcək böyük coğrafi məkan” üçün də uğurlu ola bilə­cək müstəqil dövlət quruculuğu modelini uğurla reallaşdırması ilə bağlıdır.

Postsovet məkanında başqa nü­munəsi olmayan bu uğurlu dövlətçilik transformasiyası bir neçə mühüm amil üzərində qurulmuşdur. Onlarin önündə liderin siyasi uzaqgörənliyi gəlir. İkinci­si, liderin zəngin Azərbaycan dövlətçilik ənənəsi daxilində fəaliyyət göstərməsi idi ki, bunun üçün Heydər Əliyev ənənə ilə müasirliyin səmərəli sintezini müəyyən edə bilmişdir. Üçüncü amil liderin zəngin siyasi təcrübəsini məharətli siyasi-ideo­loji və diplomatik keyfiyyətlərinin tamam­laması ilə bağlıdır. Dördüncüsü, Heydər Əliyevin Azərbaycanın müstəqil olmasın­dan başqa variantı qəbul etməməsi ilə əlaqəlidir. Beşincisi, Heydər Əliyevin lider kimi qətiyyətinin, sarsılmazlığının kökün­də dövlət quruculuğu prosesini dərindən bilməsi ilə bağlıdır. Nəhayət, altıncı amil Heydər Əliyevin liderlik miqyasının təmə­lində liderlik missiyasının dayanmasıdır. 

Fikrimizcə, bütün bu amillər Ulu ön­dərin dövlət quruculuğunun Naxçıvan sinerjisini Azərbaycan miqyasında qu­ruculuq sinerjisinə çevik transformasiya etməsinə imkan vermişdir. Heydər Əliyev Azərbaycan Prezidenti olduğu müddət­də də Türkiyəyə, Rusiyaya, İrana, Avro­paya, Çinə, ABŞ-a səfərlərində dövlət quruculuğunun Naxçıvan mərhələsində irəli sürdüyü əsas tezisləri daha geniş və dərin formada ifadə etmişdir. Bu da özünəxas siyasi-ideoloji varislik, ardıcıllıq və məqsədyönlülüyün mühüm göstərici­sidir ki, onu ifadə edən lider–şəxsiyyətin məsələni çox gözəl bildiyini sübut edir. 

Nəticədə dövlət quruculuğunun Azər­baycan sinerjisinin üç aspektdə siyasi-fu­turoloji əhəmiyyətini vurğulamağa imkan yaranır. Birinci aspekt Azərbaycanın cəmiyyət olaraq yeni dövlət quruculuğu konseptinin tam mənasında, yəni inklü­ziv olaraq legitimliyini qəbul etməsindən ibarədtir. Toplumun bütün kəsimləri bu mövqeyi müdafiə etdi, ona dəstək verdi. Həmin həqiqət digər məqamların bazası­dır. Çünki müstəqil dövlət quruculuğunu ilk olaraq cəmiyyət özü anlamalı, ona arxa olmalıdır. Bu, liderin doğru yolda olduğunun əsas göstəricisidir. Onun si­yasi-hüquqi əlamətləri seçki qanununun yeniləşməsində, idarəetmə institutlarının fəaliyyətlərinin səmərəliliyinin yüksəlmə­sində, yeni konstitusiyanın qəbulunda, enerji siyasətinin davamlı aparılmasında və məhkəmə islahatlarında ifadə olundu. Bunların fonunda ordu quruculuğuna xü­susi diqqət göstərilirdi ki, bu da təhlükə­sizliyin iqtisadi (yeni enerji strategiyası) aspekti ilə hərbi və geosiyasi aspektləri­nin milli təhlükəsizlik müstəvisində birləş­dirilməsi demək idi. Bu cəhət Azərbaycan sinerjisinin vacib tərəflərindən birini təşkil etməkdədir. 

Azərbaycan sinerjisinin başqa vacib özəlliyi Naxçıvandan başlayaraq siyasi varisliyin yeni anlamda dövlət quruculuğu prosesinə daxil edilməsi ilə əlaqəlidir. Bu, müstəqil dövlətçilik kontekstində olduqca əhəmiyyətli məsələdir. Çünki Avrasiyada ilk dəfə olaraq müasir şərtlər daxilində bir əyalətdə sınaqdan keçən üsul əsasında müstəqil dövlət quruculuğunun strategi­yasında siyasi varislik aparıcı faktorlar­dan biri kimi məzmunlaşırdı. İndi də ikinci belə bir nümunə yoxdur. 

Bu məqam sadəcə Heydər Əliyevin nəzəri-konseptual kəşfi və onun praktiki reallaşma təcrübəsi deyildir. O həm də Ulu öndərin müstəqil dövlətçiliyin təmi­natı aspektində yeni ənənənin əsasını qoyması və həm də sonrakı nəsillərə töv­siyəsi (bəlkə də nəsihəti) idi. Bu prosesin hüquqi təsbiti bir daha illər sonra siyasi varisin qələbəsinin xüsusi rəmzi olan Şuşa Bəyannaməsində əksini tapacaqdı. Vurğulanan keyfiyyət Azərbaycan siner­jisinin milli-regional-qlobal miqyasların qovşağında nəzəri və praktiki üstünlüyü­nün lakonik ifadəsidir! 

Azərbaycan sinerjisinin dövlət quru­culuğu kontekstində ikinci vacib aspekti regional miqyasda onun özünü təsdiq et­məsi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, müstəqil dövlət quruculuğunun Azər­baycan sinerjisi dövləti regional lider et­məyə imkan yaratdı. Burada bir vilayət miqyasında quruculuq sinerjisinin bütöv ölkə miqyasında elə tərəqqisindən söh­bət gedir ki, əsrlərdir görünməyən uğurla ölkə ən çətin regionlardan birinin lideri ola bilmişdir. Məsələnin bu tərəfinin ayrı­ca öyrənilməsinə ehtiyac vardır. 

Regional liderlik Azərbaycan siner­jisinin mahiyyətini çox gözəl ifadə edir. Aydın olur ki, bu sinerji yalnız quruculuq, təhlükəsizlik, əməkdaşlıq ruhunda kök­lənmiş zəncirvari proseslərin yaratdığı yüksək tərəqqi effekti olan pozitiv haki­miyyət modelini əmələ gətirmişdir. İndi regionda gedən proseslər də təsdiq edir ki, regional lider kimi Azərbaycan Cənu­bi Qafqazda çox konstruktiv rol oynayır və faktiki olaraq təcavüzkarı və onun havadarlarını bu müstəviyə çəkir. Onun əlamətləri artıq daha aydın görünməyə başlayır. İndi hər bir böyük dövlət Azər­baycanla əməkdaşlıq üçün regiona can atır. Bu, böyük tarixi, siyasi və geosiyasi uğurdur!

Azərbaycan sinerjisinin üçüncü as­pekti də çox əhəmiyyətlidir. Burada Azər­baycan sinerjisinin Ümumtürk sinerjisinə transformasiyasını görürük. Təcrübə göstərir ki, bu transformasiyanın təməli, əslində, keçən əsrin 90-cı illərində Nax­çıvanda qoyulmuşdur. Onun rəmzi ifa­dəsi Naxçıvanda Azərbaycan bayrağının parlament salonuna gətirilməsi, sovet qoşunlarının oradan çıxarılması, sərhəd­lərin sökülməsi və Türkiyə ilə əlaqələrin yenidən qurulması kimi faktorlarda özü­nü tapmışdır. 2009-cu ildə yenə də Nax­çıvanda türk dövlətlərinin ortaq fəaliyyəti ilə bağlı məlum bəyannamə imzalanmış­dır (Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısının 3 oktyabr 2009-cu il tarixli Naxçıvan Bəyannaməsi). Türk Şu­rası belə yarandı. Sonra bu bəyannamə əsasında 2021-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) yaradıldı. Eyni zamanda, “Türk Dünyası Baxışı 2040” vizyonu elan edildi. Bununla Naxçıvan sinerjisindən Azərbaycan sinerjisinə və oradan da Ümumtürk sinerjisinə tarixi-si­yasi-geosiyasi keçid tamamlandı. Bu keçidin başlıca əlamətlərindən biri onun strateji xarakterli olmasıdır. Artıq türk dövlətləri 2040-cı ilə qədər olan müddət üçün strateji məqsədlərini müəyyən edib, onlar arasında uyğunluq yaratmağı hə­dəfləmişlər. Bu isə o deməkdir ki, Nax­çıvan sinerjisi uğurla Azərbaycanı inteq­rasiya edən Azərbaycan sinerjisi yaratdı və hər iki “sinerji mərhələsi”, bütövlükdə, Türk dünyasının inteqrasiyasını təmin edəcək Ümumtürk sinerjisinə transfor­masiya olundu. 

Ümumtürk sinerjisinin qlobal təsiri: Türk enerji strategiyası fonunda

Naxçıvandan başlayan yolun geniş geosiyasi məkanda konkret nəticələr verəcəyini bəlkə də keçən əsrin 90-cı illərində Heydər Əliyevdən başqa kimsə dərindən dərk etmirdi. Lakin quruculuq proseslərini Ulu öndər elə apardı ki, fəa­liyyət miqyasının genişlənməsi ilə dövləti missiyanın arasındakı uyğunluq qətiyyən zərər görmədi. Əksinə, hər yeni mərhələ­də öncəki mərhələnin qurucu sinerjisi öz potensialını daha da gücləndirdi. Bu məqam onu göstərir ki, Naxçıvan siner­jisi” həm də pilləvari (ierarxik) formada müstəqil dövlət quruculuğunun imkan­larını daha da genişləndirməyə imkan vermişdir. Naxçıvandakı lider-xalq birliyi uğurla Azərbaycan miqyasında lider-xalq birliyinə transformasiya olunmuş və sonuncu da bütövlükdə türk dövlətləri arasında əməkdaşlığı liderlər-türk xalq­ları miqyasında birliyi fonunda qurmağa imkan yaratmışdır. Yəni faktiki olaraq, xalqlar, dövlətlər və liderlər miqyasların­da geniş bir geosiyasi məkanda birlik ya­ranmışdır. 

Bunun nəticəsində Ümumtürk siner­jisinin qlobal təsir imkanlarından danış­maq mümkünlüyü yaranmışdır. Bu da əsasən üç istiqamətdə artıq reallaşır. Birinci istiqamət TDT-nin geniş geosiyasi məkanda iqtisadi təsirinin getdikcə güc­lənməsi ilə bağlıdır. “Bir kəmər, bir yol” layihəsinin reallaşması kontekstində hə­min özəllik Səmərqənd Zirvə görüşündən sonra daha konkret cizgilər almaqdadır. Bu istiqamətdə Azərbaycanın daha çox fəallığı müşahidə olunur. 

İkinci istiqamət TDT üzvlərinin öz aralarında əməkdaşlığı yen səviyyəyə qaldırmaqla, bütövlükdə, dünyanın digər regionlarına da təsir etməyə başlama­sında özünü göstərir. Bu prosesin təsir mexanizmi konkret layihələr əsasında digər qlobal təşkilatlar vasitəsilə reallaşır. Məsələn, Qoşulmama Hərəkatı çərçi­vəsində yeni müstəmləkəçiliyə və insan haqlarına qarşı ortaq mübarizənin artıq konkret mexanizmi mövcuddur. Onun təşəbbüskarı və qurucusu Azərbaycan­dır. Digər türk dövlətləri, xüsusilə Türkiyə bu istiqamətdə Azərbaycana ciddi dəstək verir. Bu prosesin genişlənəcəyinə şübhə yoxdur. 

Üçüncü istiqamət enerji təhlükə­sizliyinin Azərbaycan nümunəsinin indi TDT miqyasında Ümumtürk enerji stra­tegiyası kimi qəbul edilməsi və bunun­la bağlı əsasən Avropa ilə əlaqələrin yeni səviyyəyə yüksəlməsi ilə əlaqəlidir. “Türk enerji strategiyası” özündə nəqliy­yat-logistika, informasiya, hərbi təhlükə­sizlik, əməkdaşlıq dəhlizləri kompleksi, “yaşıl əməkdaşlıq” və sair kimi aspektləri birləşdirir. Bu mənada “türk enerjisi” daha geniş anlama və məzmuna malikdir ki, bu da yeni funksionallıq deməkdir. 

Belə alınır ki, Naxçıvan sinerjisi Azər­baycanın enerji strategiyasının Ümum­türk enerji strategiyası miqyasına yüksəl­dilməsində də stimulverici rol oynamışdır. Nəticədə “enerji” anlayışı yeni məna ça­larları almış və təbii enerji daşıyıcıları ilə məhdudlaşmır. Buraya artıq türk mədə­niyyətinin, mənəvi-əxlaqi dəyərlərinin, dövlətqurma üsulunun, liderlik tərzinin və əməkdaşlıq özəlliyinin məna çalarları da daxildir. 

Beləliklə, son tezis: dünya yeni bir qlobal təzahürün – Ümumtürk enerji stra­tegiyasının formalaşmasının şahididir. Bu, çox maraqlı və əhəmiyyətli dünya hadisəsidir. Türklər yeni tarix yaradırlar! Əməkdaşlıq, ədalətlilik, təhlükəsizlik və strateji davamlı inkişaf tarixi! Bu yenili­yin mənbəyi isə Azərbaycandır! Sözün həqiqi mənasında, Azərbaycan yeni dün­ya yaradır! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət