Ermənistanın yeni Qərb macəraçılığı yaxşı sonluqla bitməyə bilər

post-img

Ermənistan rəhbərliyi Cənubi Qafqazda yeni təhlükəli geostrateji oyunlara girmək istəyir. Bir sıra Qərb siyasi institutları tərəfindən yönləndirilən İrəvan hakimiyyəti unudur ki, onların yeni Qərb macəraçılığı heç də yaxşı sonluqla bitməyə bilər. Bu günlərədə İrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında razılaşmanı ratifikasiya etməsi və missiya iştirakçılarının sayının 138-dən 209 nəfərə qədər artırılması bunu deməyə əsas verir.

Bu fikirləri Milli Fikir və İnkişaf Mərkəzinin sədri Anar Turan söyləyib. 

O qeyd edib ki, bu addım, əslində, Paşinyan hakimiyyətinin parlament vasitəsilə ABŞ və Avropa İttifaqından dəstək almaq cəhdi kimi qiymətləndirilməlidir. Ermənistan baş naziri Rusiya və Qərb arasında ikili oyun oynasa da, özünü birbaşa hədəfə gətirmək istəmədiyindən parlament vasitəsilə bu addımı atır. Bəs bu missiyanın məqsədi nədir? Əslində, məqsəd aydındır? müşahidə adı altında regiondakı məlumatları toplamaq, ölkələr arasında münasibətlərə xələl gətirmək, Rusiya, İran, Türkiyə və Azərbaycan arasında olan münasibətləri izləmək və ölkələrarası münasibətlərin inkilafını ləngitmək, Azərbaycan və Ermənistan arasında sülh perspektivinə xələl gətirmək. Əlbəttə, Avropa İttifaqının müşahidə missiyasının müşahidədən daha çox intriqaları kəskinləşdirmək yolu tutulacağı heç kəsdə şübhə doğurmur. 

QHT sədri əlavə edib ki, Ermənistan bu avantürist xəyallardan əl çəkməlidir. Çünki bu ölkənin son illərdə bu cür xəyalpərəst layihələrin arxasınca gedərək hansı uğursuzluqlarla üzləşdiyini erməni cəmiyyəti də görüb. Bu baxımdan, regionda sülhə təhlükə törədə biləcək istənilən təhrikedici addımdan və missiyadan geri çəkilmək, ilk növbədə, Ermənistana fayda verəcək. Bu missiyaların hansı maraqlar naminə hərəkət etməsi və Ermənistanı hansı məhrumiyyətlərə apara biləcəyi haqda Paşinyan iqtidarı ciddi düşünməlidir.

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət